Benzinin qiyməti ucuzlaşmayacaq, çünki... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-12-2015, 14:22 | Şərh sayı: (0) | Baxılıb: 395
Benzinin qiyməti ucuzlaşmayacaq, çünki...
İqtisadçı ekspert: “Dövlət benzin istehsalında birmənalı şəkildə monopolistdir”
Manatın devalvasiyasından, neftin qiymətinin 38 dollaradək ucuzlaşmasından sonra insanlar arasında müzakirə edilən məsələlərdən biri də bezinin qiymətinin enib-enməyəcəyi ilə bağlıdır. İnsanlar hesab edir ki, neftin qiyməti ucuzlaşıbsa, avtomatik olaraq benzinin də qiyməti ucuzlaşmalıdır.
Dünya praktikasında da bu belədir. Əgər neftin qiyməti ucuzlaşırsa, avtomatik olaraq benzinin qiyməti də ucuzlaşır və ya əksinə, neft bahalaşıbsa benzində bahalaşır. Ancaq Azərbaycanda bu baş vermir. Hətta nefti olmayan ölkələrdə belə benzinin qiyməti Azərbaycana nisbətən daha ucuzdur. Xatırladaq ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti 1 litrə görə 0,7 manat, “Premium Evro-95" markasının isə 0,95 manatdır. Tarif Şurası bir neçə gün əvvəl mətbuata açıqlamasında benzinin qiymətinin bahalaşmayacağını və bu məsələnin gündəmdə olmadığını bildirmişdi: ”Bununla bağlı heç bir müraciət daxil olmayıb. Yaxın günlərdə də enerjidaşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil".
Maraqlıdır, bəs benzinin qiyməti ucuzlaşacaqmı?
İqtisadçı ekspert Rəşad Həsənov dövlətin benzin istehsalında birmənalı şəkildə monopolist olduğunu bildirdi: “Benzinin xammalının qiymətinin ucuzlaşması son nəticədə bu məhsulun maya dəyərinin ucuzlaşmasına gətirib çıxarır. Təbii ki, normal bazar şərtləri daxilində qiymətlərin ucuzlaşması baş verməlidir ki, bu bir çox dünya ölkələrində müşahidə olunur. Hətta ən yaxın qonşu ölkələrdə, neft olmayan ölkələrdə belə hazırda benzinin qiyməti Azərbaycana nisbətdə daha ucuzdur və bu, neftin qiymətinin dəyişməsinə uyğun olaraq da azalmağa və ya artmağa davam edir. Amma məsələ ondadır ki, Azərbaycanda stend fərqlidir. Azərbaycanda dövlət benzin istehsalında birmənalı şəkildə monopolistdir.
Burada demək olar ki, özəl sektor benzinin emalı neft emalı sektorunda olmadığı üçün benzin emalında iştirak etmir. Bilirsiniz ki, benzinin emalı neft şirkəti tərəfindən həyata keçirilir və bir çox hallarda benzinin baha qiymətə satılması neft şirkətinin hansısa formada gəliri və yaxud da mənfəəti olaraq qiymətləndirilir. Əslində isə belə deyil. Neft şirkəti konkret olaraq benzin istehsalında marjaya sahibdir. Yəni neftin maya dəyəri neçəyə başa gəlirsə, bu, əvvəlki dövrlərdə də Azərbaycan üçün dəyişməmişdi, bu gün də dəyişməyib. Təbii ki, kiçik fərqlər ola bilər. Məsələn, maya dəyəri neftin çıxarılma xərcləri 12 dollar və yaxud da 12,5 dollar ola bilər. Yəni bu çox kiçik dəyişmələrdir. Amma ümumiyyətlə götürəndə, yəni neftin yerdən çıxarılması, hasil olunması şərtləri dünya bazarlarında müəyyənləşmir.
Neft çıxarıldıqdan sonra benzinin maya dəyərində müəyyən kiçik bir marja neft şirkətinin payıdır, qalanı isə vergilər və aksizlərdir. Hazırkı situasiyada hökumətin bahalı benzin siyasəti həyata keçirməsində əsas məqsəd bu istiqamətdə dövlət büdcəsinə daxil olmaların həcmini artırmaqdır. Düşünürəm ki, hazırda bu gün üçün dolların maya dəyərinin artımı digər məhsullarda bahalaşmaya səbəb olsa da, benzinin qiymətində heç bir bahalaşma baş verməməlidir. Çünki benzinin qiyməti bazar şərtləri daxilində formalaşmadığı üçün maya dəyərinin aşağı olduğu vaxtlarda hökumət bu qiyməti azaltmadısa, yəni bu günkü, gündə də hansısa kiçik təsirlər nəticəsində benzinin qiyməti qaldırılmayacaq. Düşünürəm ki, yanacağın qiymətinə hökumət tərəfindən baxılmayacaq”.
Benzinin ucuzlaşacağı ilə bağlı məsələyə gəlincə isə ekspert bunun baş verməyəcəyini dedi: “Benzinin ucuzlaşmasını gözləmək olmaz. Çünki bu qədər ciddi təzyiqlər altında, eyni zamanda ciddi itkilər qalan bir dövrdə, iqtisadi problemlərin ortaya çıxdığı bir dövrdə düşünmürəm ki, benzinin ucuzlaşması baş versin. Hələlik bu istiqamətdə sabitlik davam edəcək”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər