İnsan haqqında ballada... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 14:54 | Şərh sayı: (0) | Baxılıb: 322
İnsan haqqında ballada...
İnsanın ən yaxşı keyfiyyətlərindən biri onun xatırlamaq, yada salmaq xüsusiyyətidir. İnanmıram ki, başqa canlılarda da bu qabiliyyət olmuş olsun...
Hətta olsa belə, insanda bu keyfiyyət daha qabarıqdır...
Bu günlərdə saytların birində bir maraqlı məlumat gözümə dəydi - bu həftə Amerika yazıçısı C.Londonun anadan olmasından düz 140 il keçir. Mənim üçün bu yazıçı xüsusi bir önəm kəsb edir. Düzdür, ədəbiyyat real hadisələrdən həmişə təsirli olur. İnsan yaşa dolduqca bunu daha çox dərk etməyə başlayır və bəlkə də elə buna görə də ədəbiyyata qarşı bir az soyuyur...
Amma bu dünyada böyük ədəbiyyat deyilən bir anlayış da var. O, heç vaxt unudulmur, insan ona qarşı heç vaxt soyumur. Əsl böyük Amerika ədəbiyyatı da bu qəbildəndir...
C.Londonu demək olar ki, mərhələlərlə oxumuşam; uşaqlıqda bir az, gənclikdə bir az və yaşa dolduqdan sonra da bir az... Hər dəfə də o, mənə bir cür, fərqli tərzdə təsir edib. Amma heç vaxt təsirsiz olmayıb...
Onun “Martin İden”, “Dəmir pəncə” romanları hələ də yaddaşımdan silinməyib. Mən hələ gözəl hekayələri və onların yaratdığı gözəl təəssüratları demirəm...
Tələbəlik vaxtı onun hekayələr toplusu əlimə keçmişdi. Kitabı götürüb bir tərəfə çəkildim. Onları neçə gün oxudum, artıq bunu xatırlamaq iqtidarında və gücündə deyiləm...
C.Londonun əsas xüsusiyyəti nə idi? Əsərlərindəki sərt realizm! Bəlkə də mənim onu bu cərəyana aid etməyim kimdəsə etiraz yaradacaq - özümü ədəbi janrlarla bağlı elə də məlumatlı hesab etmirəm. Amma mən bu yazıçını başqa koordinat sistemində təsəvvür edə bilmirəm.
Əvvəldə dedim ki, böyük ədəbiyyat real hadisələrdən bir az təsirli olur. Amma gərək “bir az uca” yazaydım.
Həyat özü də heç də az təsirli olmur. Sadəcə, insanların bir çox hallarda həyatdakı hadisələrə dəyər vermək imkanları olmur. Bəlkə də “buna onların vaxtı olmur” demək daha düzgün olardı...
İnsanlar hərəkətlərinin etik dəyəri haqqında hərdən düşünsələr də, onların estetik dəyəri haqda düşünməyə meylli olmurlar. Bir çox hallarda onlar
bunu başqalarının öhdəsinə buraxırlar.
Qayıdaq C.Londona... Hərdən özümüzü az qala onunu hindularının yerində hiss edirəm. Mənə elə gəlir ki, biz də azad idik, varlı idik, çünki təbiət özünü bizim sərəncamımıza vermişdi. Amma bir gün “ağ adamlar” gəldilər və onlar özləri ilə “qanun” gətirdilər...
Bu “qanun” yasaqlardan və qadağalardan ibarət idi. Onlar bizi bu qadağalar və yasaqlar çərçivəsində yaşamağa məcbur etməyə başladılar.
Bəli, bir sözü deyirəm, başqa birisi yadıma düşür. Bir neçə il bundan əvvəlin söhbətidir. Bir yazı haqqında demişdim ki, lap hindu lideri Qara Tərlanın nitqinə bənzəyir. O vaxt bir müxalifət lideri qayıdıb dedi ki, bəlkə elə belə də olmalıdır?..
O vaxt mən ona cavab vermədim. Amma indi baxıb görürəm ki, o, haqlı imiş - azadlığı əlindən alınan bütün mübariz insanlar doğrudan da hindulara bənzəyir. Onlar “ağ adamlar”ın “qanun”u qarşısında, onların yasaqları qarşısında acizdirlər. “Ağ adamlar”ın silahı, pulu - sərvəti var. Hinduların isə bunun qarşısnda yalnız əyilməz inadı var.
Onlar “ağ adamlar”a etirazlarını onların yasaqlarını tanımamaqla, öz qaydaları ilə yaşamaqla bildirirlər...
Qərəz, nə başınızı ağrıdım? Bunların hamısı C.Londonun hekayələrində var və həmin hekayələri oxumamaq sadəcə, günahdır... Bilirsiniz, oxumağın çox fəziləti var. Uşaqlıqda eşitmişdim ki, adam bədii ədəbiyyat oxumayanda beyni quruyur. Etiraf edirəm ki, əvvəl bunu lap hərfi mənada başa düşmüşdüm və düşünmüşdüm ki, elə həqiqətdə də belə olur.
Amma yaşa dolduqca bunun məcazi bir fikir olduğunu anladım və dərk etdim ki, insanın beyni qurumasa da, bədii ədəbiyyat oxumayanda onun hissləri korlaşır və kütləşir.
Bütün ədəbiyyatlar haqqında bir söz demək olar. Onlar bir fikir aşılayır. O da budur ki, sən böyüksən, insan, böyük olduğunu dərk et.
C.Londonda da böyüklük hissi çox qabarıqdır. Onda hər iki tərəfə qarşı bir simpatıya duyulur: o, “ağ adamlar”a qarşı da, onların əleydarlarına - “qırmızı” adamlara qarşı da eyni dərəcədə həssasdır.
O, “Ağlar”ı qətiyyətinə görə, “qırmızı” adamları isə inadına görə sevir... Ən dəhşətlisi isə odur ki, dünyada “ağlar” və “qırmızı”lar bir simbioz təşkil edir və onları ayırmaq heç də həmişə asan olmur.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər