Xalqın (re)animasiyası |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:05 | Şərh sayı: (0) | Baxılıb: 240
Xalqın (re)animasiyası
Deyəsən Azərbaycanda artıq islam inqilabı baş veribdir, uca millətimizin xəbəri yoxdur. Hər halda bir çox dükanlardan spirtli içki məhsullarının yoxa çıxmasının ayrı səbəbini tapa bilmirəm. Əgər kartla satılacaqsa, niyə satılmır? Əgər vergidən gizlədirlərsə, deməli, qabaqlar bu məhsulların satışından heç bir vergi tutulmurdu? Əcaib ölkədir. Mat qalmalı yerdir. Bir normal dövlət idarəsi də yoxdur ki, sualını verib cavab istəyəsən. İndi neyləyək, pivə almaq üçün də ASAN-xidmətə gedək?
İslam inqilabı demişkən, haşiyə çıxaraq Nardaran ağsaqqalı Məşədi Natiqin həbsinə də münasibət bildirim. Məşədinin həbsi cəmiyyətin bir çox kəsimində qəzəblə qarşılanıb, çünki ağsaqqal və xəstə adam idi, üstəlik konflikt yatırdan xarakteri vardı, həmişə danışıq, barışıq tərəfdarı kimi özünü aparırdı. Belə adamları tutmaqla yapistlər əslində radikalları körükləyirlər, qarşıdurma və nifaq, “parçala, hökm sür” siyasəti apardıqlarını isbat edirlər.
Eyni zamanda, rejim növbəti dəfə riyakarlıq edir. Öz vətəndaşını ayaqlayıb başqa dövlətdən qorxduğunu dolayısı ilə göstərir. Əks halda, Məşədinin həbsinə səbəb kimi “xarici dövlətin xüsusi xidmət orqanlarına işləmək” ittihamı nəyin əlamətidir? Niyə bu xarici dövlətin adı açıqlanmır? İran deməyə qorxurlar çünki. Bəlkə heç İran deyil, Məşədi Burundi dövlətinə işləyirmiş? Bu qədər saxtakarlıqla hara gedəcəksiniz? Repressiya maşınına tökməyə neft də qalmayıb.
Təzəlikcə bir siyasi məhbusun da başına oxşar oyun açmışdılar. Cibinə nəşə atıb tutmuşdular, elə məhkəmə sənədində “aşkar edilmiş marixuanadan” bəhs olunmuşdu, ancaq həmin qərarın başqa yerində “həmin heroinin mənbəyini müəyyən etmək üçün həbsdə qalmalıdır” yazmışdılar. Sanki adam polisin tutub apardığı müddətdə marixuananı cibindəki laboratoriyada heroinə çevirmişdi.
Nazirlər Kabinetinin toplanıb guya böhrana qarşı müşavirə keçirilməsi isə eynilə iki karın dialoquna bənzəyirdi. Yəqin xatırlayarsınız:
“- Hara gedirsən, bazara?
- Yox, bazara gedirəm.
- Mən də elə bildim bazara gedirsən"
Əks halda, rəhmətlik Fərhad Əliyevdən qalan “Hamı yerli mal alsın, Xeyir vətənə qalsın” tipli şüarlarla devalvasiyanı yola vermək cəhdinin uğursuzluğunu bunlar görmürmü? Deyir süni qiymət artımı olmaz, yerli məhsullar bahalaşmamalıdır. Nə təhər axı? Hanı o yerli məhsullar? Ölkənin ən böyük ərzaq monopolisti “Azərsun” xaricdən xammal gətirib burda qablaşdırdığını, o üzdən bahalaşmanın qaçılmaz olduğunu keçən ildən etiraf edibsə, qiymətləri qaldırıbsa bu tamaşa kimin qarnını doydura bilər? Kimi aldadırsınız - hər gün dükana, bazara gedib qiymətlərin saatbasaat qalxdığını görən adamları? Biz axı AzTV ekranında yaşayan cizgi filmi qəhrəmanları deyilik, real adamlarıq. Ətimiz, qanımız var, yeriyirik, yemək yeyirik, geyim alırıq, ocaq yandırırıq. Əgər bu multiklərlə xalqı reanimasiyadan çıxarmaq mümkündürsə, NK-nın adını Pixar qoyun.
Bu yerdə poçtumda yaddan çıxıb qalmış çox köhnə - 2014-cü ilin sentyabrına aid oxucu məktubunu dərc edirəm. Sabir Əlisgəndərov (ümid edirəm gec dərc etdiyim üçün hörmətli Sabir bəy inciməz) yazır:
“Mən sizin yazılarınızı neçə illərdir ki, müntəzəm oxuyuram. Müsavatın bu günkü sayındakı yazınız da ürəyimdən xəbər verdi. Təəssüf ki, ”boş şeydir" ifadəsini əhali arasında tez-tez eşidirik. Ancaq istəyirəm bu ifadədən daha çox populyar olan “problem yoxdur”u yadınıza salım. Şair Gəray Göyyurd demişkən, Qarabağ boyda dərdi olan, problemləri başından aşan bir ölkənin əhalisi addımbaşı deyir ki, problem yoxdur.
Yurdun sərvətinin xalqa xeyri yox,
Bu var ürəklərə oxdu deyirlər.
Problem olsa da Qarabağ boyda
Hər kəlmə problem yoxdu deyirlər".
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər