Azərbaycan Suriyada antiterror əməliyyatlarına qoşula bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 21:34 | Şərh sayı: (0) | Baxılıb: 230
Azərbaycan Suriyada antiterror əməliyyatlarına qoşula bilər
Azərbaycan Suriyada antiterror əməliyyatlarına qoşula bilər.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik, müdafiə məsələlər komitəsinin üzvü Zahid Oruc Azərbaycanın "Terrorizmə qarşı İslam Hərbi Koalisiyası"na qoşulub-qoşulmaması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Qərb dövləti tərəfindən yaradılmış daha əvvəlki koalisiyanın fəaliyyəti nəticəsində İŞİD heç də məhv edilmədi, əksinə hər atılan bombanın yerində yeni İŞİD törəmələri çıxdı:
"Həqiqətənmi bütün dünya İŞİD-i neytrallaşdıra bilmir və o, bu qədər güclüdür? Cavab budur ki, məsələ heç də terrorla mübarizə ilə bağlı deyil. Əslində İŞİD bayrağının altında bir neçə güc mərkəzinin savaşı gedir. Ona görə də artıq 3 koalisiya formalaşıb. Birini Qərb yaradıb. Rusiyanın yaratdığı digər koalisiyaya İran, Suriya, "Hizbullah" daxildir. İkincisinə Çin və digər ölkələrin də qoşulacağı söylənilir. Belə olan halda Qərb dairələri Rusiyaya qarşı müəyyən addımlar atmağı planlaşdırırlar. 3 gün öncə isə 30-dan çox ölkənin Terrorizmə qarşı İslam Hərbi Koalisiyası yaratdığı elan edildi. Əvvəllər düşünürdüm ki, əgər bu dövlətlər həqiqətən də eyni dini və siyasi inancı bölüşürlərsə, islama və Qurana qarşı bu qədər həqarətlərin fonunda nə üçün onlar Qərbin yedəyində getməlidirlər? Həqiqətənmi müsəlman dövlətlərinin qərar vermə qabiliyyəti bu qədər aşağıdır? Belə çıxır ki, onlara mütləq kənar mərkəzlərdən göstəriş gəlməlidir ki, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və s. dövlətlər bu əməliyyatlara qoşulsunlar. Amma nəhayət, bu baş verdi".
Z.Oruc hesab edir ki, Azərbaycan Suriyada antiterror əməliyyatlarına hər hansı formada qoşula bilər: "Şübhəsiz ki, bu, ölkə başçısının qərarı ilə baş verə bilər. Amma bu hansı səviyyədə olmalıdır? Bizə bəllidir ki, Suriyada terrora qarşı savaşmaq lazımdır. Yəni "kimə qarşı?" sualı yoxdur. Amma sual doğur: biz mövcud 3 koalisiyadan hansında yer almalıyıq? Bax, bu məsələ ciddi müzakirə olunmalıdır. Azərbaycan beynəlxalq arenada diktə edən ölkə olmasa da, siyasi cəhətdən öz məramını bildirən çağırışla çıxış etməlidir. Bu koalisiyalar arasında da ortaq koordinasiya nöqtələri tapılmalıdır".
Onun fikrincə, Azərbaycan bu məsələdə kor-koranə hərəkət etməməlidir: "Əslində bu koalisiyalardan hansının məhz terrora qarşı müharibə apardığını söyləmək çox çətindir. Baxın, yeni İslam koalisiyasında İran dövləti yer almayıb. Çünki başqa koalisiyadadır. İran yaxşı bilir ki, orada "sünni divarı" hörmək istəyirlər. Yəni bu İranın İraq və Suriyadakı maraqlarına qarşı olan divardır. ABŞ Səddam Hüseyni edam etsə də, İraqın sonrakı rəhbərləri İranın təsiri altına keçdi. Suriyada da eyni vəziyyətdir. Ona görə də Azərbaycan anti-İŞİD kampaniyasında öz siyasi məramını bəyan etməlidir. Amma koalisiyalardan hansına qoşulması məsələsində kifayət qədər ehtiyatlı davranmalıdır. Çünki Səudiyyə rəhbərliyinin yaratdığı bu koalisiya əslində özü İŞİD-i doğuran, onun "xaç ataları" sayıla bilər. Ona görə də düşünmürəm ki, onlar həqiqətən də terrorla savaşacaqlar və Azərbaycan da kor-koranə şəkildə gedib onların birliyində yer almalıdır".
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə Terrorizmə qarşı İslam Hərbi Koalisiyası yaradıb. Yeni koalisiyanın ümumi qərargahı Ər-Riyad şəhərində yerləşəcək. Bildirilir ki, hərbi koalisiya öz fəaliyyətini böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla sıx əlaqədə quracaq. Koalisiyaya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Yəmən, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Komor adaları, Kot-d`İvuar, Liviya, Mali, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya, İordaniya, Fələstin, Livan, Türkiyə, Pakistan, Banqladeş, Maldiv adaları, Malayziya daxil olub. Aralarında İndoneziyanın da olduğu daha 10 dövlətin isə koalisiyaya "dəstək verdiyi" qeyd olunur.
Səudiyyə Ərəbistanının regiondaki əsas rəqibi sayılan İran koalisiyaya daxil edilməyib. Həmçinin, Suriya, İraq və Oman da yeni koalisiyanın üzvü deyillər.
Qeyd edək ki, Azərbaycan XİN bəyan edib ki, hazırda Səudiyyə Ərəbistanı Azərbaycanın "Terrorizmə qarşı İslam Koalisiyası"na qoşulması ilə bağlı rəsmi müzakirələr aparır.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər