Ölkənin manat gərginliyi- Milli valyutanın çöküşü qaçılmazdır… |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:08 | Şərh sayı: (0) | Baxılıb: 317
Ölkənin manat gərginliyi- Milli valyutanın çöküşü qaçılmazdır…
Ekspertlər bildirirlər ki, Mərkəzi Bank bankların kapitalının və ehtiyatlarının azaldılmasına haqq qazandırmağa çalışır…
Ölkədə yenidən manat panikası yaranıb. Yanvarın 8-də gün ərzində dolların məzənnəsi iki dəfə qiymət dəyişib. Nəticədə 1 dollar 1,82 manata qədər bahalaşıb. Bununla belə, Mərkəzi Bank növbəti devalvasiya ilə bağlı xəbərlərin heç bir əsası olmadığını açıqlayıb. Mərkəzi Bankdan bildirilib ki, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi, o cümlədən əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə daha geniş və kompleks tədbirlər üzərində iş aparılır.
Qəbul ediləcək qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək: “Mərkəzi Bank eyni zamanda manatın ABŞ dollarına qarşı məzənnəsinin növbəti dəfə devalvasiyası ilə bağlı yayılmış xəbərlərlə əlaqədar bildirir ki, bu şayiələrin heç bir əsası yoxdur.
Belə ki, manatın məzənnəsi bəyan olunmuş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında formalaşır. Mərkəzi Bank valyuta bazarında hərraclar vasitəsilə valyuta satışı ilə iştirak edir”.
Mərkəzi Bankın atdığı maraqlı addım isə nağd xarici valyutanın alış və satış məzənnələrinin müstəqil şəkildə təyin edilməsi ilə bağlıdır. Yəni Mərkəzi Bank banklara Azərbaycanda nağd xarici valyutanın alış və satış məzənnələrini müstəqil şəkildə təyin etmək hüququ verib. Bu, bankın təsdiqlədiyi “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları”nda öz əksini tapıb. Məzənnələr bankın xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər. Əməliyyat günü ərzində məzənnələr bankın əmri ilə dəyişdirilə bilər.
Bundan başqa, yeni qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda, bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Hazırda Mərkəzi Bankın bu cür qərarlarla bazara nəzarət etməsinin nə dərəcədə effekt verəcəyi isə bir sıra suallar doğurur. Ekspert Rəşad Həsənov hazırda yaranmış situasiyanın mürəkkəb olduğunu bildirib: “Mərkəzi Bank hazırda vəziyyəti nəzarət altında saxlaya bilmir. Mərkəzi Bank vəziyyəti idarə etmək üçün müxtəlif çıxış yolları axtarır. Bütün bunlar əslində Mərkəzi Bankın gecikmiş addımlarının nəticəsidir. Manatın yumşaq məzənnə siyasəti vasitəsilə məzənnəsinin aşağı salınması vaxtında həyata keçirilsəydi, hazırkı panika yaranmayacaqdı. Eyni zamanda, Mərkəzi Bankın da bazarlara müdaxilə ümidi bu qədər məhdudlaşmayacaqdı. Hazırkı situasiyanı çətinləşdirən digər məqam da dünya bazarlarında neftin qiymətinin sürətlə düşməsidir. Hazırda neft 34 dollara qədər ucuzlaşıb ki, bu da proqnozlara görə, neftin qiymətinin 30 dollara qədər ucuzlaşacağını göstərir. Bu isə ölkəyə daxil olan valyutanın həcminin kəskin şəkildə azalmasına gətirib çıxaracaq. Hazırda qısamüddətli dövr üçün vəziyyətə bu kimi addımlarla nəzarət etmək bəlkə də mümkün olacaq. Bununla manatın müəyyən qədər sürətli dəyər itirməsinin qarşısı alınacaq. Mərkəzi Bank orta və uzunmüddətli dövrdə isə faktiki olaraq özünü funksiyasız vəziyyətə gətirib çıxaracaq”.
Ekspert Əkrəm Həsənov isə qeyd edib ki, Mərkəzi Bank bankların kapitalının və ehtiyatlarının azaldılmasına haqq qazandırmağa çalışır: “Bildirilir ki, “Bank kapitalının və onun adekvatlığının hesablanması” və “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması“ Qaydalarına edilmiş dəyişikliklər bankların topladığı əhəmiyyətli maliyyə ehtiyatlarını daha səmərəli və çevik istifadə etməsinə imkan verəcək. Yəni bankların kapitalının və ehtiyatlarının azaldılmasına haqq qazandırmağa çalışır. Bu doğrudan da belə yaxşı idisə, niyə indiyə qədər Mərkəzi Bank banklara həmin maliyyə ehtiyatlarından istifadə etməyə imkan vermirdi? Niyə Mərkəzi Bank həmin vəsaitin ölkə iqtisadiyyatı üçün istifadəsinə şərait yaratmırdı? Əslində, əlbəttə ki, banklara qarşı kapital və ehtiyat tələblərinin yumşaldılması o deməkdir ki, bank sahiblərinin banklardakı pulu azalıb, ehtiyatları tükənib və gözlərini əhalinin əmanətlərinə dikiblər. Sadəcə Mərkəzi Bank bu problemləri ört-basdır etmək istəyir. Mərkəzi Bank deyir ki, banklar tərəfindən bütün kreditorlar, o cümlədən əhali qarşısında öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq və hər hansı məhdudiyyət olmadan icra olunur. Mərkəzi Bank bilmir ki, artıq bir neçə bank əhalinin əmanətlərini qaytarmır? Özü də bəzi banklar bunu 2 ilə yaxındır ki edir? Bilirsə, niyə yalandan deyir ki, banklar öhdəliklərini icra edir? Bilmirsə, banklardan xəbəri olmayan Mərkəzi Bank kimə lazımdır? Bildirilir ki, Mərkəzi Bank, situasiyaya uyğun olaraq prudensial tənzimləmə çərçivəyə, eləcə də normativ xarakterli aktlara dəyişikliklər etməyə davam edəcəkdir. Bütün dəyişikliklər barədə ictimaiyyət ətraflı məlumatlandırılacaq. Məgər bu məlumatın özündə Mərkəzi Bank dəyişikliklər barədə ictimaiyyətə ətraflı məlumat verir ki, utanmaz-utanmaz bunu gələcəkdə edəcəyi barədə bəyanat verir? Əgər ətraflı məlumat budursa, bəs qısa və səthi məlumat nədir?”.
Ekspertin sözlərinə görə, burada əsas məqam əhalinin əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsinin vurğulanmasıdır: “Hazırda ən önəmli məsələ budur. Buna görə də əhalini sakitləşdirmək istəyir ki, camaat əmanətlərini banklarda saxlasın. Diqqətli olun, bu yaxınlarda Mərkəzi Bankın atdığı ilk addımlardan biri məhz bu sahədə olacaq. Deyəcək ki, bütün əmanətlər sığortalıdır: məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq. Amma onda da mən sual verəcəyəm: niyə bank sisteminin yaxşı günündə bunu etmədiz, pis günündə edirsiz? Niyə əvvəllər əmanətlərin artması və qorunması üçün tədbir görülmürdü? Bəlkə əksinə indi öz pulları tükənib, gözlərini camaatın əmanətinə dikiblər?”.
Ə.Həsənov Mərkəzi Bankın devalvasiya ilə bağlı xəbərləri şaiyə adlandırmasına da münasibət bildirib: “Mərkəzi Bankın sözünə artıq çoxdan inan yoxdur. Lakin əsas heç bu da deyil. Mərkəzi Bank demək istəyir ki, bu dəfə də manat dəyərsizləşsə, bunun adı “devalvasiya” olmayacaq, çünki Mərkəzi Bankın qərarı ilə olmayacaq. Yalnız və yalnız valyuta bazarındakı hərracın nəticəsi olacaq”.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər