Azərbaycanla Qərb barışır - siyasilər həbsdən azad ediləcəkmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-01-2016, 18:27 | Şərh sayı: (0) | Baxılıb: 245
Azərbaycanla Qərb barışır - siyasilər həbsdən azad ediləcəkmi?
Rəfiqə İsayeva: “Mənim də oğlumun vaxtıdır”
Azərbaycan hakimiyyəti ilə Qərb arasında son günlərə qədər davam edən soyuq münasibətlərdə ilıqlaşma müşahidə olunmaqdadır. Bu münasibətlərin fonunda gələn ayın ortalarında müzakirəyə çıxarılacaq sanksiya məsələsinin arxa plana keçəcəyi deyilir.
Bütün bunlar siyasi məhbus məsələsini bir daha gündəmə gətirib. Belə ki, ölkə iqtidarının sanksiya olmazsa, mart ayında böyük əfv sərəncamı verəcəyi barədə söz-söhbətlər yayılıb. Hətta hakimiyyətin marta qədər də, bu tipli sərəncam imzalaya biləcəyi ehtimal olunur.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Azərbaycanla Qərb arasındakı münasibətlərin düzəlməyə doğru getdiyi qənaətindədir: “Davos forumu fevralın 15-də Azərbaycana qarşı hazırlanacaq sanksiya məsələsinə ciddi təsir edəcək. Prezidentin Davosdakı fəaliyyəti, görüşləri bizi bu barədə düşünməyə vadar edir. Bu, siyasi məhbus məsələsinə də öz təsirini göstərəcək. Yaxın günlərdə olmasa da, Novruz bayramı ərəfəsində əfv sərəncamı verilə bilər. Bildiyiniz ki, bu sərəncam artıq hazır idi. Siyasi məhbuslar dekabr ayında çıxa da bilərdilər. Çünki Yeni il ərəfəsində hüquq müdafiəçiləri toplaşaraq, 22 nəfərlik siyahı hazırlamışdılar. Amma Qərbin qıcıqlandırıcı hərəkətləri, sanksiya hədələri həmin şəxslərin həbsdə qalmalarına səbəb oldu. Amma hər halda indi yumşalma gedir. Bunun fonunda düşünürük ki, nəhayət, 22 nəfərlik siyahıdan canımız qurtulacaq”.
S.Qocamanlı mart ayına qədər də bu cür sərəncamın verilə biləcəyini ehtimal etdiyini söylədi: “Buna əsas var. Biz həmişə deyirik ki, əfv sərəncamı cənab prezidentin səlahiyyətindədir. Novruz insanları sülhə, əmin-amanlığa, insansevərliyə çağıran bir bayramdır. Bu bayram ərəfəsində siyasi məhbusların böyük əksəriyyətinin azad olacağı gözlənilir. Düşünürəm ki, Davos görüşündə yaşananlar sanksiyaların aradan götürülməsinə rəvac verir”.
Siyasi məhbusların son durumları və onların ailələrinin yayılan əfv xəbərlərinə münasibətlərini öyrəndik.
Yanvarın 26-da saat 11:00-da Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin kassasiya şikayətinə baxılacaq. Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verdi: “Kassasiya şikayətində əsas tələbimiz bütün ittihamlar üzrə işə xitam verilməsidir. Prosesdə nələrin olacağını indidən demək tezdir. Qərara uyğun olaraq addımlar atacağıq. Ali Məhkəmədə ölkə daxili bütün hüquqi proseduralar tükənir. Ondan sonra Avropa Məhkəməsinə müraciət edilir”.
“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova verilən hökmdən artıq Apelyasiya Məhkəməsinə müraciət olunub. Jurnalistin anası oğlu ilə eyni maddə üzrə ittiham olunan, amma hazırda azadlıqda olan Leyla və Arif Yunuslara görə, Apelyasiya Məhkəməsinin müsbət qərar verəcəyinə inanır: “Yanvarın 19-da apellyasiya şikayəti verildi. Nə zaman baxılacağı barədə məlumat yoxdur. Artıq çox şeyə inamım qalmayıb. Dekabrın 28-nə qədər ümidli idim. İndi heç nəyə inanmıram. Digər şəxslər azad olunublar, mənim də oğlumun vaxtıdır. Görüş gününün vaxtı gəlir. Hər ikinci gün sovqat aparıram”.
NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov heç nəyə ümid etmədiyini bildirdi: “Sonuncu dəfə telefonla danışdıq. Hər şeyin normal olduğunu bildirdi. Saxlanıldığı yer istidir. Yeni ilə qədər daim ümidli danışırdım. Artıq heç nəyə ümidim qalmayıb. Onların heç bir sözünə inanmıram. Yeni il ərəfəsi məni Penitensiar Xidmətə çağırdılar ki, bir daha oğlunuz siyasi məsələlərlə məşğul olmayacaq. Azad edəcəklərini dedilər. Amma olmadı. Qarşıdan sanksiya məsələsi gəlir. Əgər bu olmazsa, nəyəsə ümid etmək olar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər