Dollar kreditlərində güzəşt |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 16:04 | Şərh sayı: (0) | Baxılıb: 266
Dollar kreditlərində güzəşt
Vahid Əhmədov: “On min dollaradək kreditlərin əvvəlki- 1,05-lik məzənnə ilə qaytarılmasını həm Mərkəzi Bankla razılaşdırmışıq, həm də hökumətlə”
Əhalinin dollar kreditlərinin həlli istiqamətində addımların atılacağı yenidən gündəmdədir. Bildirilir ki, dollar kreditlərinin devalvasiyadan əvvəlki məzənnə ilə qaytarılması mümkün ola bilər. Deputat Vahid Əhmədov da azadlıq.org-a bildirib ki, dollarla götürülən kreditlərlə bağlı bu məsələ faktiki olaraq razılaşdırılıb:
“Biz bunu həm Mərkəzi Bankla razılaşdırmışıq, həm də hökumətlə. Bunun maliyyə mənbəyi ilə bağlı məsələlər həll edilməlidir. Məncə, maliyyə məsələsi problem olmamalıdır. Çünki Mərkəzi Bankın ehtiyatı var. Bundan başqa, 10 min dollara qədər olan kreditlərin köhnə məzənnəylə - 1,05 manatla ödənməsi də gündəlikdədir. Özüm də təklikdə Mərkəzi Bankla, hökumətlə danışıqlar aparmışam. Bir neçə məsələ var, biri də budur. Ümumi razılıq var. Əsas da istehlak kreditlərinin köhnə məzənnə ilə- 1,05 manatla ödənməsi haqda söhbət gedir. Razılıq var, görək nə zaman qərar verilir”.
Ekspert Əkrəm Həsənov isə bunun əhalinin deyil, bankların marağı ilə atılan addım olduğunu vurğulayıb: “Son günlər 10000 dollar məbləğinədək olan kreditlərin 1,05 məzənnə ilə ödəniləcəyi haqda söz-söhbət artıb. Deyilənə görə, məzənnə fərqini banklara Mərkəzi Bank ödəyəcək. Yəqin ki, belə olacaq, Bank da öz növbəsində vətəndaşın borcunu 1,05 məzənnə ilə manata mübadilə edəcək. Əlbəttə, bu əməliyyat nəticəsində vətəndaşın vəziyyəti xeyli yüngülləşmiş olacaq. Əvvəla, ona görə ki, krediti manata keçirilmiş olacaq və deməli, növbəti devalvasiya riskindən sığortalanmış olacaq. Ən əsası isə krediti manata əvvəlki məzənnə ilə çevriləcək və beləliklə də borcu azalmış olacaq. Təbii, bu hələ o demək deyil ki, vətəndaş bundan sonra kreditini ödəməyə başlayacaq və ya nəticədə tam ödəyəcək. Böyük ehtimalla, hətta bu güzəştdən sonra da belə kreditlərin əksəriyyəti tam ödənilməyəcək. Çünki əhalinin gəlirləri düşüb, qiymətlər isə qalxıb. Bu səbəbdən hətta manat kreditlərinin də xeyli hissəsi artıq ödənilmir. Lakin hər bir halda, bu əməliyyat nəticəsində əsas uduşu əldə edən banklar olacaq. Təsadüfi deyil ki, təklifin müəllifi də məhz onlardır. Mən hətta deyərdim ki, bu, təklif yox, bankların Mərkəzi Banka tələbidir. Ona görə ki, bankların çoxu hazırda müflislik həddindədir. Problemli kreditlərinin həcmi dəhşətli səviyyəyə çatıb, əmanətlər kütləvi şəkildə çıxarılır, filiallar bağlanır, işçilər ixtisar edilir və sair. Belə vəziyyətdə Mərkəzi Bankın bankların problemli kreditlərinin müəyyən hissəsini ödəməsi əlbəttə ki, banklar üçün böyük nailiyyətdir. Heç bir zəhmət çəkmədən, səy göstərmədən 10000 dollaradək olan problemli kreditlərinin 33 faizini qaytarmış olurlar. Bir qayda olaraq, bu məbləğdə olan kreditlər üzrə adətən girov olmur, borclu isə normal rəsmi gəlirə malik deyil. Yəni belə kreditlərin böyük əksəriyyəti onsuz da qaytarılmayacaqdı. Buna görə də ən azı yaxın vaxtlarda bankların bu kreditlər üzrə məhkəmə iddiası qaldırmaq zərurəti aradan qalxacaq və onlar diqqətlərini daha iri məbləğli kreditlərə yönəldəcək. Bankların maliyyə və kadr resurslarının azaldığı dövrdə bu, çox böyük nailiyyətdir”.
Ekspertlərin sözlərinə görə, bu təklifin məhz banklardan qaynaqlanması təsadüfi deyil: “Banklar xalqın pulu hesabına ümidsiz kreditlərinin bir hissəsini silmək və digər problemli kreditləri üzrə borcluların üstünə həmləyə hazırlaşır. Lakin hər bir halda əgər bankların bu fəndi baş tutsa, on min dollaradək borcu olan vətəndaşların da vəziyyəti bir qədər asanlaşacaq. Dövlət bu vəziyyətdə, əlbəttə, yardım etməlidir. Amma sual yaranır ki, kimə: banklara, yoxsa əhaliyə? Niyə məhz banklara? İllər boyu yüksək faizlər hesabına əhalidən qazandıqları pullar hanı? Ölkədədir, yoxsa xarici offşorlarda? Niyə qazandıqlarını inkişafa və ya ən azı ehtiyata sərf etməyiblər? Əgər banklar yardımın məhz onlara edilməsində israrlıdırsa, buyursunlar, bütün illərin maliyyə göstəricilərini, o cümlədən qazandıqları dividentlərin kimlərin cibinə getdiyini açıqlasınlar. Yardım istəyən şəffaf olmalıdır. Axı yardım xalqın sərvəti hesabına edilir. Yox, əgər banklar bunu etməyəcəksə, yardıma da haqları yoxdur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər