Hökumətin qəzetlərə böyük dəstəyi – onları susdurmaqla... |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-01-2016, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 210
Hökumətin qəzetlərə böyük dəstəyi – onları susdurmaqla...
Yazmaq lazımdır, sonuncu oxucu qalana qədər, yazmaq...
Elə bu günlərin söhbətidir. Köşkdən siqaret almaq istəyirdim. Məndən irəlidə qoca bir rus qadını dayanmışdı...
Daha doğrusu, özüm onu irəli buraxdım ki, görüm bu qadın nə alacaq? Qadın “Arqumentı i faktı” qəzetini götürdü...
Bəlkə də bu qadın adi bir təqaüdçü idi və öz təqaüdündən kiçik bir hissəni də qəzet almaq üçün ayırır...
Doğrusu, mənzərə mənə çox təsir etdi. Özümə və özümüzə görə bir az utandım. Ona görə utandım ki, biz belə deyilik. Hətta son vaxtlarda metroda və ya dayanacaqda əlimizdə qəzet tutmağı özümüz üçün az qala həqarət sayırıq...
****
Başa düşürəm. Deyəcəksiniz ki, qəzetlərin internet versiyası var və maraqlanan adamlar onu oxuyurlar. Amma internet versiyaları qəzetləri tamam əhatə etmir. Həm də internet təkcə Azərbaycanda deyil, ABŞ-da və Türkiyədə də var. ABŞ-ı bir tərəfə qoyuram. Türkiyədə qəzetlər böyük qüvvədir. Onlar böyük korporasiyalardır. O qədər böyükdürlər ki, bizim bütün redaksiyalar birləşsə belə yenə də o böyüklükdə olmaz...
Bəli, bizim qəzetlərin yolu heç vaxt hamar olmadı. Əvvəl senzura vardı. Sonra bizi cüzi reklamdan da məhrum etdilər. Daha sonra isə satışa problemlər yaratdılar. Biz bu yolu bu maneələrdən keçərək gəldik. İndi iki jurnalistika var və onlar arasında yerlə göy qədər fərq mövcuddur...
Birincisi mükafatlar alır, təltif olunur, böyük ziyafətlərə dəvət alır. O birisi isə daim küncdədir. Bir qrup insan bir neçə redaksiyada fədakarlıq edərək qəzet buraxırlar...
Mən qəzetlərin gücünü son hadisələr zamanı gördüm. Hamı deyirdi ki, filan şeyi qəzetlər hələ bir neçə il bundan əvvəl yazırdı!.. Düzdür, burada məsuliyyəti qəzetlərin üstünə atmaq cəhdi də vardı. Amma qəzetlər həqiqətən də çox şey yazmışdılar və indi də yazırlar...
Amma indi vəziyyət həqiqətən də ağırdır. Bahalaşma, manatın kursunun düşməsi birinci qəzetləri “vurdu”. Onlar nə etsinlər? Durub qəzetin qiymətini artırsınlarmı? Güman ki, məcbur olub artıracaqlar. Amma bu, çıxış yoludurmu?..
Bizim qəzetlərin ciddi satış problemi var. İndiki sistem özünü doğrultmur və qəzetlər nəinki pis satılır, hətta satışdan gələn pullarını da ala bilmirlər. Bunu yalnız hakimiyyət yoluna qoya bilər, çünki qəzetlər bu maneələri müstəqil şəkildə dəf etməkdə acizdirlər...
Bir vaxt səyyar satış vardı. Bir vaxt metroda satış vardı. Axı onlar kimə mane olurdu? Nədən onları yasaq etdilər?..
Bəli, ilk baxışda belə təəssürat yarana bilər ki, hökumətin qəzetlərə böyük dəstəyi var– maddi yardım edir, hətta jurnalistlərə ev də verirlər. Amma bütün bunlar nəyin qarşılığında oldu? Qəzetlərin faktiki olaraq susdurulmasının, onların əsl bazardan, reklamdan məhrum edilməsinin sayəsində oldu bunlar...
Bu qədər böyük qurban vermək nə qədər məntiqli idi? Güman etmirik ki, buna bəraət qazandırmaq istəyən olsun...
İndi qəzetlər böyük bir məchulluğun qarşısında dayanıblar. Bu məchulluq onlara nə vəd edir? Bu günlərdə bir jurnalist dostum dedi ki, az qala otuz ildir jurnalistika ilə məşğul oluram, amma belə bir qeyri-müəyyən vəziyyət görməmişdim...
Həqiqətən də çətin durumdur. Artıq gurultulu, pafoslu sözlərə, söhbətlərə ehtiyac yox, onlarsız da hər şey aydındır. Biz nə etməliyik? Qəzetləri qorumaq haqqında düşünmək lazımdır...
Bəli, qəzetlər cəmiyyətin sinirləridir. Onları itirməklə biz hakimiyyətə son təsirimizi də itirmiş oluruq. Fəqət, bundan başqa da məsələ var. Jurnalistika və qəzetlər bizim həm də işimizdir. Biz işimizi, peşəmizi itirmək məcburiyyətində qalmışıq. Nə edək? Yazmağı və ya xəbər verməyi atıb gedib maşın yuyaqmı? Bəlkə ölkədə onsuz da artan işsizlərin sayını bir az da artıraq?..
Bəlkə də ilk dəfədir ki, mən özüm də nə etmək lazım gəldiyini bilmirəm. Bir şeyi bilirəm ki, biz itirilmiş oxucuları qaytarmalıyıq. Bəli, biz oxucularımızı və öz alıcılarımızı itirmişik. Nəsə bir yol tapıb, onları qaytarmalıyıq. Reklam uğrunda çarpışmalıyıq...
Başa düşürəm, demək asandır. Amma bir fərd olaraq biz nə edə bilərik? Bir jurnalist dostum da deyirdi ki, yazmaq lazımdır, bəli, sonuncu oxucu qalana qədər yazmaq lazımdır... Biz də yazmalıyıq-sonuncu oxucu qalana qədər...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər