13 saylı cəzaçəkmə müəssisəsində məhbuslar “donurlar”... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-01-2016, 20:51 | Şərh sayı: (0) | Baxılıb: 302
13 saylı cəzaçəkmə müəssisəsində məhbuslar “donurlar”...
Siyasi məhbusların yaxınları problemlərdən şikayətlənirlər; Rəsmi qurumlar isə inkar edirlər
Nigar Yaqublu: “Vəziyyət olduqca acınacaqlıdır”
13 saylı cəzaçəkmə müəssisəsində istilik və işıq sisteminin verilməsində ciddi problemlər yaranıb. “Azərişıq” ASC və “Azəriqaz” QSC, Penitensiar Xidmət kimi aidiyyatı qurumlar yayılan xəbərləri təkzib etsələr də, həmin müəssisədə cəza çəkən siyasi məhbusların yaxınları problemlərdən şikayətlənirlər.
Hazırda 13 saylı cəzaçəkmə müəssisəsində sabiq səhiyyə naziri Əli İnsanov və beynəlxalq təşkilatların siyasi məhbus saydığı Tofiq Yaqublu, Anar Məmmədli, İlkin Rüstəmzadə, Fərəc Kərimli, Əbdül Əzimov, Pərviz Həşimli cəza çəkirlər.
Yanvarın 8-də atası ilə həbsxanada görüşən Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu yayılan xəbərləri təsdiqlədi: “İşıq problemi qismən də olsa, həll olunub. Amma istilik sistemi kimi əbədi problem qalmaqda davam edir. Əgər o problemə də çarə tapılsaydı, yaxşı olardı. Qış fəslində məhbusların o şəraitdə saxlanılması doğrudan da işgəncədir. Görüş normal keçdi. Atamın ümumi vəziyyəti, səhhəti normaldır. Dostlara salamı var. Mövcud şəraitlə barışıblar. Soyuq şəraitdən baş çıxarmağa çalışırlar. Doğrudan da vəziyyət olduqca acınacaqlıdır”.
Müsavat başqanının həbsdəki digər müavini Fərəc Kərimlinin atası Raqif Kərimli hər şeyin qaydasında olduğunu söylədi: “Fərəc zəng etmişdi. Həmin problemi soruşduq. Elə bir problemin olmadığını bildirdi. Qaz da, işıq da var. Sadəcə, bir şeydən şikayətləndi. Əvvəllər Siracla Fərəc telefon vasitəsilə danışa bilirdilər. Amma 2-3 aydır ki, Sirac olan kalonda buna şərait yaratmırlar”.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin atası Asəf Məmmədov kameraların insan nəfəsi ilə isindiyini dedi. O, dedi ki, oğlu ondan tez-tez həbsxanaya qalın, isti paltar göndərməyi xahiş edir.
A.Məmmədlinin vəkili Elçin Sadıqov da problemlərin olduğunu bildirdi: “Dəfələrlə həmin müəssisədə saxlanılan şəxslərdən bu barədə məlumat almışıq. Orada belə hallar tez-tez yaşanır”.
“Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin atası Bəkir Rüstəmzadə müəssisənin istiliyi ilə bağlı problemlərin hərdən təkrar olunmasını inkar etmədiyini deyir. Ata bu halı həbsxananın təchizat qurğularının köhnə olması ilə əlaqələndirir.
“Orada işıqlarda bir az problem var. Otaqlar çox da istidir, demək olmaz. Axşam yatanda isti paltar geyinib, yatır”, - deyən gənc məhbusun atası oğluna hər 15 gündən bir isti paltar apardığını da bildirib.
Jurnalist Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov deyilən problemlərin cəzaçəkmə müəssisəsində olduğunu qeyd etdi.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov 13 saylı cəzaçəkmə müəssisəsində işıq və qazla bağlı problemin olmadığını bildirərək, bu barədə iddiaları təkzib edib.
O, məhbusların saxlanıldıqları binaların "istilik sistemi ilə təmin olunduğunu və hətta işıq kəsildiyi halda, 30 saniyə ərzində həbsxanadakı generatorların avtomatik işə düşdüyünü" dedi.
“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev 13 saylı cəzaçəkmə müəssisəsinə elektrikin verilişində problem yaşanmadığını bildirib: “Cəzaçəkmə müəssisəsinin daxilində, naqillərdə problem var idi. Bizim əməkdaşlar getdilər kömək etdilər və elektrik enerjisinin verilişi bərpa olundu”.
Qurum rəsmisi həbsxananın elektrik verilişinə olan tələbatının tam ödənildiyini də vurğulayıb.
“Azəriqaz” isə iddia edir ki, cəzaçəkmə müəssisəsinin mətbəxinə və qazanxanasına qazın verilişi tələbata uyğundur, mavi yanacağın verilişi ilə bağlı hər hansı məhdudiyyət və ya problem yoxdur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər