Etirazlar niyə baş verir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:31 | Şərh sayı: (0) | Baxılıb: 262
Etirazlar niyə baş verir?
Onları çox gözləmək lazım gəlmədi. Xaotik sosial etirazları deyirəm. Bir-birinin ardınca bir neçə sosial etirazın baş verməsi haqqında xəbərləri eşitdik və desək ki, təəccüblənmədik, bu, reallığı təhrif etmək olmaz. Ona görə təəccüb etmədik ki, bütün rəsmi “ideoloji frazeologiya”ya rəğmən Azərbaycan cəmiyyəti də normal cəmiyyətdir, o, normal insanlardan təşkil olunub. Normal insanlar isə heç vaxt bahalaşmanı və iqtisadi böhranı alqışlamırlar...
Təbii ki, hakimiyyət etirazlarda ilk olaraq müxalifətin izlərini axtardı. Amma güman etmirik ki, bu izlər düşünülən qədər qabarıqdır. Sanki müxalifət olmasaydı insanlar bahalaşmanı alqışlayacaqdılar!..
Son vaxtlar rəsmi siyasətdə məntiq axtarmıram. Ona görə ki, bu səmərəsiz, tamam absurd bir məşğuliyyətdir. Amma ən azı formal məntiq olmalıdır və insanların davranışını ən azı formal məntiq çərçivəsində yozmağa cəhd etmək lazımdır...
Formal məntiq isə başqa şey deyir. O, bir daha ərz edir ki, bahalaşma heç də alqışlanmır, insanlar ailələri və uşaqları qarşısında aciz görünməyi toy-bayram kimi qeyd etmirlər...
Hər şey sadədir: “İlan vuran yatar, ac yatmaz!” deyiblər. Çox şey demək olardı - bəli, geosiyasətdən tutmuş qeyri - neft erasına qədər çox şeyi ard-arda düzüb-qoşmaq olardı...
Amma mənası varmı? Əsas bilirsiniz nədir? Biz əyalət kapitalizminin eybəcər modelini yaratdıq. Buna “klassik kapitalizm” də demək olar. O kapitalizm ki, Qərb ədəbiyyatında həmişə yamanlanıb...
Biz nə etdik? İnsanlara iqtisadi və siyasi azadlıq vermədən, onları qeyri-bərabər və mürtəce rəqabətdən qorumadan, məmurların onlara uzanan çirkli əllərini kəsmədən, onları inhisar deyilən iqtisadi atavizmdən hifz etmədən kapitalizmin qucağına atdıq və onlara “boğulanların xilası elə boğulanların özündədir” dedik...
Ömrünü iş axtarışına sərf edən yazıq adamlara “təqaüd almağınız öz işinizdi!” dedik. Daşlı-kəsəkli yerdə bir-iki hektar torpağı və yabadan-beldən savayı bir aləti olmayan adama “artıq fermersən!” dedik. Fəhlələri lap vəhşi kapitalizm dövründə olduğu kimi muzdlu qullara çevirdik. Bu da azmış kimi, düşündük ki, onlar buna görə bizi alqışlayacaq...
Yox, onlar alqışlamadılar. Alqışlaya da bilməzdilər. Ona görə ki, bizim istəyimizə rəğmən, onlar robot deyillər, insandırlar... Qərəz, çox gileylənmək və ağılar yazmaq olardı. Amma bunu etməyəcəyik. Həmişə olduğu kimi “Nə etməliyik?” deyə də sormayacağıq...
Ona görə ki, çox təkliflər verilib. Onların fərqinə isə varan yoxdur. Hökumət özünü elə aparır ki, sanki bütün sualların cavabını bilir və heç kimdən məsləhət ummur. Bəli, onlara elə gəlir ki, bizim azərbaycanlılar istismar etmək, aldatmaq və əzmək üçün ən ideal cəmiyyətdir. Onlara elə gəlir ki, bu cəmiyyəti bundan sonra hələ yüz il də aldada, əzə və istismar edə bilərdilər, fəqət, buna bir-iki müxalifətçi və ya jurnalist mane olur...
Burada kapitalizmin dalınca deyinəsi də deyilik. Ona görə ki, kapitalist ölkələri də göz önündədir. Axı kim bizə dedi ki, əyalət, periferiya kapitalizmi yapaq? Belə “sifariş” vardımı? Yox idi. Sadəcə, bizi idarə edənlərə belə daha çox sərf edir...
Amma bu da səthi qənaətdir. Bir gün əzilən insan qeyzlə çevrilib qırmancın sapını əlinə alır. Siz nə qədər sərt və qəddarsınızsa sizə qarşı çevrilən həmin o əzilən insan da bir o qədər sərt olacaq. Bumeranq hansı sürətlə atılırsa, geriyə də həmin sürətlə dönür...
Bu etirazların bir tərəfi də var. Onlar göstərir ki, insanlar düşünülən qədər də sınmayıq. Düşünülən qədər də çökməyib. Onlar öz kimliklərinin, necə deyərlər, fərqindədirlər, hələ ayaq üstə qalxa bilirlər...
Bütün inkişaf yolları, ssenariləri arasında ən pisi inqilabdır - yaxşısı odur ki, inkişaf onlara üz tutmadan baş versin. Bütün inqilabların içində də elə ən pisi acların qiyamıdır...
Ona görə də gəlin, yaxşı-yaxşı düşünək. Biz insanları hara sürükləyirik, onları nəyə təhrik edirik? Doğrudanmı bizi bu ssenari qane edir? Yoxsa elə İ.Stalinin vaxtındakı tək ac kütlənin qarşısına qoşun çıxarmaq niyyətindəyik?..
Kapitalizm insanların indiyə vaxta qədər düşünüb-tapdığı ən uğurlu iqtisadi modeldir. Amma onu insanı əzən cəhənnəm mexanizminə də çevirmək olar. Gəlin bunu etməyək - kapitalizmi cəhənnəm maşınına çevirməyək. İnanın, bu, hamımız üçün yaxşı olar...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər