“Pul bir bizdə, bir də ingilisdə” deyərdik... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-12-2015, 15:21 | Şərh sayı: (0) | Baxılıb: 336
“Pul bir bizdə, bir də ingilisdə” deyərdik...
İqtisadçılar deyirdilər axı, illər öncədən deyirdilər, yazırdılar, analizlər aparır, proqnozlar verirdilər, “manatın indiki durumuna baxmayın, bir gün devalvasiyaya uğrayacaq” deyə həyəcan təbili çalırdılar.
Baxan yox idi. Sanki dövləti idarə edənlər, ölkənin iqtisadi-maliyyə siyasətinə cavabdeh olanlar yazı-pozu oxumurdular.
O zaman ölkəmizə pul sel kimi gəlirdi, əlimiz pulla oynayırdı. “Dünyanın ən bahalı valyutası bir bizim manatdır, bir də ingilisin funt-sterlinqidir” deyə öyünürdük.
Dövlət büdcəsini deşən pulları yığıb-yığışdırmaq, xərcləyib (mənimsəyib) qurtarmaq mümkün deyildi. Təraş vaxtıydı sanki, hamı dövlətdən pul yonurdu.
İqtisadçılar (daha dəqiqi, əsl iqtisadçılar) deyirdilər, istehsal müəssisələri yaratmaq, ölkəni neft gəlirlərindən asılılıqdan qurtarmaq lazımdır.
Bunsuz sağlam, sabit, qüdrətli iqtisadiyyatdan danışmaq mümkün deyildi.
Bu, “iki üstəgəl iki, bərabərdir dörd” misalı qədər sadə məsələydi. Bunu iqtisadçı olmayanlar, hətta adi normal savadı olanlar da bilirdi.
Bizdə isə nəinki dünyaya, region ölkələrinə, heç ölkə daxilindəki istehlakçılar üçün də nəsə bir əmtəə istehsal edə biləcək müəssisə yaradılmırdı.
Əslində, təşəbbüslər vardı. Əlində hazır layihələri olan sahibkarlar, başlanğıc üçün hansısa əcnəbi şirkətlə ortaqlıqla yerli müəssisə yaratmaq istəyən iş adamları vardı. Ancaq onlara imkan verən kim idi?
Hələ torpaq sahəsi ayrılmamış, bünövrəsi qoyulmamış, bir dəzgahı belə hazır olmayan, kağız üzərində quruca adı olan virtual müəssisənin rəhbərliyindən altı sıfırlı rüşvətlər tələb edirdilər.
Adam gələcək, torpaq alacaq, üstündə zavod (fabrik) tikəcək, milyonlar sərf edəcək, işçilər toplayacaq, iki-üç ildən sonra məhsul istehsal edib bazara çıxaracaq, müəssisə 5-10 ilə öz xərcini çıxaracaq – bunun səlahiyyətli rüşvətxorlara dəxli yox idi, onlar öz milyonlarını öncədən istəyirdilər.
Ona görə də bu gün adi sancaqdan, pampersdən tutmuş ta qırıcı təyyarəyə qədər hər şeyi xaricdən alırıq. Hətta daha çox aqrar ölkə kimi tanına-tanına bir çox ərzaq məhsullarını (kartof, soğan, un, şəkər, meyvə) da xaricdən gətiririk.
Pomidorun, bibərin xası bu ölkədə becərilir, istiotlu ketçupu uzaq Braziliyadan, Bolqarıstandan alırıq.
Pambığın ən əla sortları öz aran rayonlarımızda yetişir, pambıq parçadan olan geyim materiallarını Çindən, Pakistandan tədarük edirik.
Alkoqollu içkilər üçün yararlı olan şəkərli meyvə və giləmeyvələrin (üzümdən tuta qədər) hamısı ölkəmizdə bitir, məhsul verir, spirtli içkilərin böyük hissəsini Rusiyadan, Ukraynadan, digər Avropa ölkələrindən gətiririk.
Tütün məhsulları da onun kimi. Halbuki Zaqatala-Balakən zonasında yüksək keyfiyyətli tütün xammalı yetişdirmək, elə oradaca ölkə insanının tələbatını tam ödəyə biləcək müvafiq istehsal müəssisəsi yaratmaq olardı.
Bu ölkənin öz xammalı hesabına fəaliyyət göstərən min cür istehsal müəssisəsi yaratmaq mümkün idi.
Tarixi şans qaçırıldı. Neft milyardları göyə sovruldu. Ölkənin pullu adamları kütləvi şəkildə iaşə, xidmət və ticarət müəssisələri yaratdılar. Hara baxırsan şadlıq evləri, restoranlar, supermarketlər, topdansatış məntəqələridir.
Sahibkarları qınamaq mümkün deyil. Onlara belə sərf edirdi və buna məcbur idilər. Özləri pampers istehsal etməyə qalxsalar, məhsulun bir ədədi üstlərinə 5 manata çıxacaqdı.
Çünki yeddi təftişçi, yoxlayıcı idarədən gələn acgöz məmurlara aylıq xərac verməliydilər. Belədə ən yaxşısı həmin məmulatı xaricdən gətirib gömrüyə və bir-iki məmura rüşvət vermək idi. Hamı da belə edirdi.
Azad rəqabət, sağlam iqtisadi mühit olmayan yerdə durum bundan yaxşı ola bilməzdi. Hələ inhisarçılıq söhbəti də var. Heç kəsə sirr deyil ki, ölkənin iqtisadiyyatı total şəkildə inhisarçıların əlindədir.
Bu halda neftin qiyməti düşəcəyi halda manat devalvasiyaya uğramalıydı.
Avropanın inkişaf etmiş ölkələrində belə dərd yoxdur. Heç neft bahalaşıb kəllə-çarxa çıxanda da onlarda elə bir ciddi sıxıntı olmadı, indi də yoxdur. Çünki onlarda iqtisadiyyatın bütün sahələri aşağı-yuxarı eyni bərabərdə inkişaf etdirilib.
7-8 il əvvəl neft ölkəsi olaraq bizim qarşımızda iki neft ölkəsinin - Norveç və Nigeriyanın parlaq təcrübəsi vardı, iki yoldan birini seçməliydik.
Obyektiv iqtisadçılarımız Norveç yolunu tutmağı, istehsal müəssisələri yaradaraq iqtisadiyyatı inkişaf etdirməyi təklif edirdilər.
Amma biz BƏƏ yoluyla gedib Nigeriyaya çıxdıq.
Yazar : Xalid KAZIMLI
Musavat.Com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər