"Təqaüdlərin artması fərqli sistemin yaradılmasına səbəb olacaq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-11-2015, 21:28 | Şərh sayı: (0) | Baxılıb: 331
"Təqaüdlərin artması fərqli sistemin yaradılmasına səbəb olacaq"
Təhsil millətimizin gələcəyidir. Günümüzdə artıq dünya ölkələrinin gücü onların hərbi texnikası ilə deyil elm, bilik, təhsil səviyyəsinə görə ölçülür. Azərbaycanda da təhsilin inkişafı üçün ardıcıl addımlar atılır. Bu günlərdə prezident İlham Əliyevin imzaladığı sərəncamla doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılmasını da bu aspektdən qiymətləndirilə bilər. Prezidentin bu sərəncamı gənclər təşkilatlarının rəhbərləri tərəfindən razılıqla qarşılanıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmayılov bildirdi ki, sözügedən sərəncam tələbələrdə motivasiya yüksəkliyinə səbəb olacaq: "Daim gənclərin sosial problemlərini diqqət mərkəzində saxlayan, onların həyat şəraitlərinin yüksəldilməsinə xüsusi qayğı göstərən cənab Prezident İlham Əliyev növbəti dəfə onları - cəmiyyətimizin aparıcı qüvvəsini sevindirən bir addım atdı. Prezidentin imzaladığı sərəncamın nəinki dövlət hesabına ali və orta ixtisas təhsili müəssisələrində təhsilin müxtəlif pillələrində əyani təhsil alan tələbələri, eyni zamanda ödənişli əsaslarla oxuyan tələbələri də əhatə etməsi xüsusilə təqdirəlayiq haldır. Bu, təkcə tələbələrin sosial şəraitinin yaxşılaşdırılmasına yox, eyni zamanda onların müstəqil həyatlarının ilk dönəmindən dövlət qayğısını hiss etmələrinə hesablanmış bir addımdır". Həmsöhbətimiz haqqında danışılan sərəncamın tələbələrin akademik göstəricilərinin artmasında böyük rolunun olacağını da vurğuladı: "Əlbəttə ki, təhsilin keyfiyyətini yüksəltmək, tələbələr arasında rəqabəti gücləndirmək, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədi daşıyan bu sərəncamı gənclərimiz xoş əhval-ruhiyyə ilə qarşılayırlar. Düşünürük ki, bu qərar tələbələrin təhsil aldıqları ixtisas üzrə akademik göstəricilərinin yüksəlməsinə zəmin yaradacaq, onların təhsilə olan maraqlarını daha da artıracaq. Tələbələr təhsil göstəricilərini artırmaqla yanaşı, öz sosial vəziyyətlərini də yaxşılaşdırmış olacaqlar. Bu hal dövlət təhsil müəssisələrinin müsbət imicini daha da möhkəmləndirəcək, ölkəmizdə ali təhsilə olan marağı daha da artıracaq. Hazırda dünya miqyasında baş verən iqtisadi böhrana baxmayaraq, ölkəmiz sosial layihələrə və insan kapitalına edilən yatırımları azaltmır, əksinə artır. Dövlətimizin təhsilin inkişafına göstərdiyi qayğı Azərbaycanımızın uğurlu gələcəyinə inamın göstəricisidir".
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov qəzetimizə açıqlamasında qeyd etdi ki, yeni sərəncam tələbələr arasında elmi rəqabəti artıracaq: "Düşünürəm ki, sərəncam təhsil keyfiyyətinin yüksəldilməsi, tələbələr arasında rəqabət mühitinin yaradılması, onların tədris prosesindəki aktiv iştirakının və fəallığının artırılması baxımından çox önəmlidir. Təqaüdlərin artması fərqli sistemin yaradılmasına səbəb olacaq. Çünki ödəniləcək təqaüd əsasən tələbələrin semestr imtahanlarının nəticələrinə və ümumi təhsil göstəricilərinə əsasən müəyyən sıralama üzrə həyata keçiriləcək. Bu da öz növbəsində tələbələrin daha yaxşı oxumağa sövq edəcək". Həmsöhbətimiz yeni təqaüd qaydalarının ödənişli əsaslarla təhsil alan tələbələr üçün də faydalı olacağını vurğuladı: "Yüksək akademik göstəriciləri olduğu təqdirdə ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd ala biləcəklər. Təbii ki, akademik göstəricisi üstün olan və yaxşı keyfiyyət göstəricisi olan tələbələr də təqaüddən yararlanmış olacaqlar. Bu da Azərbaycanda keyfiyyətli kadrların sayının artmasına yardım göstərəcək. Əminəm ki, tələbələr yaradılan yeni imkanlardan istifadə edərək öz sosial durumlarını da yaxşılaşdıracaqlar".
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirdi ki, indiki çətin iqtisadi şəraitdə təqaüdlərin artırılması xüsusilə təqdirəlayiqdir: "Hazırda dünyada iqtisadi proseslərin mənfiyə doğru getdiyi bir zamanda tələbələrin təqaüdlərinin artırılması ölkəmizin iqtisadi gücündən xəbər verir. Tələbələr bu xəbəri çox böyük sevinclə qarşılayıblar. Artıq bir tələbə özü-özünü təmin edə biləcək qədər təqaüd ala biləcək. Təbii ki, bu sərəncam ölkə başçısının gənclərə olan diqqəti və hörmətindən irəli gəlir. Ödənişli əsaslarla təhsil alan tələbələrə təqaüdlərin verilməsi isə Azərbaycan ali təhsilində inqilabi bir addımdır. Bu addım həmin tələbələrin də akademik göstəricilərinə müsbət təsir göstərəcək. Tələbələr artıq yüksək qiymətlər almağa can atacaqlar".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər