Cüdo yarışının sponsoru Fatmanisə xala |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 10:54 | Şərh sayı: (0) | Baxılıb: 281
Cüdo yarışının sponsoru Fatmanisə xala
İnterpol xətti ilə dünyada axtarışa verilən cinayətkar sayında ana yurdumuz keçmiş SSRİ və region ölkələri arasında ancaq Rusiyadan geri qalırmış. Təsəvvür edin, Azərbaycan 318 vətəndaşının tutulub təhvil verməsi üçün dünya xalqlarına müraciət etmişdir. Bu rəqəm Ukraynada 311 nəfərdir. İran 12, Gürcüstan isə 88 nəfəri axtarırmış.
Müqayisə daha aydın olsun deyə əhali sayına, necə deyərlər, hər min nəfərə düşən cinayətkara diqqət eləməliyik. Ukraynanın əhalisi 45 milyon nəfərə yaxındır. Azərbaycanda isə 10 milyondur. Loru dildə desək, beynəlxalq aləmdə bizim cinayətkarlarımız ukraynalı cinayətkarları azı kəmiyyət baxımından basıb döyər. Qürur duyuruq, ayrı nə edə bilərik. Onsuz vətənimiz son illərdə xaricə ancaq neft və cinayətkar ixrac edirdi. İndi neft qiymətdən düşüb, barı ümid eləyək quldurlarımızın xaricdə hörməti düşməsin. Şair demişkən, qoy millətdə ruh yaşasın!
Açığı, son günlər devalvasiya, bahaçılıq, iqtisadi böhran üzündən kriminalın artması gündəmdədir, vətəndaşlar bu sarıdan çox narahat olurlar, deyirlər daha gecə-gündüz küçələrdə gəzib dombalaq aşa bilməyəcəyik, elə mən özüm də dünənki yazımda bu narahatlığın üzərinə bir az neft tökmüşəm. Yerim çatmadı, ancaq indi fikrimi tamamlayaraq bildirim ki, əslində mən cinayətkarlığın devalvasiyadan sonra artması fikrini bölüşmürəm. Bizdə kriminal həmişə yüksək səviyyədə olub. Sözün hər anlamında yüksək səviyyədən söhbət gedir. İzah edim.
Örnək üçün, son 10 ildə 100 milyard dollardan artıq neft pulunun Azərbaycana gəldiyi bildirilir. Hələ bu rəsmi hesab-kitabdır, biz də ancaq bunu nəzərə alaq. Bu pulların lap hesab edək 10 milyarda yaxını qızıl-platin örtüklü yolların çəkilməsinə sərf olunub. 10 milyardı daş parkları, sidik püskürən fəvvarələr, daş hasarlar və yerli icra başçılarının sutenyorluğu ilə fəaliyyət göstərən rəsmi fahişəxana-idman komplekslərinin yaradılmasına gedib. 10 milyardı yazıram analoqu olmayan ordumuz üçün dayandoldurum tüfəngləri alınmasına, lap 10 milyardı da verək pensiyaçılara, qaçqınlara və Strasburqda kilsənin remontuna. 10 milyard isə Avropa Oyunları apardı, it aparan olsun. Bəs bunun qalan 50 milyardı hanı? Vallah, nə qədər israfçılıqla xərcləsən belə heç bir oğru-quldur bu qədər pulu belənçik dağıda bilməzdi.
Təbii, indi rejim özü öz oğrularının bəzilərini tutub dama salıb, proses gedir. Ancaq bütün hallarda o qədər oğurluq və quldurluq hadisələri vaxtında uçota alınsaydı indi biz devalvasiyadan sonra bir-iki nəfərin evinin soyulmasına ciddi hadisə kimi baxmazdıq. İndiki oğurluqlar böyük neft pulları dövründəki oğurluqların yanında çox xırım-xırda əməllərdir, dəvənin yanında milçək kimi bir şeydir.
Müqayisə eləmişkən, bir tragikomik durumu da yazaq. Azərbaycan sən demə, cüdo üzrə dünya çempionatını keçirmək üçün beynəlxalq federasiyaya ərizə veribdir. Ölkənin pulsuz, kasıblamış vaxtında, insanların böhranla əlləşdiyi çağda hakimiyyətin bu əcaib niyyətinə yalnız bu adı vermək olar: “Keçi can hayındadır, qəssab piy axtarır”. Və bu cüdo yarışı ərizəsi ilə eyni vaxtda küçə ticarətçilərinin 80 manat cərimə olunması haqda qanun qayırıblar. Tam biabırçılıqdır. Bizim uşaqlar oxuyan məktəbin qabağında 4-5 qarı göyərti, qatıq-filan satır. Hər dəfə polislərə bir-iki manat verib gündəlik dolanışıqlarını çıxarırdılar, indi 80 manatlıq cərimədən sonra gərək rüşvəti qaldırsınlar.
Dünyada daha hansı ölkə var ki, göyərti satan imkansız qarıları soyub həmin pulla cüdo yarışı qayırmaq istəyir?
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər