Fermerlər niyə torpaqdan xeyir götürə bilmirlər? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-10-2015, 18:12 | Şərh sayı: (0) | Baxılıb: 391
Fermerlər niyə torpaqdan xeyir götürə bilmirlər?
Kənd təsərrüfatı ilində belə ölkədə kənd təsərrüfatının durumu bərbaddır. Son olaraq açıqlanan pambıqçılıqla məşğul olan fermerlərin iflas həddində olmasıdır. Üstəlik, ölkədə taxıl idxalı artıb. Bildirilir ki, fermerlər daha taxıl əkməkdə də maraqlı deyillər.
Manatın devalvasiyasından sonra fermerlərin taxıl sahələrini azaltmaq fikri aktuallaşıb. Sahibkarlar söhbət əsnasında tez-tez vurğulayırlar ki, torpaqdan xeyir, gəlir götürə bilmirlər. Artıq əkin-biçin gəlirsiz bir sahəyə çevrilib. Eyni fikirləri meyvə-tərəvəz yetişdirən fermerlər də qeyd edirlər. Ekspertlər isə fermerləri torpaqdan uzaqlaşdıran səbəbləri açıqlayırlar.
Ekspert Qadir İbrahimlinin sözlərinə görə, səbəblər arasında birincisi fermerlərin istehsal etdikləri məhsulların satış bazarı probleminin olmasıdır: "Yəni onlar məhsullarını sata bilmirlər. Bu baxımdan, istər taxılçılıqda, istər meyvəçilikdə, məhsul bazarında, sektorunda eyni vəziyyət var. Tutaq ki, Qubada fermerlər yetişdirdikləri almanı sata bilmirlər, ciddi satış problemləri var. Bu problemlərin də müxtəlif səbəbləri var. Satış bazarları müəyyən monopoliyaların əlindədir. Başqa sərbəst oyunçuların bazara daxil olmasını istəmirlər. Elə şərait yaradılır ki, fermer normal, rentabelli işləyə bilməsin, monopolistin diqtə etdiyi qiymətlərlə işləsin. Əksər hallarda da bu, fermerə sərf etmir. Eyni vəziyyət taxılçılıqla bağlı da mövcuddur, həmçinin digər sahələrdə də vəziyyət oxşardır. Üstəlik, kənd təsərrüfatı ilə məşğul olan fermerlər dövlətdən lazım olan dəstəyi görmürlər. Dünyada kənd təsərrüfatı sektoru bir qayda olaraq az rentabelli sektor sayılır. Ona görə də dövlət bu sektoru daim subsidiyalaşdırır. Birbaşa və ya dolayısı ilə yardımlar edir ki, həmin fermerlər fəaliyyətlərini davam etdirməkdə maraqlı olsunlar.
Azərbaycanda təkcə torpağa görə hər hektarına 40 manat subsidiya nəzərdə tutulur ki, bu da fermerlərin ehtiyacları üçün yetərli deyil. Həmin 40 manat subsidiya da əksər hallarda əkin başa çatandan sonra verilir. Bu, əkin vaxtı verilməlidir ki, fermerlər ehtiyaclarını qarşılayıb əkin prosesini normal şəkildə həyata keçirə bilsinlər. Ümumiyyətlə, Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişaf tempi də zəifdir. Problemlər də olduğundan, fermerlər torpaqdan səmərəli istifadə etməkdə maraqlı olmurlar".
Ekspert Natiq Cəfərli isə qeyd edir ki, problemlər çoxdur və bir neçə hissəyə ayrılır: "Birincisi, hökumət və dövlət strukturları ilə bağlı problemdir. Biz dəfələrlə xəbərdarlıq etmişdik ki, əraziyə görə stimullaşdırma proqramının qəbulu çox primitivdir. Gələcəkdə ciddi problemlərə səbəb olacaq. Həm korrupsiyaya səbəb olacaq, həm də ümumiyyətlə işi stimullaşdırmır. Fermerlərin stimullaşdırılmasına xidmət etmir. Çünki kimin nə qədər ərazisi varsa, o ərazidə əkdiyi məhsulun həcminə və növünə görə subsidiya alır. Fermer taxılçılıqda 80 manat, digər məhsullarda 40 manat dəstək alır hökumətdən. Bu isə onların gələcəkdə çox və keyfiyyətli məhsul götürməsini xeyli dərəcədə aşağı salır. Son məhsula görə stimullaşdırma proqramı qəbul olunmalıdır. Son məhsulun həcminə və keyfiyyətinə görə dövlət tərəfindən dotasiyaların ödənilməsi vacibdir. Onda fermerin məsuliyyəti və marağı artacaq. Daha çox və daha keyfiyyətli məhsul istehsal edəcək ki, qoyduğu xərcləri çıxara bilsin. İkinci problem odur ki, Azərbaycanda torpaq islahatı aparılarkən, səhv bir yol tutuldu ki, torpaq paylarının ayrılması çox kiçik fermer təsərrüfatlarının yaranmasına gətirib çıxartdı. Torpaq sahəsi nə qədər kiçikdirsə, orada qoyulan xərclərin həcmi sonda maya dəyərinin yüksək olmasına gətirib çıxarır. Bir çox ölkələrin praktikası göstərir ki, böyük fermer təsərrüfatları daha çox rentabelli işləyir. Azərbaycanda torpaq islahatından sonra da ya insanlar paylarını satdılar, ya icarəyə verdilər, ya da boş qaldı. Böyük ərazilər iri məmurlara çatdı.
Bu da çox ciddi təsir göstərir stimullaşdırma məsələsinə və istehsalın aşağı düşməsinə. Üçüncü amil həm yerli, həm xarici bazara məhsulların çıxarılmasının qarşısında olan əngəllərdir. Daxili bazarda həm yol xərclərinin artması, həm yol polislərinin, nəqliyyat müfəttişlərinin müdaxilələrinə məruz qalması, mal daşımalarında problemlərin yaşanması, artıq rayon nömrəli maşınların Bakıya buraxılmasında yaranan qadağa-maneələr onların daxili bazara çıxışına problemlər yaradır.
Fermerlər mallarını ucuz qiymətə alverçilərə verməyə məcburdurlar. Xarici bazarda isə həm yol, nəqliyyat xərcləri, həm gömrükdə olan maneələr var. Bizim Rusiya kimi daxili bazarı böyük həcmdə olan qonşumuz var, tələbat var Rusiyada. Son ilyarımda Rusiya xaricdən, Avropadan gətirilən mallara, ərzaq məhsullarına embarqo qoyub və Azərbaycan üçün böyük bazar fürsəti yaranmışdı. Azərbaycan normal siyasət yürütsəydi, hökumət fermerlərə dəstək versəydi, Azərbaycan fermerləri daha böyük həcmdə mal çıxara bilərdilər Rusiya bazarına. Amma bu, baş vermədi. Yəni bütün bunlar enində-sonunda indiki vəziyyətə gətirib çıxarır. Fermerin işləmək üçün ciddi marağı olmur. Nəticədə insanlar öz rayonlarını tərk edib Bakıya, Abşeron yarımadasına gəlirlər ki, iş tapsınlar, dolanışıqlarını təmin edə bilsinlər. Getdikcə bu problemlər daha da dərinləşəcək. Çünki Azərbaycanda gələn ildən etibarən büdcədə yaşanan problemlərlə bağlı xərclərin azaldılması ola bilər. Ola bilsin, fermerlərə ayrılan subsidiyalara da təsir göstərsin. Onsuz da qeyri-effektiv olan subsidiyalar azaldılsa, gələcəkdə torpaqda çalışmaq maraqsız olacaq. Bu sahə ilə məşğul olmaq üçün ciddi proqram sənədləri hazırlanmalıdır".
"Yeni Müsavat"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər