QAT antiböhran təklifləri ilə çıxış etdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 16:55 | Şərh sayı: (0) | Baxılıb: 239
QAT antiböhran təklifləri ilə çıxış etdi
Qarabağ Azadlıq Təşkilatı İdarə heyətinin geniş iclasında ölkədəki ağır sosial-iqtisadi vəziyyətlə bağlı məsələ müzakirə olunub, təkliflər planı qəbul olunub və dövlət başçısına göndərilib.
QAT Mətbuat Xidmətindən musavat.com-a verilən məlumata görə, qurumun hazırladığı sənəddə göstərilir:
Dünyada gedən iqtisadi-siyasi böhranın nəticəsi olaraq Azərbaycanda yaranmış ağır sosial-iqtisadi durumla bağlı Sizə müraciət edirik. Bu vəziyyət hər kəs kimi bizi də narahat edir. Həm insanların düşdükləri ağır vəziyyət, sosial-iqtisadi çətinliklər, həm də bu vəziyyətlə bağlı dövlətimiz üçün yarana biləcək təhlükələr bizi narahat edir. Biz ölkənin, dövlətin, işğal altındakı torpaqlarımızın, Qarabağın taleyi ilə bağlı öz məsuliyyətimizi dərk edən bir ictimai qurum olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Azərbaycan bu vəziyyətdən daha güclü və müqavimətə qabil dövlət olaraq çıxmalıdır. Ona görə də dövlət səviyyəsində düşünülmüş və səmərəli tədbirlər həyata keçirilməlidir. Biz bu vəziyyətdən bəzi siyasi qüvvələrin məkrli və qrup maraqları üçün istifadə etməsinin əleyhinəyik. Kimlərsə fikirləşməsin ki, vəziyyətin pisləşməsi, hakimiyyət böhranının yaranması onlara xeyir gətirəcək. Vəziyyətin daha pisləşməsini istəyənlər bilməlidirlər ki, yarana biləcək xaos, dağıntı, özbaşınalıq, anarxiya heç kəsə xoşbəxtlik gətirməyəcək. Hakimiyyətdəki qüvvələrin səviyyəsizliyi, əsassız arxayınçılığı, insanların problemlərinə etinasızlığı yolverilməzdir. Hakimiyyət bilməlidir ki, yarımçıq tədbirlərlə vəziyyətdən çıxmaq mümkün olmayacaqdır. Hakimiyyət cəmiyyətin bütün təbəqələrinin səylərini birləşdirməli, real milli barışığa nail olmalı, təcili və səmərəli tədbirlər planı hazırlamalıdır. Hakimiyyətdənkənar siyasi qüvvələr, ictimai təşkilatlar, nüfuzlu ictimai xadimlər pozuculuq fəaliyyəti ilə məşğul olmalı deyil, vəziyyətdən optimal çıxış yolunun axtarılıb tapılmasına çalışmalı, hökümətə konstruktiv təkliflərini verməlidir. Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq hakimiyyətin yanlış addımları, eyni zamanda vəziyyətdən sui- istifadə etmək istəyən qüvvələrin məkrli niyyətlərinin qarşısını almaq üçün bütün imkanlarımızdan istifadə edəcəyimizi bildiririk. Azərbaycan dövlətinin təhlükəsizliyinə, Qarabağın azadlığı işinə xələl gətirmək istəyən hər kəs qarşısında bizi görəcəkdir.
Hökümət tərəfindən vacib tədbirlər planının hazırlandığını və həyata keçirildiyini bilir, lakin cəmiyyəti narahat edən, ictimai rəydə özünə yer alan bəzi təklifləri Sizə çatdırmağı özümüzə borc bilirik.
1. Ölkədə milli barışıq, milli birliyin gücləndiriliməsi istiqamətində addımlar atılsın. Geniş amnistiya elan olunsun, bir çox məhbusların azadlığa çıxması təmin olunsun. Ölkədəki iqtisadi-sosial vəziyyətə görə məsuliyyət daşıyan Nazirlər Kabineti tam heyətdə istefaya göndərilsin.
2. Milli Birlik Komitəsi yaradılsın. Siyasi, ictimai qurumların nümayəndələri, ictimai xadimlər, mətbuat təmsilçiləri, iqtisadi və siyasi ekspertlər bu quruma daxil edilsinlər. Bu Komitə antiböhran tədbirlərinin hazırlanmasında iştirak etsin, hökümətin qəbul edəcəyi antiböhran tədbirləri bu Komitə ilə razılaşdırılsın. Hesab edirik ki, bu addım həyata keçirilən tədbirlərə əhalinin inamını ciddi şəkildə artıracaq.
3. Bütün bank kreditlərinin 10 min ABŞ dollarına qədər olan hissəsi banklara dövlət tərəfindən ödənilsin, borcların yerdə qalan hissəsinin aşağı faizlərlə ödənilməsi müəyyən edilsin.
4.Məscidlərin, restoranların, şadlıq saraylarının, həmçinin iri şirkətlərin nəzdində sosial yeməkxanalar açılsın, imkansız şəxslərə gündə 3 dəfə pulsuz yemək verilsin.
5. İşsizlər üçün kütləvi ictimai işlər təşkil edilsin. Adamların gündəlik 10-15 manatlıq, həm də öz zəhməti ilə çörək pulu qazanmasına şərait yaradılsın.
6. Dövlətin nəzarətində olan sosial xəstəxana və apteklər yaradılsın.İmkansız insanların pulsuz müayinə, müalicə və dərmanalara olan təminatı üçün şərait yaradılsın.
7.Sosial mağazalar yaradılsın. İmkansız insanalara ucuz qiymətə gündəlik tələbat mallarının satışı təmin edilsin. Ticarət mərkəzlərində idarəçilik, icarə və digər sahələrdə özbaşınalığa son qoyulsun.
8. Həddindən artıq məsrəfli beynəlxalq tədbirlərdən, o cümlədən idman yarışlarından imtina edilməlidir.
9. Ölkəyə mal idxalını azaltmaq, ölkədən mal ixracını maksimum artırmaq lazımdır. Daxili bazarı xarici müdaxilədən maksimum qorumalı, daxili bazarı daxili malla mümkün qədər çox təmin etməli. Xaricdən gələn bütün mallara yüksək rüsum qoymaqla idxalı məhdudlaşdırmaq. Bu siyasət ölkəyə daha çox dolların gətirilməsinə, manatın güclənməsinə şərait yardacaq, daxili istehsalı və daxili bazarı gücləndirəcəkdir.
10. Ölkə iqtisadiyyatında əsas diqqət aqrar sahəyə, kənd təsərrüfatına yönəldilməli, investisiya qoyulmalı, şərait yaradılmalı, stimul təmin edilməlidir. “Qabaqcıl ölkə olmaq üçün sənaye ölkəsi olmaq lazımdır” tezisi artıq köhnəlib. Çox yaxın gələcəkdə dünyanın taleyini kənd təsərrüfatı ölkələri, ərzaq istehsal edən ölkələr həll edəcək. Azərbaycanın bu sahədə geniş imkanlarından istifadə olunmalıdır.
11. İqtisadi siyasətin məqsədi orta sinifin formalaşdırılmasından ibarət olmalıdır. Güclü orta sinifi olan ölkənin heç bir təhlükədən, kataklizmdən, böhrandan qorxusu yoxdur. Orta sinifin hakim olduğu cəmiyyətdə rüşvət, oğurluq, saxtakarlıq və digər naqisliklər öz- özünə aradan çıxır.
12. İndiki şəraitdə bu siyasətin həyata keçirilməsi, ilkin kapitalın əldə olunması üçün birinci növbədə bütün oliqarxların əmlakı, daxili və xarici banklardakı pulları müsadirə olunmalıdır. Neftdən gələn bütün gəlirlər bu istiqamətə yönəldilməlidir.
13. Bu siyasətin həyata keçirilməsi üçün ciddi kadr dəyişiklikləri edilməli, cəmiyyətin bütün təbəqələrindən milli kadrlar cəlb olunmalı, yerlibazlığa, qrupbazlığa son qoyulmalı ciddi dövlət nəzarəti mexanizmi yaradılmalı və ləngimədən işə başlanılmalıdır.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər