Terror kölgəsində yeni il – yeni dünya birliyinə ehtiyac var |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-01-2016, 21:18 | Şərh sayı: (0) | Baxılıb: 1086
Terror kölgəsində yeni il – yeni dünya birliyinə ehtiyac var
Planetimiz köhnə ili terror təhdidi ilə yol saldı, amma o, yeni ildə də ən aktual mövzu olaraq qalacaq
2015-ci il müsəlman aləmi, xüsusən də Yaxın Şərq üçün müharibələr, terrorla başladı. Və elə o şəkildə də başa çatdı. Üstəlik 2015-ci ildə terror bir öncəki ildən fərqli olaraq, “coğrafiyasını” daha da genişləndirdi. Yaxın Şərq və Şimali Afrikanı bürüyən terror 2015-ci ildə Avropaya da yayıldı. Fransa il ərzində - yanvarda və noyabrda – iki terror aktı ilə sarsıldı. Hətta 2015-ci ildə İŞİD Amerikaya da öz “gücünü” göstərdi.
Yaxın Şərqdə isə qanlı terror və savaşlar artmaqla davam etdi. Görünən odur ki, qarşıdakı il daha da şiddətli terror və savaşların şahidi olacağıq. Səudiyyə Ərəbistanı liderliyində yeni antiterror koalisiyasının yaradılması, Suriyada və İraqda döyüşlərin yenidən aktiv fazaya keçməsi 2016-nın daha qanlı olacağını göstərir. Elə köhnə ilin son günü də bunu bir mənada təsdiqlədi.
2016-cı ilə keçidi dünyanın bir çox böyük şəhərləri, belə demək olarsa, rifah cənnətləri terror həyəcanı ilə birgə yaşadı. Avropanın bir neçə böyük şəhərində, eləcə də Nyu Yorkda terror təhdidi səbəbilə təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimdə işlədi. Belçikada polis 6 terror şübhəlisini həbs elədi. Bu səbəbdən Belçikada və eləcə də terror təhdidinin mövcud olduğu Fransada atəşfəşanlıq ləğv edildi.
2015-ci il dekabrın 31-ni dünyanın mühüm paytaxtları – Moskva, Paris, London, Berlin, Ankara, Tokio, Kuala Limpur, Dehli kimi şəhərlər də terrorun “kölgəsində” qeyd etdi. Hətta hər il səs-küylü yeni il şənliklərinin keçirildiyi Moskvada Qırmızı Meydan qapadıldı. Bununla da əslində terror qorxusu planetin bütün bucaqlarına rəsmən öz təsirini göstərmiş oldu. Bu həm də dünyanın yeni, amma daha təhlükəli bir ilə qədəm qoyduğunu göstərdi.
Əlbəttə, indi köhnə mövzulara qayıdıb terrorun, xüsusən də islamçı terror deyilən nəsnənin səbəblərini ortaya qoymaq, Qərbin işğalçı müharibələrinin müsəlman dünyasında doğurduğu terror bəlasını şərh etmək köhnə olmasa da, aktual deyil. Çünki ən azından yeni il başlayıb, ilk gündür və bu ildə hər kəs gözləntilərini düşünür, dilə gətirir. 2015-ci ilin son günləri göstərdi ki, dünya ciddi terror bəlası ilə üz-üzədir. Bu, əxlaqlı savaş deyil, əslində heç bir qayda-qanun da qəbul etmir. Son illərin təcrübələri göstərdi ki, dünyanın ən güclü ölkələrinin yaratdığı koalisiyalar terrora qarşı təsirli deyil. ABŞ-ın rəhbərliyi altında 64 dövlətin birliyi, Rusiyanın başçılığı ilə daha bir koalisiyanın, Səudiyyə Ərəbistanının yaratdığı 30 ölkədən ibarət koalisiya terrora qarşı effektiv silah deyil.
Görünən odur ki, qarşıdakı illərdə dünya ölkələri İkinci Dünya savaşından sonra dünyada münaqişələri nəzarət altında saxlamaq üçün BMT-ni qurduqları kimi, yeni əsrdə terrora qarşı ümumdünya birliyi qurmağa məcbur olacaq. Əks halda terrorun qarşısını almaq, müharibələri, zorakılıqları dayandırmaq mümkün olmayacaq. Çünki hər nə qədər icraçıları məlum kimi görünsə də, bir çox ölkələrin gizlində terrordan silah kimi istifadə etdiyi göz önündədir. Buna qarşı yeganə vasitə isə terrora qarşı dünya birliyinin yaradılması olacaq. Əks halda qurulacaq lokal koalisiyalar effektiv olmayacaq. Çünki rəqabətli dövlətlər bundan vasitə kimi istifadə etməkdə davam edəcəklər.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər