Ermənistan agentlərdən və terror qruplarından istifadə edə bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-04-2016, 19:06 | Şərh sayı: (0) | Baxılıb: 243
Ermənistan agentlərdən və terror qruplarından istifadə edə bilər
Düşmən bizə qarşı ən müxtəlif üsullara, o cümlədən terrora əl ata və bu məqsədlə əməkdaşlığa cəlb etdikləri agentlərindən və bir sıra terror qruplarının üzvlərindən də istifadə edə bilər.
Bunu Milli.Az-a açıqlamasında sabiq təhlükəsizlik xidməti əməkdaşı, təhlükəsizlik və regional geosiyasət məsələləri üzrə ekspert Arzu Nağıyev son günlər Azərbaycanda terror təhlükəsinin artması ilə bağlı məlumatların yayılması və bəzi obyektlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələlərini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, dəfələrlə qeyd edildiyi kimi nə qədər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, bizim milli təhlükəsizliyimizə ən böyük təhdiddir: "Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı aqressiv və destruktiv mövqeyi tək bizi deyil, ümumiyyətlə, regionu daim narahat vəziyyətdə saxlayır. Aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən məlum hadisələrdən və ermənilərin məğlubiyyətindən sonra isə düşmən tərəf daha azğın, aqressiv hala gəlib. Məhz buna görə də Azərbaycan daha ehtiyatlı davranmalı, mümkün risklərdən yayınmaq, onların qarşısını almaq üçün tədbirlər görülməlidir və görülür də. Bu, tək aidiyyəti dövlət orqanlarına şamil edilməməlidir. Hüquq-mühafizə orqanları ilə birlikdə əhali də ayıq-sayıq olmalı, bəzi obyektlərdə aparılan yoxlamalar, görülən təhlükəsizlik tədbirləri anlayışla qarşılanmalıdır".
A.Nağıyev qeyd edib ki, Ermənistan xüsusi xidmət orqanları Azərbaycanda ən müxtəlif illərdə qanlı terror olayları törədib, metropolitendə, ictimai nəqliyyatda günahsız insanlarımızın qanını töküblər. Düzdür, hazırda Azərbaycanda təhlükəsizlik tədbirləri həmin illərlə müqayisədə daha yaxşı səviyyədədir və güclü nəzarət var. Bu, çox yaxşı haldır:
"Dünyanın ən böyük xüsusi xidmət, kəşfiyyat orqanına malik ABŞ belə terrordan sığortalanmayıb. 2001-ci il 11 sentyabr hadisələrində ABŞ qanlı terrorla üz-üzə qaldı, 3 min vətəndaşını itirdi. Bu gün Türkiyənin ən çox qorunan şəhərləri olan Ankara və İstanbul da terrorçuların hücumuna məruz qalır. Bir sözlə, əhalinin diqqətli olması da vacib şərtdir. Təbii ki, bu kimi narahatçılığın qarşısını almaq üçün istər hüquq-mühafizə orqanları, istər Silahlı Qüvvələrimiz tərəfindən müvafiq addımlar atılır və istər nəqliyyatda, istər əhalinin çox olduğu ərazilərdə, kütləvi tədbirlər keçirilən yerlərdə müvafiq tədbirlər görülür və bundan sonra da görüləcək".
İlkin İzzət
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər