Böhrandan qurtuluş varmı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 21:22 | Şərh sayı: (0) | Baxılıb: 362
Böhrandan qurtuluş varmı?
Doğrudanmı sadə, həm də şox acı bir həqiqəti – ölkədə yetişdirilən taxılın qida üçün yararsız olduğunu bilmək üçün bu qədər məşəqqətli proseslərdən keçmək lazım idi? Niyə görə biz həmişə çox acı və məşəqqətli xəbərləri ağır durumlarda eşitməliyik?..
Doğrusu, mən hələ də bu məsələnin əsl məğzini özüm üçün aydınlaşdıra bilməmişəm. Hamı kimi mənim də ağlıma gələn ilk fikir bu oldu ki, əcaba, axı bizim özümüzün yerli taxıl yetişdirənlərimiz və strateji taxıl ehtiyatlarımız var!..
Bu vaxta qədər hamı kimi mən də eşitmişdim ki, taxıl ehtiyaclarımızı əsasən yerli istehsalın hesabına təmin edirik. Həm də eşitmişdim ki, çətin günlər üçün bizim hətta taxıl fondumuz da var...
Demirəm ki, bunların heç biri yoxdur. Sadəcə, bu günlərdə telekanallarda çalışan həmkarlarımızın sayəsində məlum oldu ki, vəziyyət bizim düşündüyümüz kimi sadə də deyil – onların dediyi bu, oldu ki, biz hələ də taxılın böyük hissəsini xaricdən idxal edirik! Yerli taxıla gəldikdə isə, onların dediyinə görə, o, qida üçün o qədər də yararlı deyil...
Mən hələ də ümid edirəm ki, burada nəsə bir yanlışlıq var. Amma bu bir-iki gündə “od tutub yanan” mağazalarda çörəyin qiyməti artmasa da çəkisi azacıq da olsa, azaldı. Ən maraqlısı odur ki, deyirlər ki, guya çörəyin qiyməti bahalaşmayıb. Amma bu, absurddur – çəki azalıbsa, bu, o deməkdi ki, əvvələr bir çörək alan adam indi ikisini almalı olacaq...
Ümumiyyətlə isə, böhran artıq caynaqlarını hamının boğazına ilişdirməkdədir. Onu elə bir şərtlərlə bağlayırlar ki, bunlar adamı daha da qeyzləndirir: bəs bu vaxta qədər ölkə iqtisadiyyatının yüksək rəqabət indeksi haqqında deyilənlər, iqtisadiyyatın qeyri-adi, hətta analoqu olmayan inkişafı haqqında söylənilənlər nə olsun?..
Bu gün yalnız bir şey söyləmək mümkündür: bu illər ərzində biz sabit dəyərli manat formalaşdıra bilməmişik, sabit iqtisadiyyat yarada bilməmişik...
Artıq böhrana girdik... Yeri gəldi-gəlmədi, əsaslı oldu-olmadı, bütün malların və xidmətlərin qiyməti artıb. İnsanlar bu artımın ardınca zorla sürünür, onunla güclə ayaqlaşırlar. Ən dəhşətlisi isə odur ki, bu, hələ son hədd deyil. Neft bahalaşmasa, dövlətin gəlirləri artmasa, proses dərinləşməkdə və biz daha ağır böhrana yuvarlanmaqda davam edəcəyik...
Nə etmək olar? Belə hallarda adətən deyirlər ki, daha dərin liberallaşmaya, daha dərin inhisarsızlaşdırmaya və daha dərin özəlləşdirməyə ehtiyac var! Bu gün baxmaq lazımdır, əgər ölkənin üzərində yük olan sahələr qalıbsa, onları özəlləşdirmək lazımdır. Bu proses həm də ciddi liberallaşma və inhisarsızlaşdırma ilə müşayiət olunmalıdr...
Amma biz inhisarçılığın üzərinə gedə bilmirik. Ölkə iqtisadiyyatını xəstə bir orqanizmlə müqayisə etsək, dərhal görərik ki, onun əsas mərəzi inhisarlardır.
Bu vəziyyət ona görə qalır ki, əsl liberallaşma apara bilmirik və ölkədə sağlam bazar yarada, iqtisadiyyatı məmurların caynaqlarından qurtara bilmirik və özümüzü də elə göstəririk ki, bu sahədə guya böyük işlər görürük! Halbuki bir böyük həqiqət var və biz onu heç cür qəbul edə bilmirik. O həqiqət isə budur ki, heç bir hökumət özü-özünə nəzarət edə bilməz...
Liberallaşmadan söhbət düşmüşkən, ölkədə qiymətlərin formalaşma mexanizmi, qiymətlərin formalaşma trayektoriyası axıra qədər izlənilmir. Gəl, bəlkə də hakimiyyətdə olanların hamısı bir sualın cavabını gözəl bilir: niyə görə qiymətlər bu qədər yüksəkdir?.. Biz əsasən idxal edən ölkəyik. Mallar və məhsullar ölkəyə kənardan daxil olur. Sadəcə, baxmaq lazımdır ki, onlar ölkəyə daxil olanda hansı instansiyalardan keçirlər?..
Amma baxacaqlarmı? Nəzərə alacaqlarmı? İnanmırıq... Artıq necənci dəfədir ki, eyni prosesi yaşayırıq! Necənci dəfədi ki, eyni çətinliklərdn keçirik! Amma heç kim bir suala cavab vermək istəmir: bu ölkədə qiymətlər necə formalaşır?..
Aydın məsələdir ki, mallar və məhsullar ölkəyə ucuz qiymətə daxil olarsa, o halda onların satış qiyməti də ucuz olar...
Ona görə də düşünürsən ki, əgər biz belə sadə həqiqətləri görmək istəmiriksə, hələ çox böhranlar silsiləsi yaşayacağıq. Belə psixologiya ilə, daha doğrusu, bizi idarə edənlərin bu cür psixologiyası ilə hələ uzun müddət normal iqtisadiyyat qura bilməyəcəyik. Ona görə ki, bizi idarə edənlər ölkəyə özlərinin bir bazarı kimi baxır və bütün situasiyalarda bir şey güdürlər – yalnız çox qazanmaq...
Bunların qayğısı odur ki, maksimum özlərinə ziyan dəyməsin! Cəmiyyət necə olacaq? İnsanlar nə edəcək? Bunlar onlar üçün maraqsızdı. Bütün bunlar onlar üçün əhəmiyyətsizdir...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər