Prezident İlham Əliyev: "Dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-12-2015, 07:14 | Şərh sayı: (0) | Baxılıb: 371
Prezident İlham Əliyev: "Dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər"
"Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Ancaq əlbəttə ki, bütün cəmiyyət də bu təşəbbüsə qoşulmalıdır".
APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binası istifadəyə verilmə mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ciddi islahatlar aparılır: "Bu islahatların bir məqsədi var ki, ehtiyacı olan insanların problemləri həll edilsin, ədalət tam şəkildə təmin olunsun. Yəqin siz də bilirsiniz, əlil olan insan əvvəlki illərdə arayış, əlillik dərəcəsini almaq üçün bəzi hallarda gərək hər il gəlib sübut edəydi ki, o, əlildir. İndi aparılan islahatlar artıq bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər, əlil olmayan insanlar bəzi hallarda əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu, əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Ancaq əlbəttə ki, burada dövlət məmurları da çox nalayiq işlərlə məşğul idilər. Ona görə bu sahədə ciddi nəzarət olmalıdır, qayda-qanun yaradılmalıdır və ictimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır. Dövlət öz tərəfindən üzərinə düşən bütün vəzifələri icra edir, edəcək. Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar, onların problemləri daim diqqət mərkəzindədir".
Prezident ölkədəki iqtisadi durumdan da söz açıb: "Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşib. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun, sosial layihə icrasız qalmayıb. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun, ixtisar olmayacaq. Sadəcə, dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər