Şəhidlərimiz, Allah və Vətən.. və iki fərqli din |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-05-2016, 15:28 | Şərh sayı: (0) | Baxılıb: 389
Şəhidlərimiz, Allah və Vətən.. və iki fərqli din
...və yaxud öz gülləmiz kürəyimizdən vurmasın
Aprelin ilk günləri hamımızın payına, heç şübhəsiz, tarixi hadisələrə şahidlik etmək düşdü. Az qala 25 illik fasilədən sonra işğal edilmiş əzəli torpaqların bir hissəsini yenidən qaytardıq. Amma bu lokal qələbəyə bir gözümüzlə güldüksə, bir gözümüzlə də ağladıq. Gözü yolda, qulağı səsdə olan anaların, bacıların, uşaqların gözlədiyi o Adam nə gəldi, nə də bir xəbər etdi. O, qanı ilə azad edilən torpaqları suvardı, o torpağa da əbədi qovuşdu.
Aprelin əvvəlindəki savaş Azərbaycanda həm də Şəhadət adına münasibəti də yenilədi. Azərbaycan xalqı tarix yaddaşından gələn fəhmlə Qarabağda həyatlarını qurban vermiş insanları Şəhid adlandırdı və onları şəhidə layiq ehtiram göstərərək son yolçuluğunda yalnız buraxmadı. Tanıyan-tanımayan minlərlə insan şəhidlərin dəfn mərasiminə axışdı. Məlum oldu ki, xalq həqiqi şəhidlik məqamına böyük sevgi bəsləyir. Eyni zamanda şəhidlik zirvəsinə yüksələnlərin səfdə boş qalmış yerini doldurmağa hazırdır: yaşından, sosial və milli mənsubiyyətindən asılı olmayaraq.
Son savaşda şəhidlərimiz arasında dindar gənclər də az olmadı. İnanclı, dindar gənclər vətən uğurunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadət şərbətini içdilər. Əlbəttə, vətən uğurunda vuruşub şəhid olanları dindar və dindar olmayana bölmək fikrimiz yoxdur. Ancaq məsələ ondadır ki, son illərdə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da “cihad”, “şəhid” kimi müqəddəs dini adların açıq istismarı baş verir. Dindar gənclər İslamın müqəddəs dəyərlərinin istismarı nəticəsində gizli məqsədlərə xidmət edən savaşlara, terror olaylarına cəlb olunur. Əfqanıstan, Pakistan, Çeçenistan, indi isə Suriya, İraq və başqa müsəlman ölkələrində insanlar qurban edilirlər.
O zaman fərq haradadır? Eyni Allaha, eyni Kitaba, eyni Peyğəmbərə (s) iman edən insanların bu qədər fərqli düşüncəyə sahib olması haradan doğur? Təbii ki, islamı çirkin oyunlarına qurban edən qüvvələrin əməllərində yatır. Uzağa getmək lazım deyil. Bakıda iki fərqli məscid, iki ruhanini seçib müqayisə etmək olar.
Bir tərəfdə Azərbaycanda min illər yanaşı yaşamış, xalqın geninə hopmuş şiəlik və ənənəvi sünnilik, o biri tərəfdə müstəqillikdən sonra Azərbaycana idxal olunmuş radikal vəhhabilik. İkisi də İslam deyə tanıdılır, təbliğ olunur. Radikal vəhhabilik daha güclü və geniş imkanlarla təbliğ olunur. Amma mahiyyətə gəldikdə ciddi fərqlər var. Misal üçün, son savaşda şəhid olanlardan bir neçəsinin Məşədi Dadaş məscidi dindarlarından olduğu məlum oldu. Bu barədə həm mətbuat, həm sosial şəbəkələrdə xeyli yazıldı. Və ya şimal regionlarımızda, ənənəvi sünni ailələrdən çıxmış şəhidlərimiz də vardı. Hər kəsə də məlumdur ki, bu məscidlərdə vətənə sevginin imandan olduğunu, vətən uğurunda savaşıb ölməyin şəhidliyin ən yüksək dərəcəsi olduğunu İslam Peyğəmbərindən (ə) səhih hədislərlə söyləyir, gəncləri vətənə məhəbbət ruhunda tərbiyə edir, bu duyğu ilə yetişən bir nəsil formalaşdırırlar.
Bir başqa məsciddə də “cihad” təbliğ olunur. Amma bu “cihad” Azərbaycan üçün deyil, Suriya, İraq, Əfqanıstan və başqa ölkələrdəki savaşlar üçün əsgər toplayır. Daha sonra isə bu “əsgərlər” terrorçu olub dinc insanları qətlə yetirir, terror törədir. Belə məscidlərin, ruhanilərin “xidməti” nəticəsində yetişən dindarlar nəinki cihadı xarici ölkədə savaşmaq bilir, eyni zamanda hətta öz ölkəsinin qanunlarını tanımadqılarını bildirir. Bir misal. 2007-ci ildə zabit Kamran Əsədov Göygöl rayonunda xidmət etdiyi hərbi hissələrdən birindən 4 avtomat, 1 pulemyot, 20 əl qumbarası və çox sayda avtomat patronu oğurlayıb. Daha sonra Bakıya gələrək yanacaqdoldurma məntəqəsinə silahlı hücum həyata keçirib, həbs olunduqdan sonra məhkəmədə isə elan edib ki, bu dövlətə qarşı vuruşmağı da planlayırmış.
Yaxud başqa bir oxşar hadisə. Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət quruluşu əleyhinə fəaliyyət, dini düşmənçilik yaratmaqda, qəsdən adam öldürmək, oğurluq, quldurluq və terrorçuluqda ittiham olunan “Umar Abu Mücahid” ləqəbli Nurəddin Xəlilov və onun rəhbərlik etdiyi 17 nəfərlik radikal dini dəstənin üzvləri ifadə verməkdən imtina edirlər. Onlar məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər.
Oxşar mətnləri internetdə axtarış verməklə məhkəmə proseslərindən olan əksər xəbərlərdə oxumaq olar. Əfqanıstanda, Pakistanda, Suriyada, İraqda vuruşmuş azərbaycanlıların böyük əksəriyyəti bu düşüncəyə sahibdir və bunu dilə gətirməkdən çəkinmir, ölkə əhalisinin böyük əksəriyyətini kafir adlandırır. Nə qədər acınacaqlı olsa da, bu insanlar Azərbaycanda yaşamış, burda doğulub böyümüş və ən dəhşətlisi isə burda bu cür zərərli fikirlərlə zəhərlənib.
Zaman sübut etdi ki, Azərbaycana müstəqillikdən sonra “idxal olunmuş” dinlər cəmiyyət üçün təhdiddir. İllər uzunu araşdırmaçıların, medianın yazdıqları artıq real faktlar olaraq ortaya çıxır. Elə bir müddət öncə həbsdən azad edilən Tofiq Yaqublunun islah müəssisələrində radikal düşüncəli insanların sayının necə sürətlə artması, onların azadlığa çıxdıqdan sonra aşkar terror əməllərinə yol verəcəklərini gizlətmədiklərini söyləməsini nümunə kimi göstərmək kifayətdir. Amma məsələ islah müəssisələri ilə bitmir. Əslində, müxtəlif sahələrdə, müxtəlif qurumlarda belə potensial terrorçular mövcuddur, sadəcə məqbul şərait və məqbul zaman gözləyirlər. Son olaylar bunu bir daha bariz şəkildə ortaya qoydu. Artıq dövlət orqanları üçün də bir nümunə oldu. Ənənəvi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlı din və dindarlıqla qeyri-ənənəvi, milli-mənəvi dəyərləri, hətta dövlətin atributlarını belə qəbul etməyən bir “inanc daşıyıcıları” arasında fərqi görməli və dövlət siyasətində bu nəzərə alınmalıdır. Əks təqdirdə ermənini nişangaha alan əsgərimiz arxadan öz həmyerlisi, amma psixikası pozulmuş və milli mənliyini itirmiş həmyerlisinin gülləsinə tuş gələ bilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər