Yerli məhsullar niyə bahalaşır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 08:52 | Şərh sayı: (0) | Baxılıb: 316
Yerli məhsullar niyə bahalaşır?
“Hökumət anlayır ki, artıq bahalaşmanın qarşısını inzibati yolla almaq mümkün deyil”
Manatın kəskin devalvasiyaya uğraması ilk nöbvədə özünü bazarlarda qiymətlərin sıçrayışla artmasına göstərdi. Xaricdən gətirilən məhsullarla yanaşı yerli məhsullarda da təxminən 50 faizlik bahalaşma müşahidə edildi.
Təbii ki, bu məqamda xaricdən gətirlən məhsulların bahalaşması qaçılmaz id. Çünki, xarici bazardan dollar və avro ilə alınan məhsulun qiyməti manat ifadəsində avtomatik qalxmış oldu.
Lakin təəssüf doğuracaq başqa bir məqam yerli sənaye və kənd təsərrüfatı məshullarının da bahalaşması idi. Manatın devalvasiyasının həmin məhsulların qiymətinə birbaşa təsiri olmadığından yerli məhsulların bahalaşması etirazla qarşılandı. Bu satıcıların və iş adamlarının subyektiv addımı kimi qiymətləndirildi.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında yerli məshulların qiymətinin artmasının obyektiv səbəblərindən danışdı. Ekspert bildirdi ki, yerli məhsulların da qiymətlərinin qalması normaldır və bunun iki obyektiv səbəbi var: “Birincisi, yerli istehsal olan məhsulların xammalının əksəriyyəti xaricdən gətirilir. Mağazalarda gördüyümüz, bizə yerli istehsal adı altında təqdim olunan məhsulların böyük əksəriyyəti sadəcə burada qablaşdırılır. Ancaq hətta qablaşdırmada istifadə olunan yapışqan maddəyə qədər hər şey xaricdən gətirilir. Bu çay məhsullarına da aiddir, süd məhsullarına da aiddir, şəkər məhsullarına da aiddir. Şəkər Azərbaycan məhsulu adı altında istehsal olunur. Ancaq gömrük bəyannaməsinə baxanda görürük ki şəkər xaricdən gətirilir və burada qablaşdırılır. Bu səbəbdən malın maya dəyir artırsa, onun satış qiyməti də artmalıdır. Çünki, xammalı xaricdən dollarla alınır”.
N. Cəfərlinin sözlərinə görə, ikinci bir səbəb ondan ibarətdir ki, fermerin, kəndlinin, sahibkarın da xərcləri artıb və o qazandığı pulu əvvəlkindən baha olan bazarda xərcləməyə çalışacaq: “İqtisadiyyatın hər bir sahəsində bahalaşma gedir. Elektronikadan paltara qədər, ərzaqdan avtomobilə qədər hər şey bahalaşıb. Azərbaycanda corab belə istehsal olunmur, bunu da xaricdən alırıq. Yəni, fermer məhsulunu köhnə qiymətlə satsa əldə etdiyi vəsaitlə bazarda heç nə ala bilməyəcək. Çünki, onun qazandığı pulun dəyəri azalıb. Bu da yerli məhsulların bahalaşmasının əsas səbəblərindən biridir. Bu bahalaşmanın minimuma endirilməsinin yeganə yolu inzibati yollarla nəzarətin, dövlət orqanlarının müdaxilələrinin artması ilə yox, sağlam rəqabətli mühitin yaradılması ilədir. Sağlam rəqabətli mühit yaratmadan ancaq inzibati yollarla nə yerli, nə xarici məhsulların qiymət artımının qarşısını almaq mümkün deyil.
Bunun üçün ölkədə mülkiyyət toxunulmazlığı olmalıdır, ölkədə azad məhkəmələr olmalıdır. İqtisadi islahatın əsas komponenti hüquqi islahatlar olmadan heç bir investor bazarda investisiyasını artırmaq istəmir. Artıq elə bir mərhələdəyik ki, vergi-gömrük güzəştləri ilə iqtisadi problemləri həll etmək mümkün deyil. Artıq institutsional islahatlara ehtiyac var. Ona görə də, yerli məhsulların da, xaricdən gətirilən məhulların da qiyməti obyektiv olaraq qalxacaq".
Maraqlı məqamlardan biri də odur ki, birinci devalvasiyadan fərqli olaraq son devalvasiya zamanı qiymətlər dərhal, elə həmin günün axşamı qaldırıldı. Lakin fevral ayındakı devalvasiyada bu müşahidə edilməmişdi və hökumət inzibati yolla bahalaşmaya qarşı kəskin mübarizə aparırdı. Bəs, bu dəfə nə üçün oxşar hal baş vermədi və dekarın 22-də bazarda bütün qiymətlər qaldırıldı?
İqtisadçı-ekspert də təsdiqləyir ki, birinci devalvasiyadan sonrakı situasiya tam yerində deyil: “O zaman qarşıdan Avropa Oyunları gəlirdi, biznesə qeyri-rəsmi mesaj verilmişdi ki, Avropa Oyunlarına qədər qiymətlər qalxmasın, sonra sizə şərait yaradacağıq ki, müəyyən artımlar edəsiniz. İkinci səbəbi isə o zaman devalvasiyanın olacağını hamı gözləyirdi, Bir çox iş adamları ehtiyatlarını öncədən tutmuşdular, ölkəyə çoxlu miqdarda mal daxil olmuşdu. Hətta ticarət dövriyyətmizin balansına baxanda görürük ki, 2014-cu ilin dekabrı və 2015-cı ilin yanvar aylarında ölkəyə külli miqdarda mal daxil olub.
Yəni, iş adamlarında bu gözləntilər var idi və mal tədarükü görülmüşdü, köhnə məzənnə ilə anbarları doldurmuşdular. Bunun da qiymətlərə təsiri oldu və əvvəlcədən alınmış mallar hesabına qiymətləri uzun müddət sabit saxlamaq mümkün oldu. Ancaq sonradan qiymətlərin inzibati üsulla tənzimlənməsi mümkün oldu və bu ilin avqust ayından bahalaşma müşahidə edildi. Son devalvasiyadan öncə də qiymət artımı olmuşdu. İndi isə 47 faiz devalvasiya baş verdi. Hökumət anlayır ki, artıq bahalaşmanın qarşısını inzibati yolla almaq mümkün deyil. Yəni, əvvəl 1 dollara alınmış məhsul 1.2 manata satılırdısa, indi 1.55 manatdan baha satılmalıdır ki, qazanc əldə edilsin. Yəni, bahalaşma artıq qaçılnılmazdır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər