Hüquq müdafiəçiləri siyasi məhbusların əfvini gözləyirlər... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-12-2015, 08:54 | Şərh sayı: (0) | Baxılıb: 345
Hüquq müdafiəçiləri siyasi məhbusların əfvini gözləyirlər...
Vəkillər də siyasi motivlərlə həbs olunanların azadlığa buraxılmasının vacibliyini vurğulayırlar...
Yeni ildə əfv olacağı dəqiqləşib. Artıq İnsan hüquq məsələləri üzrə Birgə İşçi Qrup tərəfindən həbsdə olan şəxslərlə bağlı 22 nəfərlik siyahını yenidən Əfv Komissiyasına təqdim edib. Son olaraq Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə yüzdən çox məhbus əfv oluna bilər.
Əfvlə bağlı bütün səlahiyyətlərin prezidentə məxsus olduğunu bildirən A.Quliyev “Trend”ə açıqlamasında əlavə edib ki, dövlət başçısı belə məqamlarda həmişə çox böyük humanistlik göstərib: “Prezident bizim təqdim etdiyimiz siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb. Tam əksinə, o, siyahıya əlavələr edib. Ona görə də əminik ki, Prezident növbəti dəfə çox mühüm fərman imzalayacaq. Çoxlu sayda vətəndaşlarımızı yerdə qalan cəzalarından azad edəcək. Onları ailələrinə qovuşduracaq. Bununla da onların ailələrinə ikiqat sevinc bəxş edəcək”.
Hüquq müdafiəçiləri də ümidlidir. Hüquq müdafiəçisi Səadət Bənənyarlı musavat.com-a açıqlamasında bildirb ki, əfv siyashısına siyasi məhbusların salınacağına ümid edir: “Ümid edirəm, həm də arzulayıram ki, əfv olsun. Biz bir daha dövlət başçısına müraciət etdik ki, 22 siyasi məhbusun da adını əfv olunanların siyahısına salsın. Biz həmin şəxsləri azadlıqda görmək istəyirik. Bu gün cəmiyyətin diqqətində olan həmin şəxslərin yeni ilə qədər azadlığa çıxacağına ümid edirəm”.
Hüquq müdafiəçisi Səidə Qocamanlı isə qeyd edib ki, təqdim etdikləri siyahıdakı şəxslərin əfvə düşəcəyinə inanırlar: “Gözləyirik ki, həmin şəxslər əfvə düşəcəklər. Hər halda, o səlahiyyət prezidentindir. Elə bilirəm ki, o, hüquq müdafiəçilərinin işçi qrupunun xahişinə biganə qalmayacaq və o insanlar azadlığa buraxılacaq”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da musavat.com-a bildirib ki, dekabrın 29-dək əfvin verilməsini gözləyirlər: “Ümid edirik ki, o siyahıda siyasi məhbuslar da olacaq. Bu, humanist və böyük bir addım olardı”.
Əfv komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı isə Azvision-a deyib ki, növbəti əfv fərmanı ilə yüzdən çox məhbus azadlığa çıxacaq. Deputat bildirib ki, əfv üçün komissiyaya yüzlərlə müraciət daxil olub: “Bu dəfə müraciətlər əvvəlki illərlə müqayisədə çoxdur. Artıq komissiya işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı Azərbaycan Prezidentinə təqdim olunub”.
Vəkillər də əfv fərmanına siyasi məhbusların düşməsinin vacibliyini qeyd edirlər. Tofiq Yaqublu, Sirac Kərimli və Fərəc Kərimlinin vəkili olan Nemət Kərimli musavat.com-a bildirib ki, hüquqlarını müdafiə etdiyi hər üç şəxs azadlığa buraxılmalıdır: “Vəziyyəti düzgün qiymətləndirsək, hər dəfə bayramqabağı hökumət nümayəndələri əfv olacağını bildirsələr də, bu, hər dəfə reallaşmır. Onlar bu cür açıqlamalarla cəmiyyətdə yumşalma, yüngüllük yaratmaq istəyirlər. Buna görə məncə, əfv ehtimalı inandırıcı deyil. Müdafiə etdiyim şəxslərə gəlincə isə, onlar qanunsuz olaraq həbs ediliblər, biri üç ildir, ikisi isə bir ildən artıqdır ki, həbsdədirlər. Humanizm prinsipi ilə məsələyə yanaşdıqda, onlar azadlığa buraxılmalıdırlar”. İlqar Məmmədov və Tofiq Yaqublunun vəkili Fuad Ağayev isə proqnoz vermək niyyətində olmadığını vurğulayıb.
“Nigar Yaqublu deyirdi ki, "əvvəllər hər bayramda ümidlə gözləyirdik ki, əfv olacaq, atamız gəlib çıxacaq. Neçə bayramları beləcə yola salandan sonra artıq hər şeyi axarına buraxdıq". Biz qarşımızdakı bu təcrübəli insanları görüb lap ilk günlərdən heç nəyə ümid etmədik". Bunu həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin qızı Nərmin Kamilsoy azadliq.org-a bildirib. Onun sözlərinə görə, atası belə tezliklə azad olunmaq üçün həbs edilməyib. İntiqam Əliyevin onlara ismarışı da olub,"tezliklə buraxılmağımı gözləməyin" deyib: “Bilirdik ki, tutublarsa, saxta cinayət işi açılacaq, saxta cinayət işi varsa, saxta da məhkəmə olacaq, ətrafda bu qədər saxta adamlar varsa, 7-8 il də iş verəcəklər. Əfv gözləmək bizim üçün çox tezdir, biz indi artıq 3 ilə yaxındır ki, həbsdə olan Rəşadətin, Rəşadın, Ömərin, Məmmədin, İlkinin, Tofiq Yaqublunun, Anar Məmmədlinin və digərlərinin azadlığa çıxmasını gözləyirik. Bizim zamanımızın dolmasına hələ var”.
Nərmin Kamilsoy əlavə edib ki, öncə adını çəkdiyi şəxslər azadlığa buraxılmalıdır. İntiqam Əliyevin adı əfv siyahısına düşməsə belə, nə onunçün, nə də ailəsi üçün psixoloji baxımdan dəyişən bir şey olmayacaq. Qızı belə düşünür: “Amma fiziki baxımdan onunçün çox şey dəyişəcək. Azadlıqda olanda işlərdən vaxt tapdıqca mütəmadi müalicələr alırdı, həbsxanada isə səhhəti hər gün bir az da geriləyir. Orada müayinə, müalicə tamamilə mümkünsüzdür, nə vaxta qədər həbsxanada xəstəliklərinə dəf gələ biləcəyini bilmirik. Hər halda nə xəstəlikdən, nə də orda həbsxanada olmaqdan şikayətlənmir”.
“Rəsul pozitivdir, əfv olmasa da ovqatı pozulmaz”. 1 il 4 aydır həbsdə olan digər hüquq müdafiəçisi Rəsul Cəfərovun ailəsi də gözünü əfv yolundan yığıb. “2 dəfə əfv fərmanı oldu, amma Rəsulun adı siyahıya düşmədi”. Bunu qardaşı Sənan Cəfərov deyir. Onun sözlərinə görə, Rəsulun həbsindən sonra ilk əfvlərdə gözləntiləri olub: “Bu gün Rəsulla görüşdüm, əfv barədə danışdıq, heç nə bilmir, dedi ki, ”yaşayarıq, görərik". Sənan Cəfərov deyir ki, Rəsul xaraktercə optimistdir: “Rəsul pozitiv insandır, inanmıram ki,əfvə düşməsə belə, bu, onun ovqatını pozsun”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər