Bayraq Meydanının həbsdəki sabiq rəisi haqda yeni xəbər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:21 | Şərh sayı: (0) | Baxılıb: 256
Bayraq Meydanının həbsdəki sabiq rəisi haqda yeni xəbər
Rəşad Məmmədovun üzünə indi də başqa şəxsi durdurmaq istəyirlər
Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun əleyhinə daha bir şəxs ifadə verib. Bu haqda istiqlal.az saytı məlumat yayıb. Sayt istintaqa yaxın mənbəyə istinadən yazır ki, həmin şəxs ev təmir edən ustadır: “O, bir müddət əvvəl istintaqa ərizə verərək Rəşad Məmmədovun ona gördüyü işə görə 2000 manat borcu olduğunu bildirib. Məmməd adlı ustanın vaxtilə Eldar Mahmudovun villalarından birində çalışması haqda da məlumat var”.
Məsələ ilə bağlı R.Məmmədovun vəkili Akif Əlizadə ilə əlaqə saxladıq. A.Əlizadə bildirdi ki, belə bir xəbər eşidiblər. O, müvəkkilinə qarşı qanunsuzluqların nəhayət ki, araşdırılacağına ümid etdiyini dedi: “Rəşad Məmmədovun günahı yoxdur. Sabiq nazirin (Eldar Mahmudovu nəzərdə tutur - E.M.) ətrafı Zabil Salmanova təzyiq edib onu Rəşid Məmmədovun əleyhinə ifadə verməyə məcbur etmişdilər. Onları işdən çıxardılar, Zabil Salmanov ərizə verib bildirdi ki, onu Rəşad Məmmədovun əleyhinə yalan ifadə verməyə məcbur ediblər. Ümid edirik ki, həmin ərizəyə tezliklə baxılacaq və ədalətli qərar veriləcək. Sabiq nazirin ətrafından bu gün də vəzifədə qalanları var. Düşünürük ki, növbəti saxta ”zərərçəkən"in ortaya çıxması da onun ətrafının işidir. Rəşad Məmmədov onun üzərinə düşən işi vicdanla yerinə yetirib. Bu adamlar onun əmlaklarını ələ keçirmək üçün qanunsuz həbsinə nail oldular. Həmin ittiham aktı sifariş üzərində qurulub, Rəşad Məmmədovun həbsinə süni şəkildə əsas yaratmaq üçün tərtib olunmuşdu. Bunu hamı bilir. Artıq ədalətli qərar verməyin, saxta ittiham aktının ləğv olunmasının zamanıdır. Ümidimiz var ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyi məsələni şəxsi nəzarətə götürüb Rəşad Məmmədovun qanunsuz həbsinə son qoyacaq, onun azad edilməsinə göstəriş veriləcək".
Vəkil bildirib ki. R.Məmmədovun övladları da onun yolunu gözləyirlər: “Onlar da atalarının qanunsuz həbsdən azad olunması üçün dövlət qurumlarına durmadan müraciətlər edirlər”.
Qeyd edək ki, R.Məmmədov 2015-ci ilin mayında MTN əməkdaşları tərəfindən həbs olunub. O, Zabil Salmanov adlı Bakı sakininin əmlakını almaqda və pulunu ödəməməkdə ittiham edilirdi. Eldar Mahmudov vəzifəsindən qovulandan sonra isə Z.Salmanov Baş Prokurorluğa gedərək ərizə yazıb. Ərizəsində göstərib ki, R.Məmmədovun əleyhinə verdiyi ifadə ondan zor tətbiq etmək yolu ilə alınıb, “mahmudovçu”lar onu yalan ifadə verməyə məcbur ediblər. Bu səbəbdən də ifadəsinin yalan olduğunu əsas gətirərək R.Məmmədov barəsində cinayət təqibinin dayandırılmasını, onun azad olunmasını xahiş edib. Z.Salmanovun ərizəsinə hüquqi qiymət verilib-verilməməsi bəlli deyil.
Yada salaq ki, dekabrın 9-da R.Məmmədov və onunla birlikdə həbs edilən - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Səbayel Rayon Məhkəməsinin qərarı ilə onların hər birinin həbs müddəti 3 ay artırılıb.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər