Vətəndaş da, banklar da borc içində batır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 14-01-2016, 08:33 | Şərh sayı: (0) | Baxılıb: 392
Vətəndaş da, banklar da borc içində batır
Banklar nə dollarla olan kreditlərini ala bilir, nə dollarla olan əmanətlərini qaytarır
Manatın devalvasiyasından ən böyük zərbə banklara dəydi. Bir tərəfdən problemli kreditlərin həcmi artarkən, əmanətlərin qaytarılması da problemə çevrildi. Nəticədə bəzi bankların bazarı tərk etməsi qaçılmaz oldu. Bir çox bankların filialları bağlandı, işçilər ixtisar olundu. Bankların əksəriyyəti əmanətləri qaytarmaqda çətinlik çəkərkən, devalvasiyadan sonra xaricdən alınan kredit borcunun məbləği də manat ifadəsində artdı.
İqtisadçı ekspertlər isə ikinci devalvasiyanın bank sisteminə daha böyük zərbə vurduğunu bildirir, Mərkəzi Bankın timsalında hökumətin banklara ciddi dəstək verməsini vacib hesab edirlər.
“Yeni Müsavat”a açıqlamasında bankların vəziyyətini dəyərləndirən iqtisadçı ekspert Samir Əliyev bildirdi ki, banklar birinci devalvasiyadan sonra da zərərə düşmüşdülər və ikinci devalvasiyadan sonra bu zərər daha da böyüdü: “Birinci devalvasiyadan sonra zərər onunla bağlı idi ki, bankların valyuta mövqeyi korlanmışdı. Onlar Mərkəzi Bankın qoyduğu normativi pozaraq tələb olunandan daha çox dollar alqı-satqısı həyata keçirmişdilər. Devalvasiya olanda birdən-birə ümumi bank sistemi yüz milyonlarla dollar zərərə düşdü. Banklar kapitalın bir hissəsini itirdilər, problemli kreditlərin həcmi daha da artdı. Söhbət dollarla olan kreditlərdən gedir. İkinci devalvasiyadan sonra isə eyni hallar daha ağır formada yenidən təkrar olundu.
Çünki birinci devalvasiyadan sonra onun bank sisteminə vurduğu zərərin ağır nəticələri hələ aradan qalxmamışdı.
Düzdür, Mərkəzi Bank banklara müəyyən dəstək verdi. Bu dəstək ondan ibarət oldu ki, ehtiyat normasını azaltdı. Ehtiyat norma o idi ki, banklar kredit verəndə müəyyən qədər vəsaiti ehtiyatda saxlayırdı. Ehtiyat norması azaldıldığı üçün banklar həmin vəsaitləri kreditlərə yönəldə bildi. Aktivlərin təsisatı ilə bağlı qaydalara dəyişiklik edildi, Mərkəzi Bank kredit şərtlərinə yenidən baxılması, kredit şərtlərinin yumşaldılması üçün banklara dəstək verdi".
İqtisadçı ekspert bildirdi ki, Mərkəzi Bank banklara mənfi təsir göstərən bir əks addım da ataraq, komission haqlarını azaltdı: “Bu onunla bağlı idi ki, komission haqları üçün limit 1 faizə endirildi. Halbuki banklarda bu fərqli idi, 5-6, hətta 7 faiz olurdu. Mərkəzi Bank qayda qoydu ki, istehlak kreditləri 29 faizdən, mikrokreditlər isə 25 faizdən çox ola bilməz. Belə bir qayda tətbiq edildi. Bu əhali üçün yaxşı oldu və onların kredit almaq imkanını artırdı. Banklara isə mənfi təsir etdi. İki bank bazarı tərk etdi. Bəzi bankların vəziyyəti hələ də ağır olaraq qalır. İkinci devalvasiya problemi daha da dərinləşdirdi. Banklar valyuta mövqeyini düzgün idarə etmədiyi üçün valyuta mövqeyi pozuldu, bankların zərəri həddindən artıq çoxaldı. Nəzərə almaq lazımdır ki, bu çox ağır bir durumdur. Kreditlərin böyük hissəsini dollarla olan kreditlər təşkil edir. Deməli, həmin kreditlərin qaytarılması ilə bağlı çox böyük problemlər var. Çünki birinci devalvasiyadan sonra sürətli dollarlaşma prosesi getdi. Əhali öz əmanətlərini dollar hesabında yerləşdirməyə başladılar. Əmanətlərdə dolların payı 75 faiz təşkil etdi. Kreditlərdə də oxşar vəziyyət yarandı. Bank sektorunun vəziyyəti pisləşdi”.
Bankların xarici kredit borclarını ödəməkdə çətinlik çəkdiklərini bildirən S.Əliyev onların reytinqinin də gerilədiyini açıqladı: “Bildiyimiz kimi, bankların kredit portfeli əhalidən cəlb edilən əmanətlərin, xaricdən cəlb edilən kredit resurslarının və bankın öz kapitalının hesabına formalaşır. İndi vəziyyət ondan ibarətdir ki, devalvasiyaya görə dollarla olan kreditlərini ala bilmirlər. Ancaq əvəzində dollarla olan əmanətləri yeni məzənnə ilə qaytarmalıdır. Bəzi banklarda əmanətlərin yeni məzənnə ilə qaytarılması ilə bağlı problemlər yaşanır. Digər tərəfdən, banklar xarici borcları qaytarmalıdırlar. Hazırda bankların xarici borcu 6 milyard manatdan çoxdur və indi onu qaytarmaqda çətinlik çəkirlər.
Birinci devalvasiyadan sonra banklar xərclərin optimallaşdırılması siyasətini həyata keçirməyə başladılar. Hazırda filialların bağlanması prosesi gedir, işçilərin ixtisarı və maaşların azaldılması prosesi gedir. İkinci devalvasiya prosesə daha da təkan verdi. Mən düşünürəm ki, bu il bankların qarşısında duran əsas məsələ filialların bağlanması, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması olacaq. İkinci problem isə odur ki, bankların beynəlxalq reytinqinin pisləşməsi prosesi gedəcək. Artıq biz bunun əlamətlərini görürük, bəzi banların reytinqində pisləşmə var. Düşünürəm ki, bu proses davam edəcək. Üçüncü bir problem isə bankların bazarda qala bilməsidir. Mənim fikrimcə, bəzi banklar bazarı tərk edəcəklər.
Ya başqa banka birləşəcəklər, ya bağlanacaqlar, ya da kredit təşkilatlarına çevrilə bilərlər. Dördüncü əsas problem əmanətlərlə bağlıdır. Mən istisna etmirəm ki, dollarla olan kreditlərin qaytarılması ilə bağlı kütləvi olmasa da, bəzi banklarda bu problem olacaq".
Ekspert vurğuladı ki, bütün bu problemlər nəzərə alınaraq, hökumət Mərkəzi Bankın timsalında bank sektoru üçün ciddi tədbirlər görməlidir: “Əhalinin bank sektoruna inamı artırılmalıdır. Banklara maksimum dəstək verilməlidir ki, onlara dəyən ziyan aradan qalxsın və banklar normal fəaliyyət göstərə bilsin. İkincisi, milli valyutaya olan ina bərpa olunmalıdır. Bu, bank sektorundan birbaşa asılıdır. Hökumət elə etməlidir ki, əhali manata etibar edib, milli valyuta ilə əmanət yatırsın.
Daha sonra əmanətlərin sığortalanması çox vacibdir. Çünki biz əmanətlərin azalması prosesini müşahidə edirik, insanlar əmanətlərini geri ala bilmirlər. Ona görə də əmanətlərin sığortalanması sistemi təkmilləşdirilməlidir. Mərkəzi Bank bankları ucuz kreditlə təmin etməlidir ki, banklar da əhaliyə, sahibkarlara kredit verə bilsinlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər