Bankların birləşdiriləcəyi anonsu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 20-01-2016, 19:15 | Şərh sayı: (0) | Baxılıb: 309
Bankların birləşdiriləcəyi anonsu
Elman Rüstəmov bağlanmanı yox, birləşməni dəstəkləyir, amma...
Ölkə banklarla bağlı ciddi gəlişmənin başlanğıcındadır. İlin ilk ayında “Bank of Azerbaijan”ın lisenziyası geri alındı. Üstəlik, ekspertlər onlarla bankın bağlanma həddində olduğunu vurğulayır. Son olaraq isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, ölkədə fəaliyyət göstərən 5-7 bank birləşə bilər. APA-nın xəbərinə görə, E.Rüstəmov qeyd edib ki, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.
Mərkəzi Bankın başçısı zəif bankların birləşməsinin beynəlxalq banklar üçün də əlverişli olduğunu deyib: “Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir”.
Əksər ekspertlər isə bildirirlər ki, bankların durumu birləşə bilməyəcək qədər bərbaddır. Ekspert Əkrəm Həsənovun sözlərinə görə, ölkə banklarının əksəriyyətinin durumu kritikdir və qeyri-sağlam bankların da birləşməsindən bir şey çıxmayacaq: “Bankların bu gün əksəriyyəti, yarıdan çoxu qeyri-sağlam vəziyyətdədir. Faktiki müflisdirlər. Bunların harasını birləşdirəcəklər ki? Elman Rüstəmov sözdür, deyir. Devalvasiya haqqında da deyirdi olmayacaq. Vaxt udmaq istəyirlər, əhalini aldatmaq, şirnikləndirmək istəyirlər ki, əmanətlərini çıxartmasınlar, kreditlərini ödəsinlər. Bunun üçün deyilən bir sözdür. Yəni vaxt udsunlar, sadəcə. Hansısa orta səviyyəli banklar bəlkə də birləşəcəklər. Bəlkə də elə onların sayı 6-7-dir. Amma əksər banklar bağlanacaq, buna da heç bir şübhə yoxdur. Bu dəqiqə iki dövlət bankı var. Beynəlxalq Bank və ”Azəritürkbank". Hər ikisində də vəziyyət yaxşı deyil. Bunları niyə saxlayıblar? Dövlət niyə onun da, bunun da rəhbərliyinə pul verir, vaxt, güc sərf edir? Elə birləşdirsin. Yaxud “Paşabank”, “Atabank”, “Kapitalbank” faktiki bir holdinqə daxil olan banklardır. Nisbətən sağlamdırlar. Bunlar da birləşə bilər ki, böhran vəziyyətində böhranın öhdəsindən gələ bilsinlər. Amma əksər banklar bağlanacaq. Onların birləşməsi üçün əsas yoxdur".
Qeyd edək ki, fevralın 1-dən “Bank Respublika”nın üç rayonda filiallarını bağlayacağı bildirilir. Artıq əksər banklar filiallarını bağlayırlar və ixtisarlara gedirlər. Ekspertlər bildirirlər ki, vəziyyəti pis olan bankların birləşməsi mümkün deyil. Bu, bank sistemi üçün əlavə problemdir. Ekspertlər bankların sayının yarıbayarı azaldılmasını təklif edirlər. Ekspertlər vurğulayırlar ki, indiki şəraitdə bankların birləşməsi getdikcə sürətlənəcək. Bankların birləşməsinin bazara müsbət təsir edəcəyi güman olunur.
Ekspert Vüqar Bayramovun sözlərinə görə, hazırda “Bank of Azerbaijan”dan da pis vəziyyətdə olan banklar var: “Amma hələ də Mərkəzi Bank gözləmə mövqeyindədir. Elə bank var ki, müştəri öz əmək haqqı kartından pul çıxara bilmir. Mərkəzi Bank isə hələ də müdaxilə etmir. Müştərilər bankla məhkəmələr arasında qalıblar. Halbuki belə banklar bütövlükdə bank sektoruna olan inamın aşağı düşməsinə səbəb olur. Çünki hər hansı bir bankdan əmanətin götürülməsi probleminin olması xəbəri hətta yaxşı işləyən bankda da depozitlərin taleyini sual altına alır və həmin pulun taleyinə inamı azaldır. ”Bank of Azerbaijan" ASC-nin bank lisenziyasının ləğv edilməsindən sonra bankın müştəriləri nə etməlidir? Əvvəla, sığortalanan əmanətləri olanlar artıq məhkəməyə üz tutmasınlar, çünki Əmanətlərin Sığortalanması Fondu həmin pulları qaytarmağa məsuldur. Aydındır ki, bu bankda sığorta hadisəsi baş verəcək. Çünki bankın aktivlərinin passivlərindən çox olması inandırıcı deyil. Eyni zamanda “Bank of Azerbaijan” bu fondun üzvü idi və sığorta hadisəsi baş verəcəyi halda, fond sığortalanan əmanətləri geri qaytarmalıdır. İkincisi, əmanətçilərin Mərkəzi Bankın “Bank of Azerbaijan” ASC-nin ləğvi prosesinə məsul olan banklarla əməkdaşlığı davam etdirmək və ya depozitini geri götürmək hüquqları var və bundan istifadə edə bilərlər. Bütövlükdə, Mərkəzi Bank gec də olsa bu addımı atdı. Növbədə isə dayananlar var".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər