Əmanətlər bütünlüklə sığortalana bilər, çünki... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-01-2016, 02:32 | Şərh sayı: (0) | Baxılıb: 287
Əmanətlər bütünlüklə sığortalana bilər, çünki...
Ekspertlər prosesin banklara sərf etdiyini bildirirlər, banklar məcbur edir...
Əhalinin banklardakı bütün əmanətlərinin sığortalanması məsələsi gündəmə gəlib. İndiyədək 30 min manatlıq əmanətlər 12 faizlə sığortalanırdı. İndi isə banklara yerləşdirilən bütün əmanətlərin sığortalanması müzakirə edilir.
Hətta məsələ Milli Məclisin yanvarın 19-da keçirəcəyi iclasda da müzakirə olunacaq. Deputat Vahid Əhmədov da bir qədər əvvəl bu məsələyə toxunub. “Otuz min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər. Biz razılaşdırmışıq ki, həmin məbləğ götürülsün və qorunan əmanətlərin məbləği limitsiz olsun. Bəlkə bununla bağlı qanunda dəyişiklik edildi”,- deyə deputat bildirib. Onun sözlərinə görə, hazırda qanuna əsasən, vətəndaşların banklardakı 30 min manata qədər əmanətləri qorunur: “Amma indi yaranmış vəziyyəti nəzərə alaraq, limitin götürülməsini istəyirik. Əmanətçi sabah 100 min, 200 min də qoysa, dövlət onun əmanətini qorumağa zəmanət verməlidir. Yəni hər hansı fors-major vəziyyət yaranarsa, əmanətlərin sığortalanması ilə bağlı fonddan hər ay vəsait ödənəcək. Bu, həm bankların işinə xeyirlidir, dövriyyəsi genişlənir, həm də əmanətlərin qorunmasına şərait yaradar”.
Ekspertlər isə bu kimi addımların əhalidən daha çox bankların marağını qoruduğu qənaətindədirlər.
Ekspert Əkrəm Həsənovun sözlərinə görə, əmanətlərin tam şəkildə sığortalanması bankların marağında olan məsələdir: “Yəqin ki, Mərkəzi Bankın rəhbərliyinin bankların qarşısında xeyli qeyri-rəsmi öhdəlikləri var. Bankların sahibləri və rəhbərləri isə vaxt udaraq öz vəsaitlərini banklardan çıxarmaq istəyir. Bunun üçün isə üç şey tələb olunur, imkan daxilində daha çox krediti qaytarmaq, əmanətləri qaytarmamaq, yeni əmanətlər cəlb etmək. Sonuncunu reallaşdırmaq üçün banklar yaxında əmanətlərin məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq tam sığortalanmasına nail olmaq istəyir. Başqa sözlə, əhalini bu yolla şirnikləndirmək istəyirlər. Çünki manatın devalvasiyası nəticəsində xarici valyutada olan əmanətlərin xeyli hissəsi sığortalanmamış qalır. Əgər Mərkəzi Bank və banklar əmanətlərin tam sığortalanmasını mümkün hesab edirsə, niyə indiyədək bunu etməmişdilər? Niyə bank sisteminin yaxşı günündə bunu etmədilər, məhz pis günündə etmək istəyirlər? Deməli, bunu nə əhali, nə də ölkə iqtisadiyyatı üçün deyil, sırf öz şəxsi məqsədləri üçün etmək istəyirlər. Çünki problemli kreditlərin sayı arta-arta gedir, əmanətlər çıxarılır, buna görə də pulsuz qalıblar. Problemlərini yenə də əhalinin hesabına həll etmək istəyirlər”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər