Hökumət alternativ iqtisadi komandanın yaradılmasına gedəcəkmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 22:16 | Şərh sayı: (0) | Baxılıb: 279
Hökumət alternativ iqtisadi komandanın yaradılmasına gedəcəkmi?
Fəzail Ağamalı: “Cənab prezidentin peşəkar iqtisadçı kadrları var”
Vahid Əhmədov: “Prezidentin yanında iqtisadi şuranın olmasına müsbət baxıram”
Qubad İbadoğlu: “İslahat üçün hökumətin bəzi üzvləri biznes fəaliyyətindən imtina etməlidir”
Manat hər gün qəpik-qəpik ucuzlaşmağa davam edir. İqtisadiyyatı idxaldan asılı olan bir ölkə kimi Azərbaycanda demək olar ki, hər sahədə bahalaşma faizləri dollarla ayaqlaşmaqdadır. Digər tərəfdən neftin qiymətinin 35 dollardan da aşağı düşməsi büdcə gəlirlərini azaldır və 2016-cı ilin büdcə proqnozlarını da sual altına alır. Biz sözlə manat üzdükcə, xalq da, hökumətdə iqtisadi böhran bataqlığında batır.
Bu məqamda bir çox ekspertlər hökumətdə alternativ iqtisadi komandanın yaradılmasının zəruriliyini önə sürürlər. Alternativ iqtisadi komandanın ictimaiyyətdə tanınan, peşəkar iqtisadçılardan ibarət bir komanda olaraq hökumətə antiböhran təklifləri hazırlaması və problemdən çıxış yollarını göstərməsi təklif edilir. Bəs, hökumət belə bir alternativ iqtisadi komandanın yaratmağa gedə bilərmi? Hökumətə yaxın dairələr buna ehtiyac görürmü?
Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirib ki, hazırda buna ehtiyac görmür: “Ölkə prezidentinin iqtisadi sferada kifayət qədər peşəkar kadrları var və bu kadrlar hakimiyyətin bütün pillələrində təmsil olunur. Bunların hər birinin vəzifəyə gətirilməsi və uzaqlaşdırılması ilə bağlı səlahiyyət də ölkə başçısının əlindədir. Ona görə də mən bu cür ideyanın reallaşmasına əsas görmürəm. Düşünürəm ki, hökumətin əlavə kadrlara ehtiyacı yoxdur. Ölkədə Qubad İbadoğlu, Vüqar Bayramov və digər bacarıqlı, peşəkar iqtisadçılar var, mən onları yüksək qiymətləndirirəm və onlara hörmət etdirəm. Bu artıq ölkə prezidentinin səlahiyyətinə aid olan məsələdir. Əgər ehtiyac olarsa, yəqin ki, onların da potensialından istifadə olunacaq. Vaxtilə Azər Əmiraslanov gənc iqtisadçı kimi Milli Məclisdə deputat olaraq seçildi, sonra onun potensialından daha yüksək vəzifədə istifadə edildi. Bu təcrübə var və birbaşa ölkə prezidentinin səlahiyyətinə aid olan məsələdir”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə belə bir iqtisadi komandanın yaradılmasının tərəfdarı olduğunu vurğuladı: “Bütün səlahiyyətlər hökumətin əlindədir. Dövlət başçısı da hökumətə göstəriş verib ki, devalvasiyadan sonra yaranmış vəziyyətlə əlaqədar olaraq planlar hazırlansın və təqdim edilsin. Bildiyimə görə, hazırda hökumətdə bu istiqamətdə iş gedir. Bununla əlaqədar, biz də İqtisadi siyasət komitəsi olaraq təkliflər vermişik. Ümumiyyətlə, cənab prezidentin yanında bir iqtisadi şuranın yaradılmasının tərəfdarı olmuşam. İqtisadçı ekspertlərdən ibarət bir iqtisadi şura yaratmaq lazımdır ki, mütəmadi olaraq bu işlərlə məşğul olsunlar. Ancaq iqtisadi komandanı yaratmaqla problem həllini tapmayacaq. Çünki, problemlər həddindən artıq çoxdur”.
İqtisadçı ekspert Qubad İbadoğlu isə bu məsələdə hökumətlə əməkdaşlığa hazır olduğunu, əhalinin rifahı üçün bütün potensialını ortaya qoyacağını bildirdi: “Hökumət təklif etsə də, etməsə də, bu komandada təmsil olunub-olunmamağımdan asılı olmayaraq Azərbaycan iqtisadiyyatının indiki vəziyyətdən çıxarılması üçün təkliflər paketini yaxın zamanlarda təqdim edəcəyəm. Mən Azərbaycan vətəndaşının sosial təminatının yaxşılaşması, iqtisadiyyatımızın güclənməsi, dövlətin iqtisadi gücünün artması üçün hər hansı təklif olarsa, orada varam. İstənilən halda hər bir iqtisadçı Azərbaycanın gələcəyi üçün nə qədər töhfə verə bilərsə, onu etməlidir. Çünki mən bunu gedib Mərkəzi Asiya ölkələrində edirəmsə, iqtisadi təkliflərimlə həmin ölkələrin böhran vəziyyətindən çıxmasına yardım edirəmsə, bunu öz vətənim üçün niyə etməyim. Bu iqtisadi böhranda əziyyət çəkənlər mənim soydaşlarımdır. Bu baxımdan iqtisadiyyatda nə qədər bilik tələb olunursa, biz qazandığımız təcrübə və bilik əsasında o təklifləri verməyə hazırıq”.
Q.İbadoğlu hazırda belə bir komandanın yaradılmasına ehtiyac olduğunu təsdiqləsə də, bunun hər şeyi həll etmədiyini də vurğuladı: “Yaxşı olardı ki, məşvərət üçün, ən azı müzakirələr aparmaq üçün müəyyən iqtisadçıların köməyi ilə anti-krizis proqramı qəbul edilsin. Bu həm ictimai dəstəkdir, həm də xalqın hökumətə etimadını yüksəldə bilər. Ancaq bununla kifayətlənməyə dəyməz. Bu, bir başlanğıcdır. Ən vacib məsələ ondan ibarətdir ki, bu islahatları aparmaq qabiliyyətinə malik olan hökumət formalaşdırılmalıdır. Ən azı hökumətin bəzi üzvləri biznes fəaliyyətindən imtina etməlidir. Çünki bu islahatları aparmaq məsuliyyətini öz üzərlərinə götürüblərsə, öz nəzarət etdikləri bizneslə bərabər bu işin öhdəsindən gələ bilməyəcəklər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər