O qorxulu gün gəldi... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-12-2015, 21:44 | Şərh sayı: (0) | Baxılıb: 303
O qorxulu gün gəldi...
Gerçək xainlərin də kimliyi bilindi
Təxminən 2 il öncəyə qədər Azərbaycan hökuməti əlinə qəfildən pul düşüb, onu xaotik şəkildə sağa-sola səpən əyləncəyə meylli bir gənci xatırladırdı. Neft baha qiymətə satılırdı, ölkəyə böyük pullar gəlirdi. Ancaq göz görəsi xalqın bugünkü vəsaitləri, habelə gələcək nəsillər üçün saxlanılmalı olan pullar necə gəldi xərclənirdi. Az-çox iqtisadi savadı olan adamlar bunun qısa müddətdə ağır fəsadlarının ortaya çıxacağını bildirirdilər. Ancaq hökumət üzvləri bunu qulaqardına vurur, heç bir proqram tərtib etmirdi. Faktiki bu gün büdcə boşalıb, gələcək nəsillərə çatmalı olan rezerv neft pulları haqda bizlərdə ümumiyyətlə, məlumat yoxdur...
Biz illərdir şahidi olurduq ki, bir yolu çəkirlər, üstündən 5 ay keçəndən sonra dağıdıb bir də asfaltlayırlar. Heç 3 ay keçmirdi ki, həmin yolu qazıb su, qaz, telefon, kanalizasiya xətti çəkirdilər, beləcə neft gəlirlərini mənimsəməyin rahat üsulunu tapmışdılar. Mətbuat bu məsələni illərlə yazdı ki, bu qazıb, asfaltlayıb, yenidən qazmaq “siyasəti” məhz korrupsiya əməliyyatıdır və burada hər il milyardlar silinir. Amma hər dəfə də məmurlar medianı “inkişafı gözü götürməyən xain” kimi sözlərlə damğaladı. Hansı ki, xain, xəyanətkar məhz elə o məmurlar özləri idilər.
Hacıbala Abutalıbovu başa salmaq mümkün olmadı ki, xaricdən fantastik qiymətə və Azərbaycanın iqliminə uyğun olmayan ağacları, kolları gətirib Bakıda əkmək cinayət kimi bir şeydir, çünki onlar quruyub məhv olacaq.
İqtisadi sferaya məsul olan nazirləri, maliyyəçiləri bank sistemini abıra salmağın xüsusi vacib məsələ olmasına kimsə inandıra bilmədi. Yenə də mətbuatda bu haqda yazan jurnalistləri, həyəcan təbili çalan ekspertləri “vətən xaini” elan etdilər. Əvəzində hər bir məmur-oliqarx özünə bank da açmışdı korrupsiya yolu ilə mənimsədikləri pulları dövr etdirmək üçün...
İllərlə deyildi ki, ölkənin taleyini neft asılılığından qurtarmaq üçün aqrar sahə inkişaf etdirilməlidir, turizmin inkişafına xüsusi diqqət ayrılmalıdır, zavodlar, fabriklər inşa olunmalıdır. Amma nə baş verdi? Kənd təsərrüfatının inkişafı adı altında regionlarda nazirlik öz nəzdində inzibati binalar tikib istifadəyə verdi. Hələ utanmadan da bildirirlər ki, bəs, kənd təsərrüfatının inkişafı istiqamətində rayonlarda 27 inzibati bina tikilib. Kənd təsərrüfatının nə demək olduğunu belə bilmirlərmi bu adamlar?
İndi də deyirlər ki, bəs yerli məhsullar ona görə bahalaşır ki, kənd təsərrüfatında istifadə olunan vasitələr - toxum, gübrə və s. xaricdən dollarla alınır. Bəs ağlınıza gəlmirdimi bu vasitələri istehsal açan zavodlar açmaq?...
Regionların inkişafı deyilən kimi, mənasız olimpiya kompleksləri tikməyə başladılar. Buyurun, buğun büdcəyə bir manat fayda verirmi o milyardlar xərclənən komplekslər? Hamısının qapısı bağlıdır, daha məmurların özlərinin əyləncə yeri kimi belə istifadə edilmir. Yeri gəlmişkən, Əhəd Abıyev Daşkəsənə icra başçısı gedib rayonla tanış olanda məlum olmuşdu ki, burada olimpiya kompleksi yalnız kağız üzərindədir! Guya kompleks tikilib, amma az sonra qəfil sel gəlib və binanı yuyub aparıb. Buna görə kimisə cəzalandırmadılar. Söhbət bir neçə milyon dövlət vəsaitindən gedirdi...
Xülasə, ölkənin taleyinə cavabdeh olan adamlar birmənalı şəkildə xalqın pullarını özlərinə şəxsi bizneslər qurmağa sərf etdilər. Ən dəhşətlisi o idi ki, sanki hökumətdə bir ağıllı adam yoxmuş bu eybəcər prosesin durdurulması haqda bir kəlmə kəssin. Əlbəttə, hökumətdə ağıllı adamlar vardı və onlar bu vəziyyətin yaranacağını görürdülər. Amma həmin adamların hünəri nə idi danışsın? Dərhal onlar da dışlanacaq və “xain” elan olacaqdılar...
2012-ci ildə - pulların ən çox dağıdıldığı bir sənədə nazirliklərdən birində çalışan tanış bir maliyyəçi şəxsi söhbətimiz əsnasında demişdi ki, gün gələcək, bu gün kilometrini 3-4 milyon manata çəkdikləri asfalt dağılacaq, amma ona yamaq vurmağa pul tapılmayacaq.
Buyurun, həmin gün artıq gəlib çatdı. Və gerçək xainlər, xəyanətkarlar da açıqca görünür...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər