“Qiymətləri artıran bəzi mafiyalaşmış qruplar var” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:36 | Şərh sayı: (0) | Baxılıb: 268
“Qiymətləri artıran bəzi mafiyalaşmış qruplar var”
Qabil Hüseynli: “Dövlət büdcəsini dağıtmayan, vətənpərvər insanlar iş başına gətirilməlidir”
Dekabrın sonlarında ölkəmizdə baş verən ikinci devalvasiya demək olar ki, bütün sahələri iflic etdi. İqtisadi böhranın fonunda kütləvi bahalaşmalar ölkəni ağuşuna alıb.
İl ərzində baş verən ikinci devalvasiya bir məsələni yenidən aktuallaşdırdı. Hakimiyyət yenə də süni bahalaşma versiyasını ortaya atdı. 2015-ci ilin fevralında baş verən ilk iqtisadi böhranda da ölkə iqtidarı eyni siyasəti yürütmüşdü. Sanki hakimiyyət çıxış yolunu burada axtarır. Xüsusilə ölkə başçısının Nazirlər Kabinetinin son iclasında süni bahalaşma ilə bağlı sərt açıqlamaları, bu problemi yaradanların cəzalandırılması kimi fikirləri iqtidarın çıxış yolunu burada axtardığını göstərdi. Artıq bu yolda ilk addım da atılıb. Belə ki, ölkədə yumurtanın qiymətini artıranlara qarşı cinayət işi başlanılıb. Bir sıra qurum rəhbərlərinin məsuliyyətə cəlb olunmaları istiqamətində işlər də başlayıb.
Göründüyü kimi, hakimiyyətin böhrandan çıxış yolu kimi tapıntısı süni qiymət artımıdır.
Politoloq Qabil Hüseynli hesab edir ki, qiymətlərin bir hissəsinin artımı təbiidir: “Əgər xaricdən gətirilirsə, dollarla alınırsa, həmin məhsulların bahalaşmasını təbii qarşılamaq lazımdır. Ölkədə hazırda inflyasiya prosesi gedir. Amma etiraf edək ki, süni qiymət bahalaşması da var.
Xüsusilə yerli istehsal məhsullarında bu cür artım baş verir. Yumurtanın qiymətinin artırılmasını çətin başa düşmək olur. Rayonlardan gətirilən qida məhsullarının artırılmasını başa düşə bilmirəm. İstehlakçı hazırda məhsullarını bazarda satmaqdan məhrumdur.
Qiyməti bahalaşdıran arada oynayan şəxslərdir. Qiymətləri artıran bəzi mafiyalaşmış qruplar var. Əlləri ciblərində gəzirlər, xüsusi adamlar var ki, rayonlardan məhsulları alıb daha baha qiymətə satırlar. Apteklərdə dərmanlar azalıb. İstifadəçi kimi özümə lazım olan dərmanı tapa bilmirəm. Tapanda isə görürəm ki, qiyməti hədsiz bahalaşıb. Mənim üçün elə önəmi yoxdur, amma daimi istifadəçilər üçün çox önəm daşıyır. Hətta telekanallarda gördüm, elə yerlər var ki, dərmanları 3-4 qat bahasına satırlar. Buna görə də inzibati idarə sistemi gücləndirilməli, ictimai nəzarət daha da artırılmalıdır.
Əhalinin soyulmasına imkan vermək olmaz. Aqrar sektora xüsusi diqqət ayrılması elə də çox vəsait tələb etmir. Eyni zamanda sovet dövründən qalmış fabrik, zavodlar bərpa edilməlidir. Süni qiymət artımı obyektiv və subyektiv səbəblərə görə baş verir. Birtərəfli düşünmək olmaz. Manatın devalvasiyasını üzən məzənnə sistemində həyata keçirmişik. Amma dollar qıtlığı vaxtında dollar satıcıları peyda olublar. Buna qarşı xüsusi amansızlıqla mübarizə aparmaq lazımdır. Bəzi şəxslər var ki, vəziyyətdən istifadə edib süni problem yaradırlar. Nəticədə aşağı təbəqə yoxsullaşır, xüsusi qruplar varlanır”.
Politoloq iqtisadi böhranı süni qiymətlə bağlamağın doğru olmadığını da qeyd etdi: “Ölkə ciddi reformalara getməlidir. Antiböhran tədbirləri hazırlanmalı, ciddi kadr dəyişikliyinə gedilməlidir. Dövlət büdcəsini dağıtmayan, vətənpərvər insanlar iş başına gətirilməlidir. Rüşvət və korrupsiya aradan qaldırılmayınca, aparılan tədbirlər məqsədinə çatmayacaq”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər