Avtomobilin yenidən icad edilməsi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:38 | Şərh sayı: (0) | Baxılıb: 276
Avtomobilin yenidən icad edilməsi
Əslində dünyada iki cür ölkə var: avtomobil istehsal edənlər və avtomobil istehlak edənlər.
Dünyanın 200 dövlətindən təxminən 180-i ikinci qrupa daxildir, 20-si birinci qrupa. Yəni dünyada avtomobil istehsal edənlər çox azdır.
Hətta avtomobil istehsal edənlərin özləri də başqa ölkələrdə istehsal edilmiş avtomobillər alırlar. Məsələn, ABŞ boyda dünya hegemonu özünün “Ford”u, “Hammer”i, “Kadillak”ı, “Kraysler”i, “Linkoln”u ola-ola döşənib Yaponiyadan “Toyita”, “Nissan”, Cənubi Koreyadan “Hunday” alır. Həm də çox alır, az qala özünün buraxdığı qədər.
Bizə elə gələ bilər ki, “Ferrari”ni İtaliya buraxırsa, demək, orda hər iki-üç adamdan biri “Ferrari” sürür. Xeyr, görməmiş ölkələrin paytaxtlarındakı “Ferrari” markalı maşınların sayı, məsələn, Milandakından çoxdur. İsveçdə də yerli “Volvo”dan çox “Mersedes” görərsən.
İndi biz də Allahın köməkliyi ilə öz “NAZ-Lifan”ımızla avtomobil istehsal edən ölkələrin sırasına qoşuluruq.
Bu balaca məsələ deyil. Avtomobil istehsal edən ölkələr qüdrətli sənaye ölkələri sayılırlar. Ona görə də biz əslində öz “Lifan”ımızla qürur duymalıyıq, o maşınları sevə-sevə alıb minməliyik.
Orası da var ki, biz sovet dövründə Bakıdakı Volodarski adına tikiş fabrikinin buraxdığı kostyumları bəyənib almır, geymirdik, gedib Malta, Finlandiya, Yuqoslaviya kostyumları axtarırdıq, əl altından baha qiymətə alırdıq.
Ancaq bu, o demək deyildi ki, “Volodarski” fabriki yaxşı kostyum buraxmırdı. Lap əla kostyum buraxırdı. Məsələn, bizim kəndçimiz F. müəllim ADR-də çəkdiyi əsgərlikdən tərxis olunub vətənə qayıdarkən Berlinin ən yaxşı mağazalarından birində özünə göy, milə-mil bir kostyum alıb gətirmişdi. Evdə qohumları “alman malı” hesab etdikləri kostyumun embleminə baxanda məlum olmuşdu ki, bay, kostyum Bakıda, “Volodarski”də tikilib. Bununla belə, F. müəllim o kostyumu sərasər 5 (bəlkə də 10) il geyindi, nə rəngi solurdu, nə də ətəyi bürüşürdü.
Heç demə, “Volodarski”nin istehsal etdiyi keyfiyyətli kostyumları SSRİ-nin himayəsində olan sosialist ölkələrinə göndərirmişlər, keyfiyyətsiz məhsullarını isə ölkənin kənd rayonlarına. Ona görə də bizim kəndçilər öz pal-paltar bazarlıqlarını, yekə çıxmasın, Moskvada, Leninqradda edir, etdirirdilər.
İndi biz ölkədə adi corab, tuman-köynək buraxa bilmədiyimiz halda avtomobil istehsalına girişmişik deyə camaata bir az çöçün gəlir. Bəzi adamlar deyirlər ki, Azərbaycan inkişaf etmiş dünyadan təxminən 150 il sonra avtomobil buraxmağa başlayırsa, onun istehsal etdiyi avtomobil o qədər də keyfiyyətli olmayacaq.
Havayı söhbətdir. Nə olsun ki, 150 il əvvəl bizim Adam Opelimiz olmayıb, əvəzində o vaxt mindiyi faytonu kasıb-kusubun üstünə sürdürən Həsən ağalarımız olub. (Onların əmvatına bir salavat zikr edək). Bu gündən danışaq. Təzədən durub velosiped icad edəsi deyilik ki. İndi hamımız bilirik ki, avtomobili necə yığır, düzəldirlər, hissələri necə olur. O biri ölkələrdə istehsal olunmuş hissələri alıb komplektləşdirib konveyer üsulu ilə yığaraq avtomobil düzəltmək üçün Ştutqartda, Detroytda xüsusi kurs keçməyə ehtiyac yoxdur. Vallahi, kənd yerlərində elə ustalar var ki, orta məktəbin 8-ci sinifindən qayıdıb, oxumayıblar, amma sən onlara lazımi hissələri al ver, sənə “Galenvagen” yığsınlar. Hazırda onlar sexlərində “Jiquli” və “Niva” yığırlar, ona görə ki, ustalara bu maşınların hissələrini və kuzasını gətirirlər.
Bu baxımdan ruhdan düşməyə, “bizdən avtomobil buraxan olmaz, özümüzü biabır etməyək” düşüncəsinə qapılmağa ehtiyac yoxdur. Odur, Rusiyanın avtomobil sənayesi Avropanın, Asiyanın nəhəng maşınqayıranları ilə rəqabətə tab gətirmir, amma bizdə elə şey ola bilməz. Yeri gəlsə, bizim “NAZ-Lifan”ımız “Porşe”ylə də rəqabətə girə bilər və girəcək.
“Necə” deyə sual edəcəksinizsə, yazaram. “Porşe”ni kimlər minir? Məmur və oliqarx balaları. Sabah yuxarılarda məsləhət olsa ki, onların hamısı öz bahalı avtomobillərindən düşüb “NAZ-Lifan” minsinlər, nə edəcəklər, müqavimət göstərəcəklər? Xeyr, çoxu xəcalət çəkə-çəkə olsa da, “NAZ-Lifan”a minəcək. Əlbəttə, qüruruna sığışdırıb minməyənlər də olacaq, ancaq onlar da görəndə ki, bu işin üstündə papalarını yuxarılarda minirlər, yumşalacaqlar.
Beləcə, milli avtomobil sənayemiz daima inkişaf edəcək.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər