Sanksiyalar arxa plana keçir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:18 | Şərh sayı: (0) | Baxılıb: 253
Sanksiyalar arxa plana keçir?
Pentaqonun Konqresə təsir göstərməsi vəziyyəti dəyişə bilər
ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kristofer Smitin Azərbaycan və onun hakimiyyətinə qarşı hazırladığı və Helsinki Komissiyasında qəbul edilən “Azərbaycanda Demokratiya Aktı” adlı qanun layihəsi ətrafında yaşanan ajiotaj bir müddətdir səngiyib. Belə bir təəssürat yaranır ki, sanksiyaları nəzərdə tutan qanun layihəsi gündəmdən çıxarılır və hətta Konqresdə müzakirəyə də çıxarılmaya bilər.
Siyasi ekspertlər isə bildirir ki, ABŞ-da yeni il tətili hələ də davam edir. Son günlər bu mövzunun arxa plana keçdiyi təəssüratının yaranması həm bununla, həm də ABŞ prezidentindən Azərbaycan prezidentinə Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvətin göndərilməsi ilə bağlıdır. Sanksiya məsələsinin tətildən sonra yanvarın axırı, fevralda Konqresin komitələrində müzakirəyə çıxarılması gözlənilir.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə hesab edir ki, Barak Obamanın İlham Əliyevi nüvə sammitinə dəvət etməsi hadisəsi sanksiya məsələsini arxa plana keçirmir: “Çünki bunlar bir-biri ilə əlaqəli məsələlərə oxşamır. Nəzərə almaq lazımdır ki, ”Azərbaycanda demokratiya aktı" adlı qanun layihəsi Helsinki Komissiyasında Barak Obamanın Azərbaycan prezidentinə məlum dəvəti göndərməsindən sonra qəbul edilib".
İ.Ağazadə onu da qeyd etdi ki, Azərbaycan ABŞ-la müqayisədə çox kiçik ölkə olsa da Vaşinqton üçün çox böyük əhəmiyyətə malik strateji komponentdir. Vaşinqton bu komponentin əldən çıxmasını istəməz: “Düşünmürəm ki, Azərbaycan ABŞ-la münasibətləri o səviyyə çatdırar ki, adekvat addımlar atılmış olsun. Azərbaycan regionda marağı olan ölkələr, xüsusilə ABŞ üçün strateji əhəmiyyət daşıyan bir ölkədir. Azərbaycan Rusiya və İranın arasında olan elə bir strateji nöqtədir ki, bu məsələdə demokratiyanın sərhədinin cızılması və yeni dünya düzənində tutacağı yer çox mühümdür. Buna görə də Azərbaycandan ABŞ-ın imtina etməsi və ya Azərbaycanı proseslərdən sıxışdırması o qədər rahat deyil. Amma hər halda, Azərbaycan tərəfinə irəli sürülən tələblər də üzərindən vaz keçiləcək tələblər deyil. Çünki bu elə məsələdir ki, həm də dəyərlərə və prinsiplərə sadiqlik məsələsidir. Hesab edirəm ki, Azərbaycan hökuməti dil tapmalıdır, dövlətin və Azərbaycan xalqının ziyan görməsinə imkan verməməlidir. Mən arzulayardım ki, məsələnin sanksiyalarla yekunlaşmaması üçün dil tapılsın. Bir neçə gündən sonra bilinəcək ki, proseslər hansı istiqamətə gedəcək”.
Bir çox siyasətçilər isə Azərbaycanın Pentaqon üçün xüsusi önəm daşıdığına diqqəti cəlb edirlər. Qeyd edilir ki, təkcə Azərbaycanın üzərindən Pentaqonun təyyarələrinin gediş-gəlişi faktı Azərbaycanın Pentaqon üçün necə ciddi komponent olduğunu söyləmək üçün yetərlidir. Pentaqonun Ağ Evə, ABŞ Konqresinə təsir imkanları var. Bu baxımdan, Pentaqon Azərbaycan kimi mühüm komponentdən məhrum olmamaq üçün Konqresin Azərbaycana qarşı sanksiyalar qanununu qəbul etməsinin qarşısını almağa çalışa bilər.
Xatırladaq ki, sözügedən qanun layihəsi Azərbaycan hökumətinin yüksək vəzifəli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulmasını, onların biznes əlaqələrindən əhəmiyyətli dərəcədə gəlir əldə edən şəxslərə, hökumətin təhlükəsizlik və ədliyyə orqanlarının nümayəndələrinə viza qadağalarının qoyulmasını nəzərdə tutmaqla yanaşı, maliyyə sanksiyalarının, Azərbaycanla iqtisadi əlaqələrin kəsilməsini nəzərdə tutur. Bəzi siyasətçilərin fikrincə, 14 maddədən ibarət bu qanun layihəsinin 80 faizi Azərbaycan xalqına, 20 faizi birbaşa hakimiyyətə qarşıdır.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər