İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Üçüncü hissə) |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-01-2016, 19:41 | Şərh sayı: (0) | Baxılıb: 306
İmam Mehdi (ə.f) barədə əqli araşdırma (Üçüncü hissə)
Lütf prinsipinin imamət üçün dəlil olması
Yazının ikinci hissəsində imamətin əqli dəlillərindən biri hesab edilən lütf prinsipi və onun növləri barədə qısa məlumat verdik. İndi isə bu prinsipin imamətəin isbatına dəlil olması barədə söz açırıq.
Əksər mütəkəllimlər imamət mövzusunu müqərrib lütfün nümunələrindən hesab etmiş və bu zəmində kifayət qədər müzakirələr etmişlər. İmamətin zəruriliyinin lütf prinsipinə əsasən isbatı aşağıdakı kimidir:
Allah bəndələri üçün vəzifələr təyin etmiş və onlara əməl etməyi vacib etmişdir. Allahın məqsədi insanların bu vəzifələrə əməl edərək itaət nəticəsində kamala və səadətə yetişmələridir. Bu mühüm iş (itaət və tabeçilik) Allah tərəfindən imamın təyin olunması, vəd[1] və vəid[2] və s. kimi müəyyən işlər gerçəkləşməyincə mümkün deyil. Allah da heç vaxt əbəs və məqsədsiz iş görmədiyi üçün həm yolu göstərmiş, həm də bu yola yönəlməkdən ötrü hər bir lazımi tədbirləri gerçəkləşdirmişdir. Məsələnin daha da aydın olması üçün bir misal çəkək: Təsəvvür edin ki, biri yemək hazırlayır və məqsədi də qonaqlıq edərək camaatı evinə dəvət etməkdir. Və bu məqsədlə camaata xəbər verir. Dəvət etdiyi qonaqların evin yerini tanımadığı və bələdçiləri olmadığını bilə-bilə onlara nə ünvanı deyir, nə də bələdçi göndərir. Belə olan halda onun bu işi və qonaqlıq əbəs və bihudə işdir.
Lütf prinsipinin mühüm ön fərziyyələri
1. Allahın vəzifələr yaradaraq qanunlar tətbiq etməsindəki əsl məqsədi və hədəfi yalnız bu vəzifə və qanunların bəyan edilməsi deyil, insanların bu qanunlara tabe olaraq Ona itaət etmələridir. (Baxmayaraq ki, vəd və vəid, imamın təyini və s. olmasa da belə, insanların çox az bir hissəsi bu vəzifələri icra edirlər).
Sağlam düşüncə kamal və səadət yoluna çatmağın yolunu ağıl və şəriətin bəyan etdiyi proqramlara əməl etməkdə görür. Bu hədəf insana aid olduğundan bəndə Allahın lütfü olmadan buna yetişməyəcək. Bu lütf Allah üçün vacibdir. Quran müxtəlif məqamlarda bu məzmuna işarə edərək bəyan edir ki, əgər Allah əmr veribsə, ya insanlara lütf edib, ya da onlara üz verəcək zərərdən xəbərdar edərək onları əmrlərə itaət etməyə yönəldib. Bunun nəticəsində isə hədəfi onların bu əmrlərə tabe olaraq kamala yetişmələri olub. Bu barədə bir neçə ayəyə işarə edək:
و بلوناهم بالحسنات و السیئات لعلّهم یرجعون
“Onları yaxşılıq və pisliklə sınadıq, bəlkə (haqqa tərəf) qayıtsınlar”.[3]
Ayətullah Sübhani deyir: “Ayədəki “yaxşılıq (həsənat) və “pislik” (səyyiat) deyildikdə nemətlər və dünyəvi zərərlər nəzərdə tutulub. İnsanların buna (yaxşılıq və pisliklərə) mübtəla olmasındakı hədəf isə onları haqpərəst olmağa və haqqa itaətə sövq etməkdir”.[4]
و ما ارسلنا فی قریة من نبی الا أخذنا أهلها بالبأساء و الضراء لعلهم یضرعون
”Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar”.[5]
Bu ayədə lütfün hər iki növünə işarə olunub. Ayənin çatdırdığı məna budur ki, Allah peyğəmbərləri şəri vəzifələrin çatdırılması və insanlara bələdçilik etməkdən ötrü göndərmişdir (lütfi-mühəssil). Amma rahatlıq, süstlük və dünya nemətlərində qərq olma insanı yaradılışın hədəfindən xəbərsiz qalmağa və vəzifələrindən boyun qaçıraraq peyğəmbərlərin çağırışlarına cavab verməməyə gətirib çxara bilər. İnsanların bəlalara mübtəla edilməsi ilahi hikmətə əsaslanır və onların Allahın əmrlərinə tərəf yönəlmələrinə bilavasitə təsiri vardır.[6]
Əsl hədəf ilahi əmrlərin yerinə yetirilməsi olduğundan peyğəmbərlər təkcə dəlil və arqumentlərlə kifayətlənməyib, bəzən möcüzələr göstərmiş, saleh əməl sahiblərini müjdələmək, pis əməl sahiblərini isə qorxutmaq kimi metodlardan da istifadə etmişlər. Belə ki Quran buyurur:
رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ
“(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın”.[7]
Qeyd olunanlar (möcüzə, müjdə, qorxutmaq və s.) insanların itaətə sövq olunmalarında və günahlardan çəkinmələrində bilavasitə rol oynayır.[8]
2. İmamın təyin olunması lütfün (lütfi-müqərrib) digər nümunəsidir. Bu ön fərziyyə imamın tərifi, xüsusiyyətləri və vəzifələrini nəzərə almaqla tamamilə qəbul olunan bir məsələdir. İmamət məqamı nübuvvət məqamına yaxındır. Bu fərqlə ki, peyğəmbər şəri vəzifələrin əsasını qoyan, imam isə peyğəmbərin naibi olaraq bu vəzifələrin müdafiəçisidir.[9]
İmamın qanunları müdafiə etməsi və müəyyən işlər vasitəsi ilə insanları ilahi qanunlara tabe olmaq və itaətə yaxınlaşdırmasında heç bir şəkk-şübhə yoxdur. Digər tərəfdə də təcavüz və qarşıdurmadan çəkindirib sülh və ədalətə sövq edən bir rəhbəri olan cəmiyyət pisliklərdən uzaqlaşıb saleh işlərə daha yaxın olacaqdır.[10] Əgər belə bir rəhbər Allah tərəfindən təyin olunub məsum da olarsa, artıq bu işin ilahi bir lütf olmasında heç bir şübhəyə yer qalmır. Əgər Allah tərəfindən imamın təyin olunması işinin ictimai və ya digər bir fəsadı olsaydı, o zaman Allah həmin fəsadı nəzərə alaraq imam təyin etməkdən çəkinər və camaatın hidayət olunmasından ötrü başqa vasitədən istifadə edərdi. Deməli, Allah tərəfindən məsum rəhbərin təyin olunmasında heç bir irad və fəsad yoxdur.
[1] Savab və yaxşı işlər müqabilində verilən xeyir və səadət vədəsi.
[2] Günah və pis işlər müqabilində verilən cəza və əzab vədəsi.
[3] Əraf /168.
[4] Əl-İlahiyyat, c/2, səh/49
[5] Əraf/94
[6] Əl-İlahiyyat, c/2, səh/49
[7] Nisa/165.
[8] Əl-İlahiyyat, c/2, səh/50.
[9] Muhəmməd Mehdi Nəraqi, Ənisil-müvəhiddin, İmamət fəsli.
[10] Kəşfül-mirsad, səh/362.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər