Ucuz kriminal |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:39 | Şərh sayı: (0) | Baxılıb: 290
Ucuz kriminal
“Altda qalanın canı çıxsın”
(Azərbaycan ata sözü)
Çindən pul istəyirsən, vermir. Dünya Bankı, BVF kimi süləngi təşkilatlar belə adama dirsək göstərir, deyirlər islahat elə, kredit verim. Çətindir. Əlac qalır köhnə dostlara - ərəb şeyxlərinə xahişə, minnətə gedəsən. Onlar da verməsə büdcənin başını nə ilə bağlayacağıq, məlum deyildir. Zəmanənin evi yıxılsın, vaxt var idi biz Belarus kimi dilənçiyə uf demədən iki dəqiqənin içində 200 milyon dollar borc verirdik, hələ deyirdik əşşi, haçan olsa verərsən, lap istəsən ye, iç, kef elə, qaytarmasan da olar. İndi özümüz qapı-qapı düşmüşük.
Xaricə göndərilənlər də yarıtmır. Səməd Seyidov neçə il Strasburqu su yoluna döndərdi, qalan xatirəsi oğurlanmış kürk oldu. İndi AŞPA-dakı kolxozçu-zəhmətkeş desantımızın təzə şefi şalvarını oğurlatmasa min şükür.
Bu arada, may ayında qayıracağımız İslamiada oyunlarından kədərli xəbər almışam, orda klassik basketbol yarışı olmayacaq. Üç nəfərlik balaca basketbol olacaq. Əlbəttə, bunu krizisə bağlamaq yanlışdır, çünki heç Avropa Oyunlarında da klassik basketbol üçün normal meydan tapılmadı, o vaxt da bala-basketbol oynamışdıq. Ancaq qorxuram islamiada vaxtına pul o qədər qurtarsın ki, üçnəfərlik basketbola da imkan olmasın, eləcə hər komanda 1 oyunçu ilə uzaqdan səbətə top atsın. Səbətə şükür. O da deşilsə, dalından gilas tökülsə neynərik?
Əslində ayrı mövzuda yazacaqdım, bu namərd pul məsələsi özünü araya dürtdü. Elə o yazacağım da pulla bağlıdır, guya ayrı nə gözləyirdiniz? Bir azərbaycanlını dünyanın gəlmişi-keçmişi, fəlsəfi söhbətlər, nə üçün yaşayırıq tiplində suallar narahat etməz ki. Bizə ancaq pul maraqlıdır.
Uzun sözün qısası, internetdə bir video gördüm: Rusiyada bir milyarder balası lotuluq eləyib, maşınını dayanacaqda saxlayıb, yol keçənlərə özünü əlil kimi təqdim edir, deyir maşından düşə bilmirəm, xahiş edirəm bu pulu aparın, dayanacaq işçisi xırdalasın, ödənişi çıxsın, qalanını mənə gətirin. 5 min rubl verir. Pulu alanların hamısı aradan çıxırlar (“aradan cırırlar” - daha düzü belədir).
Mən valyuta kurslarına baxdım, 5 min rubl bizim manat hesabı hazırda təxminən 100 manatdır. Amerika puluyla desək 50 dollar. Təsəvvür edin, Putin Rusiyası elə kasıb, rəzil gününə salınıb ki, insanlar əlil şəxsin əlli dollarını oğurlamaqdan çəkinmirlər. Belə sosial eksperimentlər dünyada çox keçirilir. Örnək üçün, yadıma gəlir, İsveçdə küçəyə 20 avro pul atmışdılar, tapanlar hamısı bunu lazımi orqanlara təhvil vermişdi. Yaponiyada zəlzələ, sunami olanda yüzminlərlə ev dağılmışdı, ancaq polis bir kriminal, bir oğurluq qeydə almamışdı! Hətta insanlar sel çəkiləndən sonra uzun müddət tapdıqları seyfləri, pulları, qiymətli əşyaları yiyəsinə çatdırmaq üçün dövlətə verirdilər.
Mən rusların acı durumuna baxanda fikirləşdim görəsən eyni halla biz üzləşsək nə edərdik. Şübhəsiz, azərbaycanlılar 100 manatı xırdalamağa göndərən əlilin pulunu nəinki çırpışdırardılar, hətta qırağa-bucağa baxıb əlilin tam köməksiz olduğuna əmin olandan sonra onu maşından düşürüb yerə atardılar və maşını da qaçırardılar!
Bunu milli natamamlıq kompleksi-zad adlandırmağa tələsməyin. Yekə-yekə danışmağı mən də bacarıram, ancaq hansı dövlətimiz var? Əlillərin, yetimlərin, kasıbların, imkansızların haqqını basıb yeyən hakimiyyətimiz bəyəm Yaponiyadan gəlib?
Yanvarda Bakıda bir gənci, anasını çəkiclə öldürdülər. Amansız qətl idi. Təzəlikcə işin üstü açılıb: qatil evdə təmir aparan usta imiş. 400 manata yaxın pulu oğurlamaq üçün iki nəfəri öldürüb!
Dünən isə Tovuzda bir evdən 20 min manat və... gözmuncuğu oğurlanıb! Sanki oğrular məzələnirlər, “gözmuncuğu qoruya bilmədi” işarəsi verirlər. Cinayətkarlığımız da qeyri-ciddidir. Mənasızdır.
Elə bil yüz ilə yaxın ömür sürürsən, öləndə ancaq kiməsə söyüş söydüyünə görə səni yada salırlar.
Musavat
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər