Videotəhdid və ondan doğan düşüncələr |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-02-2017, 19:33 | Şərh sayı: (0) | Baxılıb: 221
Videotəhdid və ondan doğan düşüncələr
Bu gün sosial şəbəkələrdə Suriyada terrorçuların sıralarında döyüşən həmyerlimizin Azərbaycan prezidenti İlham Əliyevə video-müraciəti yayıldı. Kadrda yer alan şəxs dövlət başçısının ünvanına təhqirlər yağdıraraq hazırda həbsxanalarda olan məsləkdaşlarının dərhal azad olunmasını tələb etdi. Əks təqdirdə isə Azərbaycanı terrora qərq etmək, “qan gölünə” çevirməklə hədələdi. Konkret olaraq hətta ilk hədəf də göstərildi – Polis Akademiyası. 4 dəqiqəlik video hansı qənaətə gəlməyə əsas verir?
1. Azərbaycana qarşı ilk açıq terror təhdidi
İlk olaraq qeyd etmək lazımdır ki, təkfirçi vəhhabilər əvvələr də vətənlərinə qarşı sayğısızlıq göstərmiş, Azərbaycanı küfr diyarı, burda yaşayan xalqları isə kafir adlandırmışdılar. Müxtəlif zamanlarda onların Azərbaycanda terror törədəcəyi, silahlı hücumlar edə biləcəyi haqda fikirlər də söylənilirdi. Amma dövlət orqanlarına, rəhbərliyinə və ümumən ölkəyə qarşı ilk dəfədir ki, belə aşkar şəkildə təhdid edilir. Bu, sadəcə bir nəfərin sərsəmləmələridirmi, ya bunun üçün hansısa güc mərkəzindən sifarişmi gəlib, bunu artıq zaman və müvafiq hüquq mühafizə orqanlarının araşdırmaları göstərəcək.
2. Hədəf – məzhəb qarşıdurması
Bu video bir daha sübut etdi ki, əslində İŞİD, “Nusra Cəbhəsi” və sair bu kimi tör-töküntülərin əsas məramı xalqlar arasında sırf dini və məzhəbçi qarşıdurmalar yaratmaq, ölkələri qanlı xaosa cəlb etməkdir. Sözügedən müraciətdə kadrda peyda olan quldur aşkar bildirir ki, həbsxanalrdan azad edilməsini tələb etdiyi insanlar, müsəlman belə hesab etmədiyi (bunu xüsusi olaraq qeyd edir) şiələr deyil, öz təbiri ilə desək “əhli-sünnədir” (əslində isə söhbət Suriya və İraqda qanunsuz silahlı dəstələrin sıralarında vuruşmuş və bu terrorçu fəaliyyətlərinə görə müxtəlif müddətə Azərbaycan Respublikasının məhkəmələrinin qərarları ilə azadlıqdan məhrum edilən təkfirçi vəhhabilərdən gedir). Suriyada da əslən Azərbaycandan olan vəhhabilər məhz digər məzhəb və dinlərin təmsil edənlərin ovuna çıxıblar. Videodakı "cihadçının" xüsusi qeydindən artıq aydın olur ki, onların hədəfi Azərbaycanda kim olacaq – müsəlman saymadıqları xalq. Məqsəd nə azadlıqdı, nə demokratiya, nə də hansısa başqa bir dəyər, məqsəd məhz məzhəbçi qanlı savaşdır. Eynən Suriya və İraqda son 5 ildə olan kimi...
3. Azərbaycan milli kimliyi, tarixinə aid hər şeyə nifrət
Videomüraciətdə Azərbaycan tarixinə və milli dəyərlərinə aşkar nifrət sezilir. Vəhhabi terrorçu bu qısa müraciətində vaxt tapıb Babəki də, onunla bağlı olan müsbət yanaşma cəhdlərini də, onun milli tariximizə gətirilməsini də söyür. Yanaşmasından bilinir ki, bu və bunun kimi insanlıq simasını itirən vəhşilərə zərrə qədər imkan yaradılsa, onlar heç düşünmədən Azərbaycanın bütün tarixi və mədəni irsi ilə bərabər ümumiyyətlə ölkəni yerlə yeksan edərlər.
Eynən Suriyada və İraqda tək bu xalqların deyil, bütün bəşəriyyət tarxinin mədəni irsi hesab edilə biləcək Palmira, Nineviya, Mesopotamiya tarixi abidələri və mədəni irsinə qarşı etdikləri kimi.
Zəruri haşiyə:
Söz yox, İŞİD və ona bənzər digər təkfirçi zehniyyat ant-insani və anti-bəşəridir. Belə qruplaşmalara dəstək verənlər, onların sıralarına qatılanlar və onların ideyalarını yayanlar ölkə qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilirlər. Amma nə qədər qəribə görünsə də, bu gün sözügedən videomüraciətdə səslənən fikirləri Azərbaycanda bəzi ictimai fikir mənbəyi olmağa iddialı insanlar, hətta deputat mandatı daşıyan bəziləri də zaman-zaman dilə gətirir, öz mövqelərini müxtəlif vasitələrlə sübuta yetirmək istəyirlər. Nonsens təsiri bağışlasa da, reallıq budur. Eyni zamanda, əslində milli irsimizə qarşı yönələn bu fikirlərin də eyni mənbədən gələ biləcəyini göstərmiş olur. Çünki bir çox məsələlər üzrə baxışlar eynidir.
P.S. Və sonda. Nəzər saldığımız videomüraciətə Azərbaycanın güc strukturlarının nə kimi reaksiya verəcəklərini (reaksiya verəcəkləri isə şübhəsizdir), nə kimi tədbir görəcəklərini zaman göstərəcək. Amma bizim, yəni sıravı vətəndaşların da boynuna vəzifə düşür: ayıq olmalıyıq, təhlükə mənbələrini tanımalı və gəncləri bu məhvedici mərəzə bulaşmağa qoymamalıyıq. Çünki bu vətən bizim hamımızındır. Təhdid də tək bir nəfərə deyil, hamımızadır...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər