Bakıda “qara dollar bazar”ı yarandı: 1 dollar - 2 manat... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-12-2015, 21:46 | Şərh sayı: (0) | Baxılıb: 471
Bakıda “qara dollar bazar”ı yarandı: 1 dollar - 2 manat...
Dolların üzən məzənnəyə keçidi, sadə desək, bahalaşması “qara bazar”da pul satanların da işini xeyli dərəcədə çətinləşdirib.
Əvvəllər metronun “28 may” stansiyasının qarşısında 10-15 nəfərə yaxın “pul satan” gözə dəyirdisə, indi onların həm özlərinin sayı, həm də satdılqarı pulun məbləği azalıb. Bu gün cəmi 3-4 nəfər dollar alıb-satıb.
Virtualaz.org saytının əməkdaşı dolların “qara bazar”dakı vəziyyəti ilə maraqlanıb, satışın necə olduğunu öyrənməyə çalışıb.
Öncə iki məqamı xüsusi vurğulayaq. Birincisi, metronun “28 may” stansiyasının qarşısında əvvəllər dollar alveri demək olar ki, olmazdı. Bura dəmiryol vağzalına yaxın olduğundan orada əsasən rubl alınıb-satılırdı. Bura Rusiyadan qatarla gələnlərin yolunun üstüdür.
İkincisi, “qara bazar”da jurnalistlərə münasibət yumşaq desək, yumşaq deyil. Dollar (eləcə də rubl, rəngə, avro və s.) alıb-satanların gözü dörddür. Kameralardan, müsahibə, diktofon və çəkilişdən qaçırlar.
Ona görə də əməkdaşımız özünü alıcı kimi təqdim etməyə məcbur olub. Öyrənə bildiyi isə bu olub: əhali əlindəki dolları satmaqda maraqlı deyil, buna görə də satıcıların da əlində dollar azdır, alverləri “ölüb”.
“İndi dollarımız yoxdur. Manat ucuzlaşandan bəri camaat dollar satmır, ona görə də bizdə də pul olmur. Həm də bu gün bazar günüdür deyə banklardan da dollar ala biımirik. Adətən “Kapital bank”dan alırdıq. Onlar da bu gün satmır. Rusiyadan gələnlər də dollar, rubl dəyişmir. Manat artıq o manta deyil” - deyə dollar satanlardan biri bildirib.
Satışda dollar tapılanda isə qiyməti el dili desək, od tutub yanır. Bəzi alverçilər dolları 1 manat 80 qəpiyə satır. Çənə-boğaz eləsən, 1 manat 70 qəpiyə də alarsan.
Ümumilikdə isə metronun çıxışındakı meydançada dayanan dollar alverçilərinin hamısı məsləhət görür ki, pul dəyişmək üçün sabahkı məzənnəni gözləyək.
Bakı Dəmiryol Vağzalının yanındakı satıcılardan da eyni məsləhəti eşidirik. Onlar da deyirlər ki, ən yaxşısı sabahı gözləməkdir.
“İndi bizdə pul azdır, maksimum 300 manatı dəyişə bilərik. Həmişə camaat dollar satırdı deyə əlimizdə pul olurdu, indi satan azdır” - deyə satıcılar şikayətlənir.
Dolların qiymətinin bahalığından şikayət edəndə isə öyrənirik ki, tezliklə onun bahalaşaraq 2,05 manat olma ehtimalı yüksəkdir.
“1 manat 70 qəpik hələ yaxşıdır, deyirlər bir azdan 2 manat 5 qəpik olacaq. Ya sabah, ya da yanvar ayından” - deyə onlar xəbərdarlıq edir.
Görünür, dolların bahalaşması təkcə əhalini yox, elə dollar satanların özünün də aqibətini sual altında qoyub.
“Qara bazar”dan çıxıb üz tutduq ətrafadkı valyutadəyişmə məntəqələrinə. Amma hamısının qapıları bağlı idi.
Yaxınlıqdakı mağazaların əməkdaşlarından öyrəndiyimizə görə, bu barədə onların tabe olduğu banklardan göstəriş gəlib. Bununla yanaşı dolların məzənnəsinin sabah bahalaşaraq 2,05 manat olacağı barədə məlumatların yayılması da buna əsas səbəb kimi göstərilir.
“Zamin bank”ın valyuta mübadiləsi şöbəsinin bağlı qapısı qarşısında toplanan bir qrup adam mübadilə şöbəsinə gələnləri məlumatlandırır və öz xidmətlərini təklif edir.
“Biz indi 1,80 manatdan satırıq. Sabahdan bahalaşacaq deyə banklar ziyana düşməmək üçün mübadilə şöbələrini bağlayıblar” - deyə onlar bildirirdi.
Bizə isə sabahı gözləmək qalır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər