Deputatdan böhranla bağlı təklif: Vicdan proqramı... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 16:18 | Şərh sayı: (0) | Baxılıb: 950
Deputatdan böhranla bağlı təklif: Vicdan proqramı...
Deputat Fazil Mustafa ölkədəki iqtisadi böhranla bağlı fikirləni qeyd edib, hökumətin bu vəziyyətdən çıxış yollarından yazıb.
Musavat.com xəbər verir ki, deputat öz "facebook" səhifəsində günün aktual məsələsi ilə bağlı bunları yazıb: "Devalvasiya, iqtisadi böhran, çarəsizlik, ümidsizlik fonunda bir maraqlı tendensiyanı da vurğulamaq vacibdir. Cəmiyyətin müxtəlif kəsimlərindən olan insanlar çıxış yolları ilə bağlı düşünməyə, axtarışa, layihələr hazırlmağa və təqdim etməyə başlayıblar. Unutmayaq ki, Allah insanları və millətləri həm zənginliklə, həm də yoxsulluqla sınağa çəkər. Biz ayrı-ayrılıqda insanlar olaraq və bütövlükdə bir milli-siyasi orqanizm olaraq zənginlik sınağından uğurla çıxmadıq. Fərdi olaraq da, hökumət olaraq da israfçılıq yönümüz xeyli artıq oldu. Bu illərin bir müsbət faktı o oldu ki, ölkəmizin xaos və müharibə girdabı içinə sürüklənməsi baş vermədi. Qanunsuzluqlar, özbaşınalıqlar, ədalətsizliklər oldu, ancaq bütövlükdə dövlətimizin hüdudları içində etnik, dini, siyasi və sosial qarşıdurmalar baş vermədi. İndi də bizlər ayrı-ayrı fərdlər və bütöv cəmiyyət olaraq yoxsulluqla, qıtlıqla, qeyri-sabit büdcə ilə sınağa çəkilirik. İndi ümid edək ki, şöhrət duyğusu ilə bahalı avtomobil sürmək üçün bu qədər kredit məbləğinin altına ağlı başında olanlar daha girməyəcək, mütəvazi toy və yas məclislərini keçirəcəklər, bahalı istirahətləri məhdudlaşdıracaqlar, özlərinə lazım olan kvadratda ev tikəcəklər, gündəlik həyatda sərt qənaət rejimi tətbiq edəcəklər.
İndi hər kəs bir böhran proqramı, təkliflər paketi ilə hökumətin qarşısına çıxır. Xüsusilə də bu istiqamətdə dəyərli fikirlərini paylaşan müstəqil iqtisadçıların səylərini qiymətləndirmək vacibdir. Bu həm də o deməkdir ki, nəhayət ki, hakimiyyət rıçaqları əlində olanların göyün uca qatlarından aşağı enib "ağıl ağıldan üstündür" anlayışı ilə problemlərə baxışına fürsət yaranıb. Eyni zamanda siyasi fürsətçilərin də məsuliyyətsiz çağırışlarının genişlənməsinə imkan vermədən soyuqqanlı şəkildə acınacaqlı durumdan çıxmaq üçün təcili tədbirlər görülməlidir. İndi Azərbaycana antiböhran proqramı deyil, Vicdan proqramı lazımdır. Hökumət təmsilçilərindən tutmuş sıradan vətandaşa qədər öz üzərinə düşən məsuliyyəti anlayaraq çevrəmizdə olan ölkələrdəki xaosun addım-addım bizə də yaxınlaşmasına rəvac verməməlidirlər. Hakimiyyətin iqtisadçıları içində az sayda da olsa müasir prosesləri sağlam təhlil edən və çıxış yolları barədə dəqiq təsəvvürləri olan savadlı və vicdanlı insanlar var. Bu insanlar məhz həmin Vicdan proqramı ilə hərəkət edərək siyasi iradənin məntiqli qərarlar verməsini təmin etməlidirlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər