45 qəpiklik qoğal |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 10:53 | Şərh sayı: (0) | Baxılıb: 311
45 qəpiklik qoğal
Nəhayət, hökuməti televizorda gördük. Bu dəfə də onları prezident bir yerə topladı, vəziyyətlə bağlı narahatlığını çatdırdı, tapşırıqlar verdi, xəbərdarlıq etdi. Neçə gün idi ki, vəziyyətdən narahat olan adamlar hökumətin sorağındaydılar, Nazirlər Kabinetinin bir üzvü efirə çıxıb demirdi ki, vəziyyətdən çıxmaq üçün nələri edirlər, nələri planlaşdırırlar.
Nazirlər Kabinetinə suallar göndərmişəm, hər zəngdən sonra “bir xəbər olsa, sizə deyəcəyik” cavabı verirlər. Normalda mətbuat məmuru gəzmir, məmur brifinq keçirir, jurnalist sualını verir, cavab alıb ictimaiyyəti də məlumatlandırır. Vəziyyətlə bağlı hər kəs narahat görünür, təkcə hökumət üzvlərindən başqa. Belə çıxır ki, prezident müşavirə keçirməsə, bu xalq yenə də hökumət üzvlərini görə bilməyəcəkdi?
Əgər bu hakimiyyətin sadiq müdafiəçiləri olan şəxslər də təcili tədbirlərə çağırırsa, deməli, vəziyyət çox ciddidir. Necə olur ki, Amerika boyda dövlətin universiteti Qubad İbadoğlunu professor vəzifəsinə dəvət edib onun biliklərindən yararlanır, amma onun bir təklifi Azərbaycanda qəbul olunmur? Yaxud Vahid Əhmədov, Əli Məsimli, Saleh Məmmədov, Azər Mehtiyev, Samir Əliyev və digər iqtisadçılar böhranlı vəziyyətdən çıxmaq üçün hökumətə ciddi təkliflər veriblər. Niyə onlara baxılmır, yaxud baxılırsa, bu barədə hansısa açıqlama verilmir?
Heç olmasa bədbinləşmiş xalqda ruh yüksəkliyi aşılamaq lazımdır. Teleməkandakı şit, bayağı verilişlərlə yox! Ciddi müzakirələrə meydan verilməli və xalqla açıq danışmaq lazımdır. Pafoslu görünə bilər, amma indi sınaq anıdır, bu sınaqdan çıxacağıqsa, daha böyük qələbələr də bizim olacaq.
Yunanıstan böhranlı qış günlərini yaşayanda paytaxt Afinada kasıb əhali üçün qurulmuş pulsuz yemək çadırlarında şorba içən bir yunan çox ibrətamiz fikir söyləmişdi: “Böyük fədakarlıq edərək sağ qalacağıq. Çünki biz 5 min ildir varıq”.
Bu gün biz heç olmasa insanlarımızda inamı bərpa etməliyik. Məlumata görə, əhalinin 10-15 faizi, xüsusən gənclər depressiyaya meyllidir. Bu isə yeni intiharlar, qətllər deməkdir. Hələ infark nə qədər gəncləşəcək bu güdişlə. İcbari tibbi sığortaya keçilmədi. Heç olmasa bu çətin dönəmdə bir dəfə əhalinin pulsuz müayinəsi barədə qərar verilsin, adamların ürəyi, təzyiqi yoxlanılsın, çoxmu çətindir?
Bir xəbər gördüm, “bir nəfər üçün vağzal” başlıqlı. Yaponiya Dəmir Yolları Şirkətinə məxsus qatar Kami-Şiratakidəki stansiyasında cəmi iki dəfə dayanır - gimnaziya tələbəsi dərsə gedəndə və qayıdandaEBu, yapon dövlətinin vətəndaşına münasibətidir. Bir tələbəyə görə...
Deyək ki, o Yaponiyadır, dünyanın inkişaf etmiş dövləti...Bəs, Gürcüstan nümunəsi? Tiflisdə kasıblar üçün pulsuz yemək çadırları qurulub. Niyə Azərbaycanda belə çadırlar yoxdur? Pulsuz çörək, şorba, qreçka, kartof və çay vermək çoxmu pul aparacaq? İşə gələndə elə avtobusda iki mübahisənin şahidi oldum, “8 km” bazarının qarşısında iki arabaçılar və “Xalqlar körpüsü” altındakı fəhlələrin mübahisəsini: müştəri üstündə.
Qardaş Türkiyə nümunəsi də ortada... Baş nazir Əhməd Davudoğlu şəxsən müxalifət partiyalarının qapısını döydü, liderlərlə ölkənin durumunu müzakirə etdi, onlara sayğısını bildirdi. Üstəlik, ölkədə təqaüd və maaşlara faizlər əlavə olundu, ona görə də əhali ərzaq mağazalarına hücum çəkmədi bizdəki kimi...Bizim hökumət müxalfəti demirəm, heç olmasa öz kursunu müdafiə edənləri dinləsin. Sabah gec ola bilər...
“Uşaq olanda ata-anamla Sabunçu vağzalında ağartı məhsulları satırdıq”. Böyük sənətkarımız Alim Qasımovun modern.az-a dediyi bu sözləri oxudum və ötən həftə küçə ticarətinin ləğv olunacağı ilə bağlı rəsmi xəbərdarlığı xatırladım.
Demirəm ki, küçə ticarətçiləri içərində günün birində Alim Qasımov kimi böyük sənətkarlar çıxacaq - hərçənd bunu da istisna etmək olmaz. Ancaq belə çətin şəraitdə, camaatın çörək qazanmasına imkan verilməlidir. Eybi yox, bu aylarda küçələrimizin görünüşünə xələl gəlsin, ancaq vətəndaş balasına yemək apara bilsin.
Bizim xalq kifayət qədər bacarıqlıdır, daşdan pul çıxara bilir. 90-cı illərin krizisini xatırlayıram, cənub bölgəsi ərzağı İrandan daşıyırdı. Hətta tikanlı məftilləri adlayaraq. Bu gün Balakən, Qazax, Astara, Biləsuvar gömrüyü ASAN-laşdırılsa, bir aya ölkədə ərzaq bolluğu yaranar. Ancaq marketdə qoğalın biri 45 qəpikdir... Adamlar var daha uşağına “Qoğal”ın nağılını da danışmağa qorxur...Doğrudan da 45 qəpiyə qoğal olar?
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər