Ekspertlər Samir Şərifovun açıqlamalarını dəyərləndirdilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 23:50 | Şərh sayı: (0) | Baxılıb: 196
Ekspertlər Samir Şərifovun açıqlamalarını dəyərləndirdilər
Azər Mehtiyev: “İstiqrazların dövriyyəyə buraxılması doğru addımdır”
Maliyyə naziri Samir Şərifov ANS-in “Hesabat” proqramına müsahibəsində səsləndirilən bir sıra məqamlar mətbuatda ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, nazir valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün bir sıra tədbirlərin həyata keçiriləcəyini, yaxın günlərdə bazara istiqrazlar təqdim ediləcəyini deyib: “Bunlar manat istiqrazlarıdır. Bu istiqrazlar üzrə yüksək faiz ödəyəcəyik. Mən vətəndaşları dəvət edirəm ki, evdə yastıqlarının altında saxladıqları manatları bu istiqrazlara qoysunlar. Biz yüksək faiz ödəyəcəyik. Bu faizlər inflyasiyandan bir qədər yuxarı olacaq. İnflyasiya 10 faizdirsə, biz 11-12 faiz verəcəyik”.
Samir Şərifov əhalinin vəsaitləri evdə yastıq altında saxlaması məsələsinə də toxunaraq bunu istiqrazlara yatırmağa səsləyib.
İqtisadçı ekspertlər isə nazirin efir vasitəsi ilə ictimaiyyət qarşısına çıxmasını müsbət qarşılasalar da, verilişdə səsləndirdiyi fikirləri birmənalı qarşılamayıblar.
İqtisadçı ekspert Azər Mehtiyev musavat.com-a açıqlamasında bildirib ki, hökumət rəsmilərinin baş verəcək proseslərlə bağlı ictimaiyyətə açıqlama verməsi və onu əsaslandırması çox önəmlidir: “Bu addımlar nəinki qərar verildikdən sonra, əksinə qərar verilməzdən əvvəl atılmalıdır. Çünki, iqtisadiyyatdakı böhran durumu və bu böhranın aradan qaldırılması istiqamətində hökumətin hansı addımlar atacağı haqqında cəmiyyət vaxtında məlumat almalıdır. Atılan addımların əsas mənbədən birbaşa əhaliyə çatması çox önəmlidir. İctimaiyyət anlasın ki, qərarlar nədən ibarətdir, nə üçün qəbul olunub və bu qərarlar necə həyata keçiriləcək, proseslər necə tənzimlənəcək. Bu cür izahlar çox önəmlidir. Çünki, Azərbaycanda çox qəribə bir vəziyyət yaranıb ki, qanunvericilikdə edilən dəyişikliklər, qəbul olunan qərarlar yalnız qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanır. Buna qədər cəmiyyətə ötürülən informasiyalar fərqli olur. Hətta bəzən informasiyaların qeyri-dəqiq ötürülməsində müəyyən qurumlar maraqlı olurlar. Bu da düzgün olmayan informasiyanın cəmiyyətdə yayılmasına və doğru olmayan reaksiyalara səbəb olur. Bu baxımdan ən vacib məsələ hökumət adamlarının televiziyalarda vaxtında çıxış etməsi və yalan danışmadan, doğru-düzgün informasiyaların cəmiyyətə çatdırılmasıdır”.
Ekspert onu da qeyd elədi ki, bizdə hələ də müvafiq qurumların rəhbərləri ölkədə baş verən böhranın səbəblərini açıqlamaq əvəzinə, müxtəlif bəhanələr axtarırlar: “Göstərməyə çalışırlar ki, bu iqtisadi böhranın səbəbi heç də ölkədəki yanlış iqtisadi idarəetmə deyil, kimlərinsə verdiyi səhv proqnozların nəticəsidir. Ancaq bu, yanlış yanaşadır. Ölkədə hökumət düzgün qərar qəbul edib, tətbiq edərlərsə, o zaman kiminsə şərh verməsi ilə ölkə iqtisadiyyatında panika baş verməz. Bu baxımdan panikanın əsas səbəbi çox gec qəbul olunan, bəzən isə düzgün olmayan qərarlardır. Məsələn, valyuta bazarında baş verən ajiotajın birbaşa səbəbkarı, bu prosesləri tənzimləyən qurumların rəhbərlərinin televiziyada hər hansı bir devalvasiyanın olmayacağını bəyan edəndən bir neçə gün sonra devalvasiyanın baş verməsi oldu. Və ya, hökumət bu gün bir qərar qəbul edir, bir neçə gün sonra həmin qərarın mənfi təsirlərini gördükdən sonra o qərar ləğv olunur. Bu cür qeyri-müəyyənlik, qərarların ardıcıl olmaması son nəticəsə panika yaranmasına gətirib çıxarır. Bu cür qərarların qəbulundan qaçmaq, qərarlar qəbul edilməzdən əvvəl onun təsirlərini nəzərə almaq, bu zaman cəmiyyətə həmin qərarların nə üçün qəbul edilməsi və hansı istiqamətdə addımların atılması haqqında məlumat verilməlidir. Bütün hallarda hökumətin əsas funksiyası iqtisadi –siyasi proseslərin arxasında sürünmək, hadisə baş verdikdən sonra onun təsirlərini aradan qaldırmaq deyil. Hökumət hadisələri qabaqlamalı və iqtisadiyyatda baş verəcək mənfi hadisələrin qarşısını almaq üçün öncədən düşünüb qərar verməlidir”.
Azər Mehtiyev maliyyə nazirinin istiqrazların dövriyyəyə buraxılması təklifini müsbət qiymətləndirsə də, bunun yetərli olmadığını qeyd etdi: “Maliyyə naziri həm valyuta bazarında, həm ölkə iqtisadiyyatında yaranmış vəziyyətin aradan qaldırılması üçün atılacaq addımlardan danışdı. Xüsusilə də, valyuta bazarında baş verən proseslərin tənzimlənməsi ilə bağlı söylədiyi fikirlər səsləndirdi. Bildirildi ki, Maliyyə Nazirliyi istiqrazlar buraxmağa hazırlaşır, həm manat, həm dollar istiqrazlarını dövriyyəyə buraxılacaq, bununla da əhalinin əlində olan pulların dövriyyəyə qaytarılmasına çalışacaqlar. Bu, doğru addımdır. Çünki, həqiqətən də son zamanlar yaranmış qeyri-müəyyən mühitdə insanlar əllərində olan cüzi vəasiti də dollara çevirməklə gözləmə mövqeyi tutublar. Bu vəziyyət iqtisadiyyat üçün ağrılı bir proses ola bilər. Getdikcə əhali ilə hökumət arasında münasibətlərin korlanmasına, etimadsızlığa gətirib çıxaran addımdır. Ölkədə iqtisadi aktivliyin artırılması baxımından ən müxtəlif addımlar atılmalıdır. Məsələn, əmanətlərin məbləğinin tam sığortalanması, dollar və ya manatla ola biləcək istiqrazların satılması vəsaitlərin dövriyyəyə cəlb olunmasını nəzərdə tutur. Banklarda kredit faizlərinin aşağı salınması, xüsusilə işgüzar insanlara aşağı faizlərlə güzəştli kreditlərin verilməsi və sair mexanizmlər tətbiq edilməlidir ki, ölkədə iqtisadi canlanma baş verə bilsin. Ancaq bu addımlar yetərli deyil. Yalnız bu qərarlarla əhalinin öz vəsaitlərini gətirib banklara qoyacağını, həmin istiqrazları alacağını düşünmək bir qədər sadəlövhlük olardı. Çünki, ötən il son dərəcə gərgin hadisələrlə yadda qaldı. Bu hadisələr əhalinin banklara inamın sarsılmasına səbəb oldu. Bu etimadın qazanılması üçün zamana və hökumətdən ardıcıl addımlar atmasına ehtiyac var”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər