Yerli məhsullar niyə baha satılır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 01:28 | Şərh sayı: (0) | Baxılıb: 400
Yerli məhsullar niyə baha satılır?
İqtisadçı ekspert: “İdxal olunan məhsulların maya dəyəri bütövlükdə valyutadan asılıdır”
Manatın devalivasiyasından sonra ərzaq məhsullarının qiyməti demək olar ki, yarıbayarı bahalaşdı. Bir çox məhsulların xaricdən gətirildiyini deyib, buna görə də qiymətinin bahalaşdığını deyən satıcılar yerli məhsulların qiymətinin bahalaşmasını da müxtəlif səbəblərlə izah etdilər. Öncə bir neçə marketə baş çəkib yerli məhsulların qiymətləri ilə tanış olduq.
Bir neçə gün öncə 15 qəpikdən 18 qəpiyə qalxan yerli kənd yumurtası indi 20-30 qəpiyə satılır. Çəki ilə 50 qəpiyə satılan un indi 70 qəpik, qablaşmada 90 qəpiyə satılan unlar 1 manat 50 qəpiyə satılır. Həmçinin yerli pomidorun qiymətində 1 manat, xiyarda 50 qəpik, soğanda 30 qəpik, kartofda 40 qəpik, kərə yağlarında növündən asılı olaraq 80 qəpiyə qədər, duru yağlarda 40 qəpik bahalaşma var.
Yerli sularda, meyvə şirələrində də 20 qəpik bahalaşma müşahidə olunur.
Satıcıya yerli kənd yumurtasının niyə baha satıldığını, bunun xaricdən gətirilmədiyini söylədikdə, satıcı bu yumurtaların ərsəyə gəlməsində xaricin də rolu olduğunu dedi: “Yumurtalar asanlıqla ərsəyə gəlmir. Toyuqların yemi, preparatları xaricdən gətirilir. Ona görə də qiymətləri bahadır. Həm də yumurta azlıq təşkil edir”.
Pomidor satıcısı isə dedi ki, hər bir məhsulun qiyməti artdığı üçün pomidoru baha satır: “Mən pomidoru ucuz qiymətə satıb ailəmi nə ilə dolandırım. Həmin qazandığım pula indiki bahalıqla nəsə almaq mümkündürmü? Ona görə də hər şey bir-biri ilə əlaqəlidir. Xırda bir bahalıq bütün məhsullara təsir edir”.
Mağazalarda yerli istehsal olan “Azərsun”un məhsullarının hansı səbəbə görə bahalaşmasına gəlincə isə “Azersun Holding” MMC İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afiq Səfərov “modern.az” saytına səbəb kimi xammalın xaricdən alındığını göstərib: “Xammalın 80-90 faizə yaxınını xaricdən alırıq. Çünki, ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq”.
“Azersun Holding” bahalaşmaya getməyə məcbur olduğunu bildirib: “Biz lazım olan məhsulu valyuta ilə alıb emal ediriksə, buna getməliyik. Çünki növbəti dəfə məhsul sifariş vermək üçün dollar almaq məcburiyyətindəyik. Və həmin an tənzimləməyə getməsək, qiyməti bazara uyğunlaşdırmasaq, növbəti dəfə üçün sifariş verdiyimiz xammalı ala bilməyəcəyik. Nəticədə minlərlə insan işsiz qalacaq, bazarda isə qıtlıq yaranacaq. Bizim insanımız düşünür ki, məhsul Azərbaycanda istehsal olunursa, niyə bahalaşıb? Anlamırlar ki, lazımlı xammal idxal olunur”.
Qeyd edək ki, bir sıra un məmulatlarının da qiymətində bahalaşma müşahidə etdik. Əvvəllər 20 qəpiyə satılan peraşki indi 30 qəpiyə, 50 qəpiyə satılan xaçapuri 1 manata, 30 qəpiyə satılan şorqoğalı 50 qəpiyə satılırdı. Dönərlərin qiymətində isə hələ ki, artım müşahidə etmədik. Hər zaman olduğu kimi satıldığı yerdən asılı olaraq dönər bəzi yerlərdə 1 manat 50 qəpiyə, bəzi yerlərdə isə 2 manat 50 qəpiyə satılır. Un məmulatlarının bahalaşma səbəbinə gəlincə isə satıcılar bunu unun və kartofun bahalaşması ilə izah edirdilər.
Maraqlıdır, ölkədə istehsal olunan ərzaq məhsullarının qiymətinin bu dərəcədə bahalaşmasının səbəbi nədir? Axı bu məhsullar xaricdən gətirilmir, dolların qalxması necə təsir edə bilər?
Suallarımızı cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov idxal olunan məhsulların maya dəyərinin xarici valyutadan asılı olduğunu və buna görə də bahalaşma baş verdiyini dedi: “Əgər milli valyuta dəyərini itirirsə, ölkəmizdə istehsal olunan məhsulların bahalaşması doğrudur. Təbii ki, idxal olunan məhsulların maya dəyəri bütövlükdə valyutadan asılıdır. Ölkədə istehsal olunan məhsulların qiymətində artım baş verirsə bunun müxtəlif səbəbləri var. Birincisi bu məhsulların böyük bir qismi xammalın istifadəsi baxımından idxaldan asılıdır. Yəni adi meyvə şirələrindən süd məhsullarına qədər, hətta quşçuluq təsərrüfatı məhsullarının hər birinin maya dəyərinin müəyyən bir hissəsi idxaldan asılı vəziyyətdədir. Xaricdən gətirilmiş texnologiya, xammal, biznesin inkişaf etdirilməsi üçün xarici valyuta ilə götürülmüş kreditlər də qiymətlərə təsir edir. Fərdi təsərrüfata gələndə, məsələn kənd yumurtasının da qiyməti bahalaşıb, halbuki bu yerli istehsaldır. Kənd yumurtasnın baha qiymətə satılmasına səbəb təsərrüfat yumurtası istehsal edənlərin qısa müddət sonra yemi baha almasıdır. Həmçinin kənd yumurtası istehsal edən marjasını artırmalıdır. Çünki bu adamın sabah bazardan evi üçün alacağı bütün məhsulların qiyməti bahadır. Əgər bu adam əvvəl 500 manat məbləğində gəlir əldə edirdisə, bu ailənin xərclərini görürdüsə, bu gün həmin şəxs artıq 600-700 manat qazanmalıdır. Bunun başqa yolu da yoxdur. Broyler məhsulları Azərbaycanda yeganə sahələrdən biri hesab olunur ki, son dövrlərdə bu sahədə ciddi nailiyyətlər əldə olunub. Hazırda quşçuluq məhsullarına olan tələbatın 100 faizini ödəmək gücündədir. Amma məsələ ondadır ki, 83 faiz maya dəyəri xarici valyutadan asılıdır. Çünki damazlıq yumurtaya qədər xaricdə istehsal olunur, yem xaricdən gəlir. Onlara lazım olan preparatlar, texnologiya xaricdən gəlir. Digər səbəb isə odur ki, ölkədə iki milyon yarım insanın kredit borcu var. Kreditlərin böyük bir qismi, təxminən 7 milyard 200 minə yaxını xarici valyutadadır. Buna görə də xarici valyutada olan borclar bahalaşıb. Bu borcu geri qaytarmaq lazımdır. Mən o yanaşmanı doğru hesab etmirəm ki, yerli istehsal, idxal yaxud da yerli şirkətin anbarında olan məhsulun nə üçün bahalaşdığını deyirlər. Bahalaşmalıdır, ona görə ki, şirkətin xarici valyutada öhdəliyi, krediti var. Həmçinin məhsulun satışından sonra xarici tərəfdaşlarına ödəniş etməlidir. Bu ödənişləri etmək üçün isə bazardan valyuta almalıdır. Bunu da baha qiymətə alacaq. Burada başqa çıxış yolu yoxdur. Bu da məsələnin həlli deyil”.
Ekspert qiymət tənzimləməyin yeganə yolunun gömrükdə ciddi islahatların aparılması və rəqabət mühitinin yaradılması olduğunu dedi: “Məsələ ondadır ki, proses baş verdi, qiymətlər bahalaşır. Bunu tənzimləməyin yeganə yolu liberal iqtisadiyyata keçid, xüsusilə gömrükdə ciddi islahatlar, idxalla, ixracla bağlı bütün problemlərin aradan qaldırılmasıdır. Rəqabət mühiti artarsa, bu zaman idxal indiki faizindən xilas olar. Digər tərəfdən rəqabət mühitinin artması nəticəsində daha çox çeşidli, keyfiyyətli və aşağı qiymətli məhsulların ölkəyə gətirilməsində biznes marağı olar. Digər tərəfdən rəqabət nəticəsində biznes öz marjasını azaldar. Əgər əvvəl biznesmen 20 faizə işləyirdisə, rəqabət bunu 10 faizə gətirib çıxardar. Bunlar son nəticədə bazar qiymətlərinin tənzimlənməsinə gətirib çıxarar. Əks halda biz bu kimi iddialarla sadəcə olaraq biznesi, vətəndaşı çökdürə bilərik. Həmçinin iş yerləri ixtisar ola bilər, iflaslar ard-arda başlaya bilər. Ümumiyyətlə götürəndə biznesin aktivliyinə heç bir maraq olmaz. Bu zaman da məhsul, ərzaq çatışmazlığı ölkədə baş alıb gedər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər