Azərbaycan üçün İŞİD təhlükəsi artır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-11-2015, 20:06 | Şərh sayı: (0) | Baxılıb: 358
Azərbaycan üçün İŞİD təhlükəsi artır
İŞİD-in Parisdəki son hücümu göstərdi ki, indi dünyanın ən uzaq nöqtəsi belə bu cür terror hücumlarından sığortalanmayıb. Nyu-Yorka terror hücumunun ciddi reaksiya doğurması da bir anlamda dünyanın ən güclü kəşfiyyat və təhlükəsizlik orqanına sahib olan ölkənin təhlükənin miqyasını daha dəqiq bilməsi baxımından diqqətçəkici idi. İndi dünyanın şərtləri elədir ki, hər an, hər yerdə terror hücumu baş verə bilər. Təbii ki, bunun üçün siyasi-ideoloji səbəblər zənciri də artıq mövcuddur.
Söhbət heç də islamçılardan getmir. Son olaraq Fransada 26 yaşlı Xəsna Aitbulaxen adlı qadının özünü partlatmasından sonra ortaya çıxan faktlar insanlarda yenidən suallar yaratdı. Mərakeş əsilli, Fransada dünyaya gəlmiş qadının əyləncəli, ənənəvi mühafizəkar İslam yaşam tərzinə uyğun olmayan həyat sürdüyünü əks etdirən kadrlar, qonşuların onun haqqında dediyi alkoqol qəbul etməsi ilə bağlı fikirlər islamçı və terror iddiaları ilə bağlı müzakirələri yenidən aktuallaşdırdı.
Əslində bu sual ilk vaxtlardan aktualdır. Qərb ölkələrində, rifah içərisində böyümüş insanların birdən birə Yaxın Şərqə gedərək sərt islam qaydaları ilə idarə olunan terrorçu qruplara qoşulmasının arxasındakı sirr nədir? İslamı yeni öyrənən, demək olar ki, tanış olma mərhələsində olan insanların (əsasən də gənclərin) İŞİD və onun kimi qruplara qoşulmasının arxasında hansı səbəblər yatır? İslamçılıqmı? Doğrudanmı bir neçə ay içərisində namazı doğru-düzgün öyrənə bilməyən insanlar şəhid olmaq istəyəcək qədər imana sahib oldular? Axı nəzəri baxımdan bir nəfərin özünü öldürəcək qədər imana sahib olmsası üçün dində uzun bir məsafə qət eməsi lazımdır. Avropa sosioloqlarına görə, dinlə daha yeni tanış olan, hətta bəzən çox bəsit tanışlıqları olan insanların birdən birə dinin ən ağır şərti olan cihad buyruğuna əməl edib özünü ölümə atacaq qədər dini inanca sahib olması nəzəri olaraq mümkün deyil. Yəni əslində insanları İŞİD və Yaxın Şərqdəki radikal qruplara cəlb edən səbəb başqadır. Məsələ heç də din və ya konkret olaraq İslam deyil.
Əslində, əsl səbəb dinin radikallaşması deyil, radikalizmin dindarlaşmasıdır. Müxtəlif səbəblərdən həyatından narazı olanların mövcud vəziyyətə görə günahkar bildiyi cəmiyyətdən, dövlətdən qisas almaq istəkləri, həyatını dəyişmək, macəra axtarmaq və daha onlarla səbəb qeyd olunur. Əsasən gənc adamlar dünyanın rifah ölkələrindən gələrək Yaxın Şərqdə qanlı savaşlara qatılır. İslamçı qruplar və dini şüarlar bu gün bu cür düşünən insanların öz istəklərini reallaşdırmaq üçün ən uyğun vasitədir. Ötən əsrin əvvəllərində, ortalarında dünyanın fərqli bölgələrində kommunist gerilla hərəkatlarında savaşanların böyük qismi əqidəli kommunist olmadığı kimi, bu gün İŞİD (eləcə də digərləri) sıralarında savaşanların heç də hamısı dindar və ya əqidəli müsəlman deyil. İslamçı qruplar və onların terror metodu sadəcə narazı, qəzəbli insanların qisas hisslərini reallaşdırmaq üçün bu gün üçün ən uyğun variantdır.
Bu mənada əslində təhlükənin ünvanı din və ya dindar qruplar deyil, bütövlükdə siyasi, iqtisadi və mənəvi böhran yaşayan dünya ölkələridir. Bu isə həm də o deməkdir ki, “xəsnalar” hər an, hər yerdən çıxa bilər. Din isə indi bu hərəkətlərə legitimlik qazandıran alətə çevrilib.
Və təhlükələr bir ölkə kimi Azərbaycan üçün də aktualdır. Azərbaycan Qafqazda, Rusiyanın cənubunda, Dağıstan və Çeçenistan kimi “qaynar” bölgələrin yaxınında yerləşir. Üstəlik əhalinin çox hissəsi müsəlmandır və bilndiyi kimi çox sayda Azərbaycan vətəndaşı son 3 ildə Yaxın Şərq savaşlarına qatılıb. Rusiyanın İŞİD-ə qarşı savaşa qatılması təhlükənin bizim region üçün də artmasına işarədir.
Azərbaycan prezidentinin terrorun maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə dəyişikliklər etməsi onu göstərir ki, hökumət Azərbaycan üzərindən terror fəaliyyətlərindən narahatdır. Xüsusən də son olaylar, MTN rəhbərliyinə daxil olan şəxslərin həbslərindən sonra mətbuata çıxan faktlar göstərir ki, təhlükəsizlik və kəşfiyyat orqanlarına rəhbərlik edən şəxslər cinayətkar qrupları himayə edib, hətta radikal dini qrupların ölkədən çıxarılması, onlara himayədarlıq edilməsində iştirak ediblər.
Bunu bir neçə gün əvvəl İŞİD-ə yardım edilən ölkələrin siyahısının açıqlanması da təsdiq etdi. Məlum oldu ki, MDB məkanında İŞİD-ə ikinci ən çox yardım edilən ölkə Azərbaycandır.Bu isə Azərbaycana qarşı terror təhdidini aktuallaşdırır. Çünki ortaya çıxan məlumatlar onu göstərir ki, Azərbaycanın bu istiqamətdə təhlükəsizliyinə təhdid yarada biləcək fəaliyyətlər mövcud olub. İndi isə mövcud şəbəkə ifşa olunub və bununla da əslində təhlükənin miqyası böyüyüb. Məsələn, əgər iddialar doğrudursa, o zaman aydın olur ki, Azərbaycanın terror hədəfində olmamasının səbəbi terrorçuların burda özlərini rahat hiss etmələri və gördükləri dəstək olub. Bu dəstəyin başa çatması Azərbaycanı da potensial təhdid hədəfinə çevirir.
Bir daha yuxarıdakı fikirlərə qayıdaraq qeyd etmək lazımdır ki, Paris olayları göstərdi ki, terror müasir dünyada sərhəd tanımır. Dünyanın ən güclü təhlükəsizlik orqanı, ən yaxşı qorunan ölkəsi belə terrorun qarşısını almaqda acizdir. Amma təbii ki, bu ona qarşı mübarizəni də istisna etmir. Ən azı təhlükəni azaltmaq və ən mühümü təhdid səbəblərini aradan qaldırmaq mümkündür. Son bir ayın hadisələri Azərbaycanın bu istiqamətdə ciddi “açığının” olduğuna işarə edir.
Xüsusən də son bir ildə Azərbaycana qayıdan İŞİD üzvlərinin həbsi onu deməyə əsas verir ki, digər ölkələr kimi Azərbaycana da Yaxın Şərqdən “qayıdış” var. Və təbii ki, Avropada olduğu kimi, Azərbaycanda da geri qayıdanların bir qisminin İŞİD üzvü olaraq qalmadığı və xüsusi missiya ilə göndərilmədiyinə heç kəs təminat verə bilməz.
Kənan Rövşənoğlu
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər