İstiqrazlar- hökumətin son çarəsi, yoxsa... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:12 | Şərh sayı: (0) | Baxılıb: 285
İstiqrazlar- hökumətin son çarəsi, yoxsa...
Ekspertlər bildirirlər ki, hökumət əhalinin evindəki pulu əldə etməyin yollarını axtarır...
Yaxın günlərdə ölkədə bazara istiqrazlar buraxılacaq. Bunu maliyyə naziri Samir Şərifov ANS-in “Hesabat” proqramına müsahibəsində deyib. “Hökumət və Mərkəzi Bank tərəfindən valyuta bazarındakı ajiotajı aradan qaldırmaq və manata olan hörməti bərpa etmək üçün tədbirlər görür”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, çox yaxın günlərdə bazara istiqrazlar təqdim olunacaq: “Bunlar manat istiqrazlarıdır. Bu istiqrazlar üzrə yüksək faiz ödəyəcəyik. Mən vətəndaşları dəvət edirəm ki, evdə yastıqlarının altında saxladıqları manatları bu istiqrazlara qoysunlar. Biz yüksək faiz ödəyəcəyik. Bu faizlər inflyasiyadan bir qədər yuxarı olacaq. İnflyasiya 10 faizdirsə, biz 11-12 faiz verəcəyik”.
Samir Şərifov deyib ki, Maliyyə Nazirliyi bazara xarici valyutada da istiqrazlar çıxarmağı planlaşdırır. Bu istiqrazlar daxili bazar üçün nəzərdə tutulacaq. Onun sözlərinə görə, hazırda ölkədə böyük həcmdə xarici valyuta var: “Bu xarici valyuta işləmir, sahiblərinə xeyir gətirmir. Biz elə etməliyik ki, bu xarici valyuta işləsin. Amma xarici valyutaya elə böyük faiz verməyəcəyik. Azərbaycan dövləti deyir ki, dollarlarınızı faizlə verin bizə. Biz sizə yüksək faiz verən deyilik. Biz istəyirik ki, pullar işləsin. Xarici valyutada olan istiqrazlara aşağı faiz təklif edəcəyik. Hesab edirəm ki, bu, təxminən 3 faiz olacaq. Niyə? Çünki biz banklarda xarici valyutada olan depozitlərin qaçmasını istəmirik. Aşağı faiz verə bilərik. Onda əhali seçəcək ki, neyləsin. Öz xarici valyutasını işləməyə-işləməyə evdə saxlasın, bütün riskləri üzərinə götürsün. Bu, riskdir. Böyük həcmdə pulu evdə saxlamaq risklidir - oğru gələr, yanğın baş verə bilər... Ona görə də fikirləşsinlər ki, bu ajiotaja niyə qoşulublar. Cibdəki sonuncu manat əsginazı xarici valyutaya dəyişmək lazım deyil”.
Əksər ekspertlər isə bildirirlər ki, istiqrazların bazara, dövriyyəyə buraxılması hökumətin əhalidəki pulları əldə etməsi üçün fikirləşdiyi son çarədir. Ekspert Samir Əliyevin sözlərinə görə, S.Şərifov manat və dollar istiqrazları barədə danışıb: “Manata görə 11-12 faiz ödəniləcək, dollara görə isə az. Bu gün manatın taleyi dünya bazarındakı neftdən asılıdır. Bundan başqa, digər təsir göstərən amil kapital axınıdır. Ölkədən güclü kapital axını var. Bu da manatı daim təzyiq altında qoyur. Biz bir ildə iki devalvasiyanın şahidi olduq. Əhalidə də təbii olaraq manata qarşı inamsızlıq var.
Mərkəzi Bankın on milyarddan artıq valyuta ehtiyatı son dövrlərdə azalıb. Həmin o vəsaitin bir hissəsi kapital şəklində xarici ölkələrə çıxarılıb. Bu, qeyri-rəsmi formada olub. Kapitalın bir hissəsi isə Azərbaycandadır. Əhali yastıq altında onu gizlədir. Əhali deyəndə, mən 400-500 manatı dollara çevirən insanları nəzərdə tutmuram. Onların aldığı dolların payı heç yüksək deyil. Söhbət əhalinin gəlirli, imkanlı təbəqəsindən gedir ki, onların bazardan aldığı dolların dəyəri bir neçə yüz mindən başlayır, bir neçə milyona qədər çatır. Əsas bu insanlar böyük pul kütləsini yığıb. Ölkədə isə valyuta sabitliyi yaratmaq lazımdır. Manata etibarı yaratmaq istəyiriksə, valyuta bazarında sabitlik olmalıdır. Bunun üçün əvvəla, gərək dollar qıtlığı hiss olunmasın. Bu gün bankların az dollar aldığı bildirilsə də, banklar dollar satmırlar.
Dollar qıtlığı var və dollar qıtlığı olduğuna görə də insanlarda manata etibar azalır. O baxımdan, etibar o zaman olacaq ki, dollar kifayət qədər olacaq və əhali istədiyi vaxt ala biləcək. İkincisi, manatın məzənnəsi sabit qalacaq, bu halda manata etibar artacaq. Manata etibarı artırmağın yollarından biri də ölkəyə valyuta gətirilməsidir. Ölkəyə valyuta gətirməyin yolları barədə ekspertlər fikirlər bildirirlər. Neft Fondunun vəsaitlərinin müəyyən hissəsinin gətirilməsi, həmçinin xarici borclanmaya getmək də bu yollardan biridir. Üçüncü, daxili borclanmadır. Neft Fondunun vəsaitlərinin gətirilməsinin müəyyən riskləri var ki, o da Mərkəzi Bankın vəsaitləri kimi səmərəsiz xərclənib qurtaracaq. Xarici borclanmaya gəldikdə isə bizim bu gün borc səviyyəmiz yüksək deyil. Amma xarici borclanma həm müddət aparır, həm də yüksək faizlə verilir. Ona görə ən yaxşı üsul daxili borclanmadır. Bu da manatla buraxılacaq 11-12 faizlik istiqrazlarla həyata keçirilə bilər. Bilmirəm həmin istiqrazlara tələbat hansı səviyyədə olacaq. Düşünmürəm ki, güclü tələbat olacaq. Ola bilsin, bir müddət sonra sabitlik yaranar, insanlar manata üz tutarlar. Bu halda həmin istiqrazları alarlar. Amma bu gün tələbat məhz dollar istiqrazına olacaq. Ona görə ki, banklara münasibətdə əhalidə narahatçılıq var.
Müəyyən qədər inamın azalması kimi də dəyərləndirmək olar. Biz bunu müşahidə edirik ki, əmanət qoyub, sonra gedib götürə bilmir banklardan. Ona görə pulu artıq yastıq altında saxlayırlar. Ona görə əgər istiqraz buraxılarsa, arxasında dövlət dayanır və dövlət zəmanət verir. Və bu, insanların həmin istiqrazlara inamını artıracaq. İstiqrazların üstünlüyü ondan ibarət ola bilər ki, yastıq altındakı pullar yenidən qayıdar ölkə iqtisadiyyatına. Gedib xaricdən dollar gətirmək yox, elə daxildəki dollarları iqtisadiyyata cəlb etmək olar.
Bu baxımdan, istiqrazın buraxılması addımını müsbət dəyərləndirirəm. Ancaq bu, bank sektorunda əmanətlərin istiqraza yönəlməsinə gətirib çıxara bilər. Belə bir təhlükə var. Amma istənilən halda, əhalinin yastıq altındakı pulunu çıxarmağın yolu indiki zamanda, düşünürəm ki, istiqraz buraxmaqdır. Nominal məsələsinə gəldikdə isə bu da vacib məsələdir. Nə qədər aşağı olsa, bir o qədər əlçatan olar. Nominalın aşağı olması vacib şərtdir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər