Sadəcə, həqiqəti demək... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-01-2016, 22:14 | Şərh sayı: (0) | Baxılıb: 314
Sadəcə, həqiqəti demək...
Bəli, yalansız keçinmək çətindir. Hamı nə vaxtsa, hansısa şəraitdə yalan danışmağa məcbur olub. Bu günlərdə yaşadığımız qış nağılı da şirin yalandır – ona görə ki, həyatda nə Şaxta baba olub, nə də Qar qız... Amma biz hamımız bu yalanı nə vaxtsa uşaqlarımıza demişik və istəmişik ki, onlar bu yalana həqiqətən də inansınlar...
Ona görə də bəşəriyyəti yalansız təsəvvür etmək elə də asan deyil. Əgər bir yalan bir həyatı qurtarırsa, əgər bir yalan bir həyatı azacıq da olsa yüngülləşdirirsə, onu demək olar. Yox, əgər bir yalan bir həyatın üstündən xətt çəkirsə, bir yalan kiminsə həyatını ağırlaşdırırsa, əgər bir yalan Şərə xidmət edirsə, onu söyləməmək daha yaxşıdır...
Siyasət də bəşər həyatının bir sahəsidir. Bəzən deyirlər ki, siyasət büsbütün yalan üzərində qurulub. Amma belə deyil. Sadəcə, siyasətdə də insanlar bəzən yalan danışmağa məcbur olurlar...
Məsələn, mən bizim hökumətin son günlərdə yalan danışmağa məcbur olmasını təbii sayıram – bəli, əvvəl dedilər ki, manat sabit qalacaq, onun kursu dəyişməyəcək, sonra isə üzən kursa keçdilər. Bütün dünyada belə olur – sərt iqtisadi qərarlar qəfil qəbul edilir. Onlar qəfil olmasa fəsadları daha böyük olar...
Bir növ bu, daha böyük panikanın və çaxnaşmanın, bəlkə də sosial qarşıdurmanın qarşısını almaq üçün atılmış məcburi addım idi... Hökumət də bu addımı atmalı oldu...
Buna görə onları qınamırıq. Hətta bu fikirdəyik ki, hökumət minimum daha bir dəfə də yalan danışmalı olacaq...
Amma yalan heç də həmişə xoş məram üçün danışılmır. Məsələn, mən bizim hökumət admalarını dinlməkdə davam edirəm. İstəyirəm ki, onların bütün sözlərini həqiqət kimi qəbul edim. Amma olmur. Danışırlar, danışırlar, axırda da qayıdırlar ki, bu il ədalətli və düzgün parlament seçkisi keçirdik. İstəyirəm ki, hətta buna da inanam. Amma bacarmaq, bunu etmək mümkünmü?..
Əslində biz çox şey də hökumətə güzəşt etmişik, anlamışıq ki, onlardan da asılı olmayan məsələlər var. Məsələn, elə Qarabağ problemini götürün. Artıq neçənci ildir ki, bu problem həllini tapmır!..
Bəlkə də hakimiyyətdə indiki hökumət olmasaydı, başqa birisi olsaydı və indiki hakimiyyət müxalifət olsaydı hökuməti daha çox tənqid edərdi. Amma artıq 23 il keçməsinə baxmayaraq biz yenə də Qarabağ problemilə bağlı hökuməti sərt tənqid edə bilmirik, ona görə ki, başa düşürük ki, onlardan da asılı olmayan məqamlar və reallıqlar var...
Amma hökumətdən asılı olan çox şeylər də var. Məsələn, neft dollarlarından daha səmərəli istifadə etmək olardı. Amma istifadə etmədilər...
Əsl milli barışıq və əsl milli həmrəylik yolunda ciddi addımlar atmaq olardı, amma bunu da etmədilər...
Ölkədə siyasi islahatlar aparmaq, hökumət üzərində işlək nəzarət mexanizmləri yaratmaq olardı. Bunu da etmədilər. Əvəzində nə etdilər? İndi bir çox problemlərə səbəb olan avtoritar siyasi sistemi bir az da gücləndirdilər...
Olsun. Amma bu yolun axırı heç də yaxşı şey vəd etmir... Düşünürlər ki, əgər ölkədə bir-iki para müxalifətçi olmasaydı onlara köhnə qayda ilə, “dədə-baba üsulu” ilə idarə etmək daha asan olardı...
Bəlkə də belədir. Amma bəzən problem görünməyən və ağla gəlməyən yerdən başlayır. Bəzən elə fors-major situasiyalar baş verir ki, adam lap məəttəl qalır...
Ona görə də insanlarla mümkün qədər səmimi olmaq və onlara həqiqəti demək lazımdır. İnsanlar səmimiyyəti qiymətləndirməyi və ona dəyər verməyi bacarırlar. Bəzən deyirlər ki, siyasət səmimiyyəti sevməz. Amma belə deyil...
Yadıma siyasi, daha doğrusu, seçki texnologiyaları ilə məşğul olan insanlardan bəhs edən bir ABŞ filmi düşür. Orada seçki texnoloqu namizədə axırda deyir ki, insanların qarşısına çıxın və onlarla sadəcə, söhbət edin...
İndi bizdə də insanlar sadəcə, söhbət, təsəlli umurlar. Amma biz nə edirik? Bu cür çətin vaxtlarda bunu da immitasiya edirik...
Növbəti il, 2016-cı il çətin il olacaq. Bunu təxmin etmək böyük bilik, iqtisadi məlumat tələb etmir. Biz hələ böhrana girməmişik. Onun astansında dayanmışıq. Amma böyük ehtimalla o, qaçılmazdır. İnsanlar belə bir şəraitdə də qeyri-səmimilik görsə, çətin olacaq. Elə bu səbəbdən də insanların qarşısına çıxıb, sadəcə, danışmaq və həqiqəti demək lazımdır...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər