Bankların bağlanması və birləşməsi nəyi dəyişəcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 16:26 | Şərh sayı: (0) | Baxılıb: 353
Bankların bağlanması və birləşməsi nəyi dəyişəcək?
Əksər ekspertlər Mərkəzi Bankın gecikdiyini vurğulayır; sağlam olmayan bankların birləşdirilməsi daha böyük problemlər yaradacaq...
2016-cı il başlanandan ölkə bankları bir-birinin ardınca bağlanmaqdadır. Ekspertlər bağlanacaq bankların sayının artacağını vurğulayırlar. Üstəlik, bankların birləşdirilməsi də artıq aktuallaşıb. Ekspertlər ilin sonuna qədər bankların sayının yarıbayarı azalacağını bildirirlər.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, il başlanandan dörd bankın bağlanması hələ son deyil: “Çünki hazırda Azərbaycanda elə bank və hətta banklar fəaliyyət göstərir ki, müştəri hətta əmək haqqı hesabından belə öz halal pulunu çıxara bilmir. Ev alqı-satqısı nəticəsində cari hesabındakı pula həsrət qalanların sayı da az deyil. Amma Mərkəzi Bank nədənsə belə bankların lisenziyasını ləğv etmir və əslində onlara ”süni nəfəs" verməyə çalışır. Halbuki “axsayan bankları” zamanında ləğv edib bank sektorunun özünə nəfəs verməyə ehtiyac var".
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, Mərkəzi Bank əslində gecikib: “Nəhayət ki, Mərkəzi Bank bankların bağlanması və birləşdirilməsi prosesinə start verdi. Əlbəttə, çox gecikib, amma yenə də düzgün addımdır. Qeyri-sağlam banklar ləğv edilməli, sağlam, lakin çətinliyi olan banklar isə birləşdirilməlidir”.
Ekspert “banklar niyə məhz indi ləğv edilir?”- fikrinə də aydınlıq gətirib: “Ona görə ki, yaxında ”Əmanətlərin tam sığortalanması haqqında" Qanun qüvvəyə minəcək. Həmin andan əmanətlər 100 faiz sığortalanmış və deməli, bağlanan bankların əmanətçilərinə əmanətlər tam ödənilməli olacaq. Buna yol verməmək üçün Mərkəzi Bank bankları qanun qüvvəyə minənədək ləğv edir. Başqa sözlə, bağlanan banklar üzrə əmanətlər yalnız 30 000 manat həddində kompensasiya ediləcək. Digər əmanətlər bir qayda olaraq, batacaq. Başqa sözlə, banka limitdən artıq əmanət, kredit qoymuş şəxslər əlini pulundan üzsün. Yeri gəlmişkən, banklar əhalidən və sahibkarlardan kreditlərin qaytarılmasını tələb edəndə deyirlər ki, heç elə də şey olar, krediti götürmüsən, indi qaytar da, qaytarmasan səni məhv edərik. Bəs necə olur ki, bankda pul bata bilər və buna görə heç kəs məsuliyyət daşımır?"
Ekspertin sözlərinə görə, bağlanan “Gəncəbank”, “Yunayted Kredit Bank” və “NBCBank”da sığortalanmış əmanətlərin miqdarı cüzidir: “Başqa sözlə, Əmanətlərin Sığortalanması Fondunun üzərinə elə də böyük yük düşməyəcək. Mərkəzi Bankın rəhbərliyi üçün əsas məsələ də məhz budur. Çünki sözügedən fondun vəsaitini faktiki məhz Mərkəzi Bank idarə edir. Fondun nəyə qadir olduğunu hamıdan yaxşı bilir və müflisləşməsini istəmir. Lakin təbii ki, əslində bağlanmalı olan bankların sayı çoxdur. Mərkəzi Bank deyir ki, bu bankları ”məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə" bağlayıb. Bankların ən azı yarıdan çoxu bu meyarlara uyğun gəlir, buna görə də maliyyə hesabatlarını gizlədirlər. Bəs onlar niyə ləğv olunmur? Ona görə ki, onlarda sığortalanmış əmanətlərin miqdarı çoxdur".
Ə.Həsənovun sözlərinə görə, banklar “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə minənədək bağlanacaq: “Sonra bağlanma olmayacaq. Əks təqdirdə, fond bütün əmanətləri kompensasiya etməli olacaq. Ləğv ediləcək banklarda sığortalanmış əmanətlərin miqdarı yenə də çox az olacaq”. O, hansı bankların birləşdiriləcəyini də açıqlayıb: “Məntiqlə sağlam, lakin çətinliyi olan banklar birləşdirilməlidir ki, çətinliklərin öhdəsindən birgə gələ bilsinlər. Ümid edək ki, belə də olacaq. Lakin əmin olmayaq. Çünki yuxarıda vurğuladığım kimi, Mərkəzi Bankın rəhbərliyinin əsas məqsədi Əmanətlərin Sığortalanması Fondunu itkilərdən qorumaqdır. Buna görə də böyük ehtimalla Mərkəzi Bank qeyri-sağlam bankların da birləşdirilməsinə gedə bilər ki, gözdən pərdə assın. Ona görə ki, qeyri-sağlam bankların bəzisində sığortalanmış əmanətlərin miqdarı çox böyükdür. Deməli, belə bankların ləğvi Əmanətlərin Sığortalanması Fondunu müflis edə, yəni Mərkəzi Bankın yarıtmaz fəaliyyətini nümayiş etdirə bilər”. Ə.Həsənov qeyd edib ki, qeyri-sağlam bankların birləşdirilməsi yekunda faciə ilə qurtaracaq: “Lakin vaxt udmağa, müəyyən dövr ərzində hamını aldatmağa, nüfuzu qorumağa və vəzifədə qalmağa xidmət edə bilər. Vaxt udmaq isə Mərkəzi Bankın mövcud rəhbərliyi üçün olduqca vacibdir. Çünki aydın məsələdir ki, yaxında istefaya göndəriləcək və bundan sonrakı problemləri xələfinin üzərinə yıxa biləcək”.
Ekspertin sözlərinə görə, əmanətçilər aldanmamalıdır: “Hazırda bankların bir çoxu əmanətləri qaytarmır. Lakin Mərkəzi Bank onları ləğv etmir ki, əhali sığortalanmış əmanətlər üzrə kompensasiya alsın. Qorxuram ki, bundan sonra da əhalinin başını onunla qatsınlar ki, ”bu banklar birləşir, ona görə də hələlik gözləyin, qoy birləşsinlər, əmanətləri sonra birləşmiş yeni bank özü qaytaracaq". Buna yol vermək olmaz. Belə olsa, bilin ki, bizi aldadırlar və birləşdirilən banklar əslində qeyri-sağlamdır, sadəcə, vaxt udmaq və əmanətləri kompensasiya etməmək üçün bizimlə oyun oynayırlar. Əslində isə bu halda belə olmalıdır. Bankların birləşməsi üçün Mərkəzi Bankın razılığı tələb olunur. Necə ki, bu gün Mərkəzi Bankın sədri bizə bəyan etdi ki, “Dəmirbank” və “AGBank” birləşdiriləcək. Bu o deməkdir ki, Mərkəzi Bank bu iki bankı sağlam, lakin müəyyən çətinliklərlə üzləşmiş hesab edir. Lakin məsələn, tutaq ki, “Dəmirbank” əmanətləri artıq qaytara bilmir. Bu halda Mərkəzi Bank “Dəmirbank”a kredit verməlidir ki, o, öhdəliklərini icra edə bilsin. Yox, əgər Mərkəzi Bank bunu etmirsə və əmanətçilər pulunu “Dəmirbank”dan götürə bilmirsə, deməli, bizi aldadırlar. Məntiq sadədir: Mərkəzi Bank “Dəmirbank”ı sağlam hesab edirsə, niyə ona kredit vermir, niyə ona etibar etmir? Deməli, əmanətçilərə deyir ki, siz etibar edin və illərlə çəkəcək birləşmə prosesinin bitməyini gözləyin, amma mən Mərkəzi Bank olaraq “Dəmirbank”a etibar etmirəm. Buna görə də diqqətli olun: birləşdirilən bank əmanətlərinizi qaytara bilmirsə, deməli, əslində o ləğv edilməli idi və sizi, sadəcə, vaxt udmaq üçün aldadırlar".
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, bank fəaliyyətinə nəzarəti həyata keçirmək üçün Mərkəzi Bankın alternativləri tükənir: “Hazırkı situasiyada baş verən bankların ləğvi və birləşməsi prosesi düzgün idarə olunarsa və banklar yenidən strukturlaşdırılarsa, bu, son nəticədə bankların sağlamlaşmasına gətirib çıxara bilər. Yox, əgər bu proses oliqarxlar arasında bank kapitalı uğrunda qeyri-sağlam mübarizəyə gətirib çıxaracaqsa o halda bundan bütövlükdə maliyyə-bank bölməsi ziyan çəkəcək. Odur ki, indiki həssas zamanda bankların bağlanmasına və birləşdirilməsinə dair geniş informasiyalara, xüsusilə də səhmdarların və əmanətçilərin asan çıxışı təmin olunmalıdır. Hesab edirəm ki, ”parnik bankları"nın konsolidasiyası və ləğvetməsi, eləcə də özünü müflis elan etməsi prosesləri davamlı olmalıdır. Bank kapitalının təmərküzləşməsindən sonra başlayacaq növbəti mərhələdə rəqabətli mühiti təmin etmək üçün bu bazara xarici kapitalın sərbəst girişinə olan bütün inzibati və hüquqi baryerlər aradan qaldırılmalıdır".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər