ASAN-xidmət harda ölüb? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:06 | Şərh sayı: (0) | Baxılıb: 281
ASAN-xidmət harda ölüb?
Öncə “xaricdən maliyyələşənləri” - jurnalistləri, müxalifətçiləri, ictimai fəalları, QHT sektorunda çalışanları tuturdular. Daha sonra “daxildən maliyyələşənləri” - generalları, bankirləri tutdular. İndi isə sıra heç bir yerdən maliyyələşməyənlərə çatmışdır.
Rayonlarda etiraz aksiyalarına çıxanların az-maz videolarına diqqət elədim. Demək olar hamısı qara geyimli, çox yoxsul görkəmli, bəziləri imkansızlıqdan dişi tökülmüş insanlar idi. Yeri gəlmişkən, bəzən qlamur gənclərimiz insanlarımızın qara geyinməsini tənqid edir. Doğrudan da bu, estetik baxımdan çox pis görünür, insanı qaramat basır. Ancaq onlar bunu keflərindən edirmi? Qətiyyən. Azərbaycan insanının al-əlvan geyinmək üçün şəraiti yoxdur. Qara geyimin həm çirklənməsi gec bilinir, həm də kütlədən fərqli görünüb diqqət mərkəzinə düşmürsən.
Bax, həmin qara geyimli, orta yaşlı kişilərin indi işsiz qalıb küçələrə çıxmasının əsas səbəbi neft gəlirlərinin azalmasıdır. Cəmi bir-iki il qabaq onlar hərəsi pis-yaxşı bir idarədə, əsasən də tikinti və xidmət sektorunda işləyirdilər. Ora-bura yamaq vururdular, üzlük çəkirdilər, hasar tikirdilər, qətiyyən “siyasətə qarışmırdılar”. Heç vaxt yadımdan çıxmır, bir neçə il qabaq gənclər Bakının mərkəzində “Əsgər ölümlərinə son” aksiyası keçirirdilər. Polis insanları qovurdu, gənclər ara küçələrə dağılmışdılar və o küçələrin birində yuxarı qatda təmirlə məşğul olan fəhlələr polisin sıxışdırdığı gəncləri... daşa basmışdılar. Mən rayonlardan son aksiyalardakı etiraz edən kütlənin içində xeyli bu fəhlə obrazlarından gördüm.
Yaxşı olar ki, iqtidar onsuz da yeyilmiş, neftlə yağlanmayan və cırıldayan “qaykaları, boltları” sıxmaqdan əl çəksin. İlk növbədə, siyasi amnistiya elan etmək, birinci həbs dalğasında tutulan həmin “xaricdən maliyyələşən qara qüvvələri” azadlığa buraxmaq lazımdır. O adamlar hamısı ölkənin yaxşılığını istəyən, yüksək intellektli, çağdaş dünyagörüşlü şəxsiyyətlərdir. Onların azadlığa buraxılması bu ağır günlərdə iqtidarın özünə daha çox lazımdır. Həm də siyasi məsuliyyəti bölüşmək, böhrandan birgə çıxış yolları aramaq üçün siyasi, ictimai dialoq önəmlidir. Əgər yenə Cəbrayılın icra başçısı, insanları söyüb-təhqir edən Mahmud kimi tiplərlə yola davam etmək fikrindəsinizsə, başqa sözüm yox. Davam edin, xeyir taparsınız, tapanda bizimlə də bölüşərsiniz.
İkinci növbədə elə bankirləri də buraxmaq lazımdır. Guya Cahangir Hacıyevin suçu başqa bankirlərin suçundan çox idimi? Guya təkbaşına, şəxsi qərarlarını icra eləmişdimi? Həbs etmək üçün həmişə vaxt var, imkan yaratmaq lazımdır adamlar işləsinlər, borclarını qaytarsınlar. Maliyyə amnistiyasını özünüz özünüzə də elan edin ki, gələcək üçün bir növ “presedent hüququ” yaransın.
Ancaq bunlar, əlbəttə, mənim qeyri-ciddi təkliflərimdir. Ciddi olaraq ürəyimdən keçir ki, kaş yenə Avropa Oyunlarını düzəldək. Yoxsa heç bilinmir bu oyunlar bir də olacaqmı. O bunun üstünə atdı, bu onun, oyunlar qaldı ortalıqda. Bəs axı biz belə danışmamışdıq... Tarix boyunca millətlər “Bu oyunların birincisi Bakıda olmuşdur” deyərək bizi xatırlamalı idilər. Azərbaycan dünyada məşhur olmuşdu, Ledi Qaqa “Əzizbəyov kruqu”ndan yığışmırdı. Hələ Avroviziya yarışması... Ay millət, bu nə etibarsızlıqdır? Dünən baxıram, ürəyim qana dönür, görürəm bir neçə manıs saytlarda ağlaşma qurmuşdur, deyirlər toy yoxdur, kasıbçılıqdır. Belə olarmı? Bizim hal-hazırda Avroviziyaya hazırlaşan vaxtımızdır. Seçim turları olmalıdır, müğənnilərə səs verməliyik, mesaj göndərməliyik. Böhran müvəqqəti çətinlikdir, insan gərək həyatdakı əsas məqsədindən, prinsiplərindən əl çəkməsin. Qoy millətdə ruh yaşasın, şair demişkən!
Bir də əlaqədar təşkilatlardan xahiş edərdik ASAN-Xidmətin səyyar avtobusunu Siyəzənə göndərsinlər. Orda, deyəsən, xeyli adamın sənəd problemi vardır.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər