“Problemli kreditlər bankları məhv edəcək” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:27 | Şərh sayı: (0) | Baxılıb: 900
“Problemli kreditlər bankları məhv edəcək”
Ekspertlər bildirirlər ki, problemli kreditlərə görə bankların çoxu müflis olacaq və əmanətlər batacaq...
Problemli kreditlərlə bağlı ölkədə vəziyyət gərgindir. İlin əvvəlində baş verən devalvasiyadan sonra banklarda qaytarıla bilməyən, yəni batmış kreditlərin həcmi kəskin şəkildə artıb. Son məlumatlara görə, problemli kreditlərin həcmi 1,3 milyard manata çatıb. Əhaliyə verilən hər yüz manatdan yeddisi geri qayıtmır. Ötən il bu rəqəm 976,3 milyon manat idi.
Ekspertlər bildirirlər ki, hökumət mövcud durumla bağlı konkret tədbirlər görməlidir. Çünki dollarla kredit götürən vətəndaşların durumu ağırdır. Ekspertlərin sözlərinə görə, devalvasiya zamanı Rusiya, Qazaxıstan kimi ölkələrin təcrübəsinə əsaslanıb müəyyən addımlar atıla bilər.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, problemli kreditlərin yaranmasında bankların kredit siyasəti günahkardır. Yəni banklar xaricdən aşağı faizlə ucuz kreditlər götürürərək, manata çevirir və əhaliyə çox yüksək faizlə verirdi. Bu da onların qaytarılmasında problem yaradıb. Daha sonra baş verən iqtisadi hadisələr bank sektorundakı neqativ halların fəsadlarını ortaya çıxarıb. Onun sözlərinə görə, artıq proses idarəolunmaz hal alıb və bu, bank sektorunun çökməsi ilə nəticələnə bilər.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, ikinci devalvasiyanın nəticəsi olaraq problemli kreditlərin həcmi xeyli artacaq, kreditlər ödənməyəcək və nəticədə bankların çoxu müflis olacaq, əmanətlər batacaq. “Dollarla kredit götürənlərin, xüsusilə, ötən il bu krediti alanların borcu iki dəfə artıb. Qorxulu tendensiya yaranıb. Burada söhbət təkcə vətəndaşlardan deyil, biznes sahəsindən də gedir. Sahibkarların da əksəriyyəti kreditlərini qaytarmamaq qərarına gəliblər. Əgər fevral devalvasiyasından sonra çox çətinliklə də olsa ödəmə aparırdılarsa, indiki devalvasiyadan sonra artıq başa düşürlər ki, borclarını ödəyə bilməyəcəklər. Ona görə də əhali dollarla olan kreditlərini kütləvi şəkildə qaytarmaqdan imtina etməli olacaq”,- deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, problemli kreditlər həll edilməsə, bu, ilk növbədə bank sistemini çökdürəcək, iqtisadiyyatı zəiflədəcək: “Bu, eyni zamanda insanlarımızın həyatı və sağlamlığı üçün də təhlükə olaraq qalacaq. Digər problem əmanətlərin batması olacaq. Kreditlər qayıtmırsa, banklar əmanətləri necə qaytaracaq? Artıq bir neçə bank hazırda əmanətləri qaytarmır, Mərkəzi Bank isə heç nə etmir. Bu da məsələnin digər tərəfidir. Təəssüf ki, problemli kreditlərin kökü Mərkəzi Bankın banklar üzərindəki səmərəsiz nəzarətidir. Proseslərə hökumətin müdaxiləsi olmazsa, bankların böyük əksəriyyəti bağlana bilər”. Ekspertin sözlərinə görə, çox sayda bank müflis olduğu halda da Əmanətlərin Sığortalanması Fondu isə müflis olacaq bu qədər bankın əmanətlərini kompensasiya edə bilməyəcək.
Ekspert Pərviz Heydərov isə bildirib ki, növbəti devalvasiya problemli kreditlərin həcmini kəskin artıracaq: “Manatın 50 faizə yaxın ucuzlaşdırılmasından sonra ABŞ dolları ilə götürülən kreditlər əvvəlki kursla, yəni 1dolların 1,05 manat nisbəti üzrə qaytarılması məqsədəuyğundur. Həmçinin, kreditlərin ödənişi müddətləri maksimum səviyyədə uzadıla bilər. Problemli kreditləri olan banklara dövlət tərəfindən müvafiq maliyyə dəstəyi həyata keçirmək- kompensasiya yolu ilə bağışlanması kimi məsələ də təcili olaraq gündəliyə gətirilməlidir”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər