İmam Mehdi (ə.f) barədə əqli araşdırma (İkinci hissə) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 19-01-2016, 19:17 | Şərh sayı: (0) | Baxılıb: 334
İmam Mehdi (ə.f) barədə əqli araşdırma (İkinci hissə)
Müəyyən ixtilafları nəzərə almasaq, yazının birinci hissəsindən aldığımız nəticə bütün firqələrin imamətin zəruriliyini qəbul etmələri və bu barədə müttəfiq olmalarından ibarətdir. Lakin belə bir sual yaranır ki, imamətin zəruriliyini isbatlayacaq hansı dəlillər vardır?
İmamət barədə dəlillər xüsusi imamət mövzusunda deyil, ümumi imamət movzusunda araşdırılmalıdır. Lakin tanışlıq baxımından bəzi dəlillərə icmalı olaraq işarə edək:
1. Lütf prinsipi;
Mütəkəllimlərin (teoloqların) ən çox istifadə etdikləri əqli arqumentlərdən biridir. Demək olar ki, qədim alimlər də dəlil kimi məhz bu prinsipdən istifadə etmişlər. Şeyx Tusi (r.ə) deyir: “Lütf – insanı əməl etməli olduğu iş barədə düşünməyə təşviq edən, həmçinin bu işdə kömək edən iltifat, diqqət və çalışmaqdır. Belə ki əgər bu kömək və stimul (vadaredici səbəb) olmazsa, insan o işi görməyəcək. Lütf, həmçinin insanı əməl etməsi lazım olmayan işlərdən də uzaqlaşdırır. Lütfün üç mərhələsi vardır:
– Tövfiq (lazım olan vasitə və imkanların hazırlanması);
– İrşad və bələdçilik (yolu göstərmək);
– Əməldə rəhbərlik və kömək”.[1]
Əllamə Hilli (r.ə) bu barədə belə deyir: “İmamət – Allahın din və dünya işlərindəki ümumi idarəçilik sistemidir. Bir şəxsin Peyğəmbərdən (s) sonra onun naibi ünvanında bu öhdəçiliyi üzərinə götürməsi əqlin də vacib etdiyi bir məsələdir. Ona görə ki, imamət bir lütfdür. Buna görə də biz qəti şəkildə əminik ki, əgər hamının itaət etdiyi şəxs camaata rəhbərliyi öhdəsinə götürən, onlara bələdçilik edən, məzlumun haqqını zalımdan alan və zalımı məzlumdan uzaqlaşdıran bir şəxs olarsa, camaat fəsaddan uzalaşaraq xeyirə daha yaxın olar”.[2]
Lütf nədir?
Lütf – Allahın feli sifətlərindəndir. Yaradanın mükəlləflərə uyğun (icra) etdiyi hər bir işi ehtiva edir. Misal üçün, Allahın yaratdıqlarına verdiyi nemətləri, xeyirləri və s. hamısı lütfə əsaslanır. Allah öz lütfü vasitəsi ilə bəndələrini günahlardan çəkindirərək itaətə yaxınlaşdırır. Əlbəttə, bu məcburiyyət (cəbr) həddinə çatmır. “Lütf prinsipi” “məsləhət prinsipi”ndən fərqlidir. Məsləhət bəzən dini, bəzən də dünyəvi olur. Vəzifəyə təsir edərək dini işlərdə günahdan çəkindirib itaətə sövq etməkdə məsləhətin olması “lütf prinsipinə” əsaslanır. Lakin vəzifəyə təsir etmədən dünyəvi işlərdə məsləhətin olması isə “məsləhət prinsipinə” əsalanır.
Lütfün növləri
Lütf insanlara təsir baxımından iki qismə bölünür. 1. Mühəssil; 2. Müqərrib. İlahi rəhbərliyin lazımlığı hər iki qismə aid ola bilər.
a) Mühəssil – Allah tərəfindən yaradılış hədəfinin əsaslandığı və gerçəkləşməsini təmin edən bəzi müqəddimələr üçün zəminin yaradılmasına deyilir. Belə ki əgər Allah insanlar üçün bu zəmini yaratmazsa, yaradılış puç və mənasız olacaqdır. Bəzi şəri vəzifələrin bəyan edilməsi, insanları bu vəzifələrin yerinə yetirilməsində qüdrətli etməsi, dini rəhbərlərin tanıtdırılması və onların təyini və s. işlər bu növ lütfün nümunələrindəndir. Bu mənada lütf əsl vəzifələrin təyini və itaətin gerçəkləşməsi deməkdir.
b) Müqərrib – Allahın bəndələr üçün vəzifələrinin aşkarlanmasından ötrü etdiyi bəzi işlərə deyilir. Belə ki əgər bu işlər həyata keçməzsə, əksəriyyət üçün itaət mümkünsüz olar. Məsələn, saleh iş görənlərə Behişt, pis işlərə törədənlərə isə Cəhənnəm vədəsinin verilməsi, pis işlərdən çəkindirib yaxşı işlərə dəvət edənlər üçün nemət və çətinliklərin olması və s. bu növ lütfün nümunələrindəndir. Bu növ lütf mükəlləfi vəzifələrinin yerinə yetirilməsinə daha da yaxınlaşdırır. Bu növ lütf təklifin (vəzifənin) isbatlanmasından sonrakı mərhələdir. Lakin birinci növ lütf isə (mühəssil) şəri vəzifələrin isbat olunması və gerçəkləşməsidir.
Əllamə Hilli “müqərrib” lütfü belə tərif edir: “Müqərrib lütf – bəndələri günahdan uzaqlaşdırıb itaətə sövq olunmalarına təsir edən hər bir şeyə şamildir. Lakin onların bu vəzifələri yerinə yetirmələri üçün qüdrətə malik olmalarına və ixtiyarlarının alınmasına heç bir təsiri yoxdur”.
Bu iki növ lütfə kəlam (teologiya) kitablarında başqa təriflər də verilmişdir ki, biz onları qeyd etmirik.
Lütfdəki fərqlər
Əgər mühəssil lütf olmazsa, şəri vəzifə, peyğəmbərlik, rəhbərlik və bələdçilik məsələləri olmayacaqdır. Yəni şəri vəzifələrin həqiqi varlığı gerçəkləşməyəcəkdir. Lakin müqərrib lütf olmazsa, peyğəmbərlərin, bələdçilərin, ilahi rəhbərlərin və həmçinin şəri vəzifələrin təyin olunmasına baxmayaraq, bəziləri üçün vəzifələrə əməl etmək mümkünsüz olar. Məsələn, əgər haqq-hesab gününün gerçəkləşəcəyi barədə vədə olmazsa, insanların ilahi hökmlərə əməl etmək qabiliyyətləri olmasına baxmayaraq, ruhlandırma və qorxutma olmadığına görə onların çoxu ibadət və itaət etməzlər. Başqa sözlə desək, hər lütf müqərribdir, yəni təhrik və qadağanedici xüsusiyyətə malikdir, lakin hər lütf mühəssil deyil.
Belə mövzularda mütəkəllimlər ümumi olduğu üçün müqərib lütfə daha çox önəm vermişlər.[3]
Ardı var ...
[1] Təmhidul-usul, səh/767- 787
[2] Şərhun Babu hadi əşər, səh/83.
[3] Qəvaidül-kəlamiyyə, Əli Rəbbani Gülpayiqani.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər