Elman Rüstəmov və Samir Şərifova cavab: “Bu borclar məhz sizin qərarınızla...” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 19:36 | Şərh sayı: (0) | Baxılıb: 254
Elman Rüstəmov və Samir Şərifova cavab: “Bu borclar məhz sizin qərarınızla...”
Rəşad Həsənov: “Hökumət öz yanlış siyasəti nəticəsində vətəndaşlara dəyən ziyanı kompensasiya etmək istəmir”
Mərkəzi Bankın sədri Elman Rüstəmovun ardından maliyyə naziri Samir Şərifov da dollarla krediti olanlara güzəşt edilməməsi ilə bağlı məsələyə aydınlır gətirib. S.Şərifov suala sualla cavab verərək, "Dollar krediti ilə bağlı nəyə görə kiməsə güzəşt edilməlidir?" deyib.
Nazir bildirib ki, bir qrupa güzəşt edilsə, sabah başqa qruplar da güzəşt tələb edəcək. Nazir bu məsələnin banklarla vətəndaşlar arasında həll edilməli olduğunu vurğulayıb.
Hökumət rəsmilərinin bu açıqlamaları mətbuatda birmənalı qarşılanmayıb. Ekspertlər isə bu addımı hökumətin böhranın vətəndaşlara yaratdığı çətinliklərin həllində məsuliyyətdən qaçması kimi dəyərləndiriblər.
Elman Rüstəmov və Samir Şərifovun açıqlamalarını dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, hər iki şəxsin açıqlamaları və əsaslandırdıqları arqumentlər doğru deyil: “Bu, həm Mərkəzi Bankın məzənnə siyasəti ilə bağlı idi, həm də bu siyasətin əhalinin üzərinə saldığı böhran yükünün azaldılması istiqamətində bu qurumun məsuliyyətsiz açıqlamalarından qaynaqlanır. İlkin dövrdə hökumətdən mətbuata bəzi açıqlamalar sızdırıldı, o cümlədən parlamentarilər açıqlama verdilər ki, 10 min manata qədər olan kreditlər üçün güzəştlər hazırlanır. Daha sonra Elman Rüstəmov parlament müzakirələrində bunun 5 min manata qədər olacağını açıqladı. Bir neçə gün sonra isə çox əsassız bir arqumentlə çıxış edərək, bildirdi ki, maliyyə pozuntuları yaradacağı ehtimalı olduğu üçün hər hansı güzəşt edilməyəcək. Bundan əvvəl də Mərkəzi Bankdan açıqlama olmuşdu ki, bu problem vətəndaş və bank arasındadır”.
İqtisadçı ekspert hökumətdəki maliyyə qurumlarına nəzarət edən şəxslərin öz yerində olmadığını qeyd etdi: “Ötən il manat dünyanın ən böyük devalvasiyaya uğrayan valyutası oldu. Bu devalvasiydan əhaliyə dəyən zərərin kompensasiyası ilə bağlı da addım atmaq istəmir. Bu, göz qabağındadır. Bunu hökumətin mövqeyi olaraq qiymətləndirmək lazımdır ki, sonrakı dövrdə də böyük ehtimalla heç bir kömək olmayacaq, əsas yük vətəndaşlarla banklar arasında paylanacaq. Banklarda ən yaxşı halda vaxtla bağlı güzəşt edə biləcəklər. Biz müşahidələrimizdən də görürük ki, bankların faiz güzəştləri etmək kimi bir fikri yoxdur. Bu isə bankların ən yüksək faizlərlə yenidən kreditləşdirmə həyata keçirməsi deməkdir. Proses hardasa bankların da mənfəətinədir. Ortada əziyyət çəkən sadəcə, sosial qruplar və əhali olacaq. Əhalinin böyük bir qismi banklara borcludur. Bu borclar məhz hökumətin qərarı ilə bir neçə dəfə artıb”.
Ekspertin fikrincə, burada ən gülünc məqam ondan ibarətdir ki, bir gün ərzində qərarlar bir neçə dəfə dəyişir: “Bu, onu göstərir ki, ictimai rəy nəzərə alınmır, əhalinin çətinlikləri nəzərə alınmır, bütün ağırlıq xalqın üzərinə qoyulur. Bu baxımdan düşünürəm ki, Mərkəzi Bank yenilənməlidir. Elman Rüstəmovun da dəyişdirilməsinə ehtiyac var. Dünyada çox az Mərkəzi Bank sədrlərindən biridir ki, 25 ildir, vəzifədədir. Bütün bunlar onu göstərir bu istiqamətdə dəyişikliyə ehtiyac var”.
Rəşad Həsənov vurğuladı ki, hökumət təkcə dollarla yox, milli valyuta ilə olan kreditlərin ödənilməsi ilə bağlı da güzəştlər düşünülməlidir: “Çünki, əhalinin gəlirləri azalıb, iş yerləri bağlanıb, işsizlik artıb. Manatla olan kreditlərin ödənilməsində də problemlər var. İqtisadi böhran vətəndaşların günahı deyil, bu baxımdan hökumət əhali üçün güzəştlər tətbiq etməlidir. Yüzmilyardlarla vəsait ölkəyə daxil olub və bu vəasitlər Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən xərclənib. Maliyyə pozuntusundan o zaman danışmaq lazım idi. Dünya təcrübəsi onu göstərir ki, böhran durumunda hökumət məsuliyyəti öz üzərinə götürür. Azərbaycanda isə bu, baş vermir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər