`Azərbaycanda çörək istehsalında inhisarçılıq yaranıb” - Qiymətlər ARTDI |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 19:11 | Şərh sayı: (0) | Baxılıb: 418
`Azərbaycanda çörək istehsalında inhisarçılıq yaranıb” - Qiymətlər ARTDI
Ekspert Vahid Məhərrəmov: “Unun qiyməti 50, çörəyin qiyməti 30 faizdən çox artıb”
Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçidi və manatın ikinci dəfə kəskin ucuzlaşmasının fəsadları hər gün daha ciddi hiss olunur. Dekabr ayının 22-dən etibarən çörəyin qiyməti dəyişməsə də, çəkisi azaldılıb. Müvafiq qurumlar isə buna vadar olduqlarını açıqlayır.
Yeni ilin ilk günündən etibarən 40 qəpiyə satılan və çəkisi azalan zavod çörəyinin qiyməti 10 qəpik bahalaşıb. Əgər doğrudan da Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına uyğun olaraq ölkə üzrə 2015-ci ildə 2,9 milyon ton taxıl istehsal edilibsə və əhalinin taxıla olan tələbatının 70-75 faizi ödənilirsə, qiymət, cüzi idxala (20-25 faiz) görə niyə bahalaşmalıdır?
Ekspert Vahid Məhərrəmov Modern.az saytına deyib ki, Azərbaycanda bütün sahələrdəki kimi, çörək istehsalı sahəsində də inhisarçılıq yaranıb: “Ərzaq buğdasının idxalı, emalı, çörəkbişirmə tamamilə bir neçə nəfərin əlində cəmləşib. Bəzi çörək istehsalı ilə məşğul olan az sayda sərbəst kiçik müəssisələr olmasına baxmayaraq, Bakı şəhərində həlledici mövqe inhisarçıların əlindədir. Bazarda çörəyin qiymətini onların “görünməz əli” müəyyən edir.
Prezident də bildirmişdi ki, xarici valyuta ilə alınaraq, ölkəyə idxal olunan məhsulların qiyməti artırıla bilər. Bu məhsulların sırasına ərzaq buğdası və ondan alınan un, həmçinin həmin undan əldə olunan çörək də daxildir”.
Ekspertin sözlərinə görə, məsələ ilə bağlı xeyli sayda şikayət alıb: “Yerlərdən aldığım məlumatlara əsasən, buğdanın qiyməti iki dəfə, unun qiyməti 50 faiz, çörəyin qiyməti isə 30 faizdən çox artıb. Belə davam edərsə, qiymət artımı daha ciddi, daha qabarıq özünü göstərəcək”.
Vahid Məhərrəmov deyib ki, Azərbaycanın ərzaq buğdası tamamilə idxaldan asılıdır: “Dövlət Statistika Komitəsi və Gömrük Komitəsinin məlumatlarına əsasən, əminliklə deyirəm ki, Azərbaycan ərzaq buğdasına olan ehtiyacını tamamilə idxal hesabına ödəyir. Bizim ərzaq buğdasına olan ehtiyacımız 1 milyon 300 min ton olduğu halda, son illər ölkəyə 1 milyon 700 min ton taxıl idxal olunub ki, bunun da 1 milyon 500 min tonu buğdadır”.
Onun sözlərinə görə, “Azərbaycanda 65-70 faiz ərzaq buğdası istehsal olunur” fikri tamamilə cəfəngiyyatdır: “Ölkədə heç 1 milyon ton buğda istehsal olunmur. İstehsal olunanın da keyfiyyəti aşağı olduğu üçün mal-qaraya yedizdirilir. Daxildə istehsal olunan və Dövlət Taxıl Fondunun qəbul etdiyi 5-10 min ton taxıl isə məmur-oliqarxların məhsuludur.
Azərbaycan ərzaq buğdasına olan ehtiyacını 100 faiz idxal hesabına ödəyir. İdxaldan asılılığımız digər mallar və məhsullar üzrə də getdikcə artır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər