Qlobal miqyasda gedən mənfi proseslər fonunda Azərbaycan |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-10-2015, 22:54 | Şərh sayı: (0) | Baxılıb: 425
Qlobal miqyasda gedən mənfi proseslər fonunda Azərbaycan
Prezident İlham ƏLİYEV: "Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək"
Dünyada maliyyə böhranının davam etdiyi və risklərin artdığı bir şəraitdə makroiqtisadi sabitliyin qorunub saxlanılması Azərbaycan dövlətinin iqtisadi siyasətinin qlobal miqyasda cərəyan edən neqativ təsirlərə müqavimət gücünü nümayiş etdirir. Bir çox dövlətlərdən fərqli olaraq ölkəmizdə infrastruktur layihələrinin icrası davam etdirilir, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilir. Bütün bunların da əsasında məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanır.
Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi cənab İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir.
Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfə çatmaq üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilib, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan verib. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunub. 2015-ci ilin birinci yarısında ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılıb ki, onlardan da 48 mini daimidir. Ümumilikdə isə son 12 il ərzində 1 milyon 400 min iş yeri açılıb və onlardan 1 milyonu daimidir. Ötən ilin yekunlarına əsasən, Azərbaycanda işsizlik 4,9 faiz, yoxsulluq 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin təcrübəsi də sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 12 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.
Dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafında davamlılığın təmin edilməsi məqsədilə ilə 27 fevral 2014-cü il tarixində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. Dövlət proqramının icrasının birinci ilinin yekunları respublikanın regionlarının davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir. Dövlət proqramı çərçivəsində bu ilin 9 ayı ərzində 170-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 430-dan artıq müəssisənin isə tikintisi davam etdirilir. Bu dövrdə regionlarda 34 məktəb, 26 bağça, 11 səhiyyə, 8 gənclər və idman, 24 mədəniyyət və digər sosial obyekt tikilmiş və əsaslı təmir olunmuşdur. Hazırda 250-yə yaxın sosial obyektlərin təmir-tikintisi davam etdirilir.
Regional inkişaf sahəsində əldə olunmuş uğurlu nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhrandan irəli gələn çətinliklərə baxmayaraq davamlı inkişaf edir. Dünya bazarında neftin qiymətlərinin büdcədə nəzərdə tutulmuş həddən aşağı düşməsi də mühüm layihələrin başa çatdırılmasına təsir göstərməmişdir. Bütün bunlar isə ölkədə həyata keçirilən çoxşaxəli dövlət siyasətinin əsasında insan və şəxsiyyət amilinin dayandığını bir daha təsdiqləyir.
Bu gün dünyanın əksər regionlarında sosial, iqtisadi və siyasi problemlər qabarıq şəkildə özünü büruzə verir. İraq və Suriya kimi dövlətlərdə qanlı toqquşmalar, müharibələr davam edir. Avropa böyük miqrant problemi ilə üzləşib. Dünyada maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlanıb. Qlobal miqyasda gedən mənfi proseslər fonunda Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişafı təmin edir. Bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və ölkəmizə olan maraq gündən-günə artır.
Prezident İlham Əliyev bu günlərdə Ucar və Göyçay rayonlarına səfəri çərçivəsində ictimaiyyətin nümayəndələri ilə görüşündə bildirib: "Bu gün dünyada, bölgədə yaşanan xoşagəlməz mənzərə bir daha Azərbaycanın uğurlu inkişaf modelini ortaya qoyur. Bizim ölkə nümunədir. Mən ona görə demirəm ki, özümüzü tərifləyək, qüsurlar da çoxdur. Ancaq indi dünyada gedən ümumi proseslərə baxdıqda görürük ki, Azərbaycanda həm ictimai proseslər, həm də iqtisadi inkişaf düzgün məcrada gedir. Baxmayaraq ki, neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb, Azərbaycan vətəndaşı bunu hiss etməməlidir. Maaşlar, pensiyalar vaxtında verilir, islahatlar aparılır, beynəlxalq imicimiz gündən-günə güclənir. Çünki bu uğurlu inkişaf modelinin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Biz həmişə çalışmışıq və çalışırıq ki, daxili resurslara arxalanaq. Ona görə heç kimdən asılı deyilik. Ona görə özümüz öz həyatımızı qurmuşuq və yaxşı həyat qururuq.
Bununla bərabər, hamımız yaxşı bilirik ki, hələ görüləsi işlər çoxdur, həm mərkəzdə - Bakıda, həm bütün bölgələrdə quruculuq, abadlıq, inkişaf, islahat və sosial ədalət - bütün bu məsələlər daim diqqət mərkəzindədir. Mənim bölgələrə mütəmadi səfərlərimin məqsədlərindən biri də odur ki, vəziyyətlə tanış olum, soruşum işlər necədir, hansı məsələlər insanları narahat edir, incidir ki, biz onları həll edək. Bax, biz bu yolla gedirik və əminəm ki, yaxın bir neçə il ərzində ölkə qarşısında duran bütün əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaq".
Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilir. Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaqdır.
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər