“Mimino”dakı azərbaycanlı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 15:13 | Şərh sayı: (0) | Baxılıb: 287
“Mimino”dakı azərbaycanlı
Məşhur sovet filmi “Mimino” yaşlı nəslin yadında yaxşı qalmış olar. Ona görə yaşlı nəsil yazıram ki, ehtimal edirəm bizim telekanalizasiyalar ordakı erməni sürücü Xaçikyan obrazını oynayan Frunzik Mkrtıçyana görə filmi göstərməzlər. (Yerli kanalları 10 ildən artıqdır izləmirəm, o üzdən güman şəklində yazıram).
Ancaq “Mimino” kimin oynamasından asılı olmayaraq çox yaxşı filmdir, rejissor Georgi Daneliyanın şah əsərlərindən biridir. Və bəlkə də çox adam bilmir ki, bu filmdə gürcü və erməni obrazları ilə yanaşı bir azərbaycanlı personaj da nəzərdə tutulubmuş. Daneliya bunu niyə çəkməyib - fikirləşməyə dəyər. İp ucları verə bilərəm: film 1978-ci ildə çəkilib, o zamanlar belə filmlər ciddi senzuradan keçirdi, ali partiya rəhbərliyi istənilən obrazı ixtisara sala bilirdi. Azərbaycan rəhbərliyi də komik filmdə azərbaycanlı obrazına razı olmayıb. Nəticədə biz keçmiş ittifaq ərazisində bizə hörmət qazandıracaq bir obrazı itirmişik. (Sözgəlişi, xəbəriniz olsun ki, bizim “Babək” filmində Amaliya Pənahovanın oynadığı yarıçılpaq səhnənin icazəsi də birbaşa Azərbaycan KP MK-dan, birinci şəxsdən alınıb).
“Mimino” filmi haqda bir tarixi faktı da yazım: filmin ilkin ssenarisində Daneliya şeir yazıb, truba çalan təyyarəçi ilə kəndli qızın sevgisindən bəhs edəcəkmiş. Hətta filmin istehsalı da başlayıbmış və tam təsadüfən Daneliya köhnə dostu... Rüstəm İbrahimbəyovla rastlaşıb. Söhbət filmdən düşüb, bu zaman İbrahimbəyov Daneliyaya elə onun özünün haçansa danışdığı əhvalatı - hər uçuşdan qayıdanda vertolyotu oğurlamasınlar deyə zəncirlə qıfıllayıb ağaca bağlayan pilotun əhvalatını xatırladıb. Beləcə, film dəyişikliyə uğrayıb.
Bunları niyə yazıram? Srağagün “Azadlıq Radiosu” Azərbaycan xidmətinin saytında çox məzəli bir süjet gördüm. Bu, Ermənistanda bir sakinin hüquq-mühafizə orqanlarına etirazının orijinal formasına aid idi. Demək, dövlət bu ermənini məhkəməyə verib, nəsə çəkişmə var, ancaq adam məhkəmənin ədalətinə inanmır, onu saxta adlandırır, çağırışa getmir. Bu zaman polislər evə gəlir, adam isə qapını açan kimi yerə uzanır. Polislər onun əl-ayağından tutub maşına uzadır, məhkəməyə aparırlar. Orda da bunu dörd polis əllərində götürüb məhkəmə salonuna daşıyır. Hakim gəlir, hamı ayağa qalxıb, müttəhim isə yerdə uzanıqlıdır! Canlı, videoda baxmasan bəlkə bunu lətifə saymaq mümkündür.
Bax, məni düşündürən də elə bütün prosesin əvvəldən-axıra videogörüntüyə alınması, ancaq Ermənistan hüquq-mühafizə orqanlarının buna mane olmaması idi! Azərbaycanda belə şey mümkündürmü? Qətiyyən. Bizim orqanlar bu sahədə də qorxaqdır, şəffaflıq, aşkarlıq düşmənidir. Yekə-yekə danışıb Ermənistanı söyməklə deyil, belə detallar göstərir ki, orda söz, ifadə azadlığı Azərbaycandakından irəlidədir. (Bu, beynəlxalq qurumların reytinq cədvəllərində də vaxtaşırı ortaya çıxır). Keçən il bizim jurnalistlər məhkəmə prosesinə aparılan adamı videoya çəkmək üçün divara dırmaşmağa məcbur olmuşdular, “Ədliyyə” Nazirliyi Penisentiar İdarəsinin işçiləri isə utanmazcasına ... onları daşa basmışdılar! Dünyanın heç yerində belə karikatur poqon daşıyıcıları olmur.
Ermənistandakına bənzər əhvalatın biri də Rusiyada olmuşdu. Orda hakim vəkilin salondan çıxarılması qərarı vermişdi - buna ixtiyarı olmasa da. Vəkil qanunları xatırladıb çıxmaqdan imtina eləmişdi, bu zaman salonun mühafizəçiləri vəkilin ayaq və başından tutub onu bayıra atmışdılar. Bu prosesin də videosu internetdə durur.
Sözümün canı odur ki, onsuz qanunsuzluq və korrupsiya ilə Azərbaycanı dünyada tanıdırsınız, heç olmazsa imkan verin belə koloritli, məzəli videolar çəkilsin, dünyaya yayılsın. Bu, gərginliyi azaldan, cəmiyyətdə yumoru artıran, hətta deyərdim ölkəyə turist cəlb edən detallardır. Bizim dövlət orqanlarında, məhkəmələrdə hər gün nə qədər belə tragikomik hadisələr olur, videosu çəkilmir deyə it-bata düşür. Çəkilsə, bəlkə gələcəkdə bizdə “Mimino” kimi filmlərin yaranmasına stimul olar.
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər